"Ermənilərin törətdiyi hadisə türklərə qarşı pataloji nifrətin göstəricisidir" ŞƏRH-ÖZƏL
“Qazaxıstanda ermənilərin törətdiyi hadisəyə onların istənilən türkdilli xalqa qarşı pataloji nifrət hissinin olması kontekstindən baxmaq lazımdır. Çünki onlar bunu heç vaxt gizlətməyiblər”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Sahil İsgəndərov deyib.
Politoloq bildirib ki, ümumiyyətlə, ermənilər və onların ideoloqlarında türkdilli xalqların həmişə qıcıq doğurması faktı hələ 1989-cu ilə gedib çıxır: “O vaxtlar, hər kəsin tanıdığı Zori Balayan Qorbaçova məktub ünvanlamışdı ki, azərbaycanlıları Cənubi Qafqazdan Qazaxıstana, Mərkəzi Asiyaya köçürmək lazımdır. Qoy, gedib orada özlərinin Turan dövlətini yaratsınlar. Bütün bunlar göstərir ki, hər zaman istər azərbaycanlılara, istərsə də digər türkdilli xalqlara qarşı ermənilərdə çox əcaib yanaşma və nifrət hissi olub. Doğrudur, onlar bunu bir çox hallarda məharətlə gizlətməyi bacarıblar. Amma məsələ burasındadır ki, istər Azərbaycan, istər Türkiyə, istərsə də Mərkəzi Asiyada yerləşən türkdilli ölkələrdə yaşayan bizim millət hər zaman, dinc, mehriban qonşuluq siyasətinə sadiq olub. Bu özəllikləri bir məfhum kimi öz siyasətlərində millət və xalq olaraq qoruyub saxlayıblar. Görünür, ermənilər də hər zaman bu özəlliklərimizdən məharətlə sui-istifadə edib və hələ də etməyə cəhd edirlər”.
S.İsgəndərov söyləyib ki, ermənilər türklərə qarşı olan nifrətini zaman-zaman öz niyyətlərində göstərməyə çalışıblar: “Mən yenə də keçmişə qayıdıb Fərqanə hadisələrindən danışmaq istəyirəm, bildiyiniz kimi 1989-cu ildə Özbəkistanda, yerli əhali ( özbəklər) məshəti türklərinə qarşı talan və qırğınlar törətmişdi. Məsələ burasındadır ki, həmin fəsadın törədilməsində birbaşa ermənilərin rolu var idi. Faktlar sübut edir ki, konkret olaraq ermənilər orada katalizator rolunu oynamış, özbəkləri məshəti türklərinə qarşı qaldırmış və onlar arasında ədavət yaratmışdılar. Təsəvvür edin ki, nə qədər məshəti türkü yurdundan köçməyə məcbur qalmışdı. Onların da bir hissəsi məhz Azərbaycanda məskunlaşmışdı”.
Ermənilərin böyük bir hissəsinin həmişə bu cür təxribatlara əl atdığını dilə gətirən politoloqun sözlərinə görə, cari ilin yanvarın 1-i Qazaxıstandakı restoranların birində baş verən hadisə bir daha göstərdi ki, ermənilər harada məskunlaşmasından asılı olmayaraq, bir balaca özlərində güc hiss etdikdə və ya ümumi situasiyaya təsir göstərmə gücünə sahib olduqda onları tanımaq qeyri-mümkün olur: “Dünənə qədər hər kəsin nökəri, qulu olan erməniləri indi tanımaq mümkün deyil. Onlar üzlərindəki maskanı bir kənara atır və öz mahiyyətlərini, iç üzlərini ifşa edirlər”.
S. İsgəndərov qeyd edib ki, ermənilərdə türkdilli xalqlara, xüsusən Azərbaycan və Türkiyə türklərinə qarşı konkret olaraq pataloji nifrət var: “Doğrudur, onlar bunu müəyyən müddət ərzində məharətlə gizlədirlər. Lakin belə məqamlarda, bütün mahiyyətlərini ortaya qoyurlar. Düşünürəm ki, türkdilli xalqlar ehtiyatlı olmalıdırlar. Onlar ümumiyyətlə erməni icmalarının, erməni kriminal aləminin, erməni mafiyasının, erməni iqtisadiyyatının inkişaf etməsinə imkan verməməli və buna şərait yaradılmamalıdırlar. Müasir dövr özü sübut edir ki, ermənilərə və erməni ideoloqlarına qarşı ancaq belə mübarizə aparmaq olar, başqa cür mümkün deyil. Əks halda, biz Qarabağ kimi problemlərlə qarşılaşacağıq”.
Ekpert vurğulayıb ki, baş verən hadisələr fonunda Qazaxıstan-Ermənistan münasibətlərinə çoxdan xələl gəldiyini söyləmək mümkündür:
“Çünki KTMT çərçivəsində, Qazaxıstanın Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini Ermənistan Qazaxıstana heç vaxt bağışlamayacaq. İmkan tapan kimi, Ermənistan mütləq çalışacaq ki, Qazaxıstana “badalaq” gəlsin. Çünki KTMT çərçivəsində konkret olaraq Nazarbayev və Lukaşenkonun Ermənistanın təcavüzkar siyasətinə qarşı çıxışlarını, Ermənistan dövləti qətiyyən qəbul etməyəcək. Qazaxıstan hakimiyyəti bunu heç zaman yaddan çıxarmamalı və ehtiyatlı olmalıdır. Qazaxıstanda baş vermiş təxribat hadisəsinin digər ucu Ermənistanla Qazaxıstan arasında olan bu mövqe qarşıdurmasına gedib çıxa bilər. Hələlik, bunu dəqiq bilmək olmaz. Yəqin ki, bu ehtimal da köklü surətdə araşdırılmalıdır. Çünki ermənilərin təxribatı hər zaman belədir. Ermənistan Azərbaycanın haqlı mövqeyini müdafiə edən və Ermənistanın yersiz ərazi iddialarına qarşı olan istənilən dövləti özünün düşmən dövlətləri siyahısına əlavə edir. Bax, bunu Qazaxıstan hakimiyyəti heç vaxt unutmamalıdır. Mən düşünmürəm ki, Qazaxıstan bu hadisəyə düşmənçilik adı verəcək, lakin Ermənistan, əksinə, buna düşmənçilik donu geyindirəcək. Hətta Ermənistanda, baş verən hadisəni Qazaxıstanın Azərbaycanın haqlı mövqeyini müdafiə etməsinə gətirib çıxaran bəzi qüvvələr də meydana gələcək. Burada, KTMT- də, Azərbaycanın ədalətli mövqeyinin müdafiəsi də ortaya çıxacaq və ermənilər, azərbaycanlılarla qazaxların eyni kökə malik, türkdilli xalqlar olduğunu da ortaya ataraq şişirdəcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB