Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədi daşıyır. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında təbii ki, ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır.
“Bakı Prosesi” artıq qlobal hərəkata çevrilib
2008-ci ilin 2-3 dekabr tarixində Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına 10 islam ölkəsi dəvət edildi və beləliklə də islam dövlətlərinin iştirakı ilə mədəniyyət nazirlərinin konfransı yeni bir formata transformasiya olundu. Mədəniyyətlərarası dialoqunun təşviqinə dair "Bakı Bəyannaməsi”nin bu konfransda qəbul edildiyinə Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələri də şahiddir.
2009-cu il 13-15 oktyabr tarixində Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI Konfransında Azərbaycanın təşəbbüsü ilə 10-dan çox Avropa dövləti də iştirak edirdi ki, bu da “Bakı Prosesi”nin davamlılığının təmin edilməsi demək idi. Bakı Prosesi artıq 2010-cu ildən etibarən qlobal hərəkata çevrilməyə başladı. Həmin ilin, yəni 2010-cu ilin 23 sentyabr tarixində BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi elan edildi.
Artıq 2011-ci ilin 7-9 aprel tarixində Bakıda YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESKO-nun tərəfdaşlığı ilə 1-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olundu. Təsadüfi də deyildi ki, Forumda 102 ölkədən rəsmi nümayəndə, 10-dan çox beynəlxalq qurumdan rəhbər şəxs, 20 ölkədən nazir, məşhur media qurumlarının nümayəndələri və ümumilikdə dünyanın bütün qitələrindən 500-ə yaxın xarici ölkə təmsilçisi iştirak edirdi.
Bakıda 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2013-cü ilin 29 may - 01 iyun tarixində “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” şüarı altında keçirildi. YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESKO ilə yanaşı, BMT-nin Ümumdünya Turizm Təşkilatı da Forumun təşklində əsas tərəfdaş qismində çıxış edirdi.
Növbəti, yəni 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu isə 18-19 may 2015-ci il tarixdə Bakı şəhərində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası və İSESKO-nun birgə tərəfdaşlığı ilə "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" devizi altında təşkil olundu. Bu dəfəki, yəni, 3-cü Forumun dəvət məktubları Azərbaycan tərəfi ilə yanaşı, YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı və BMT-nin Ümumdünya Turizm Təşkilatının rəhbərləri tərəfindən imzalanmışdı ki, bu heç də təsadüfi deyildi və sözsüz ki, geniş miqyasda foruma olan marağı ifadə edirdi.
Sonuncu, 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu isə 2017-ci il 4-6 may tarixində Bakı şəhərində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və İSESKO-nun birgə tərəfdaşlığı ilə “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda təşkil olunub. Forumda iştirak etmək üçün 120-dək ölkə rəsmisinin, 39 beynəlxalq təşkilatdan nümayəndələrinin, 50-dən çox qeyri-hökumət təşkilatının qeydiyyatdan keçməsi, ümumilikdə tədbirdə təqribən 800-dən çox xarici nümayəndənin iştirakı forumun əhəmiyyətindən və qlobal miqyasda foruma olan maraqdan xəbər verir.
“Bakı Prosesi” dünyanı narahat edən qlobal məsələlərin müzakirə olunduğu bir platformadır
Azərbaycan Prezidentinin himayəsi ilə iki ildən bir Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESKO, Avropa Şurasının birgə tərəfdaşlığı ilə təşkil edilən yeganə platformadır ki, dünyanı narahat edən problemlər müzakirəyə çıxarılır. Daha dəqiq desək, Azərbaycan dünyada mədəniyyətlərarası dialoq mərkəzinə çevrilib.
Artıq “Bakı Prosesi” dünyanı narahat edən qlobal məsələlərin müzakirə olunduğu bir platformaya çevrilib. Burada dünyanın bir çox ölkələrindən məşhur siyasətçilər, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, nüfuzlu ictimai-siyasi xadimlər bir araya gəlir və dünyanı narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparır, yaranmış problemlərin həlli yollarını axtarırlar. “Bakı Prosesi” təşəbbüsü çərçivəsində təşkil olunan forumlarda keçirilən sessiyalarda dünyanı ən çox narahat edən qlobal problemlər, bəşəriyyətin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən məsələlər, insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlər arası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi və digər məsələlər müzakirə olunur.
Ölkəmizin sülhsevər, tolerant ölkə olduğunun təsdiqi və beynəlxalq aləmdə nüfuzunun getdikcə daha da artmasında “Bakı prosesi”nin rolu danılmazdır
Keçirilən forumlar bir daha təsdiq etdi ki, “Bakı Prosesi” getdikcə daha geniş məsələləri əhatə edir və bu baxımdan beynəlxalq aləmdə nüfuz sahibi olan iştirakçıların sayı da artır. Dünyanı narahat edən problemlərin dinc yolla, danışıqlar yolu ilə həllinin mümkünlüyü, buna inanan qüvvələrin çoxluğu və get-gedə daha da artması ilə öz təsdiqini tapır. Ən sevindirici və qürurverici isə odur ki, Azərbaycanın bir dövlət kimi bu proseslərin fəal iştirakçısı və ələlxüsus təşkilatçısıdır. Bu isə öz növbəsində ölkəmizin sülhsevər, tolerant bir ölkə olduğunu təsdiq edir və beynəlxalq aləmdə nüfuzunu getdikcə daha da artırır. Daha dəqiq desək, ölkəmizin sülhsevər, tolerant ölkə olduğunun təsdiqi və beynəlxalq aləmdə nüfuzunu getdikcə daha da artmasında “Bakı Prosesi”nin rolu danılmazdır.
Xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında bu gün nümunə kimi göstərilə bilər. Çünki, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni müxtəlifliyə dəstəyi tərənnüm edir. Mədəniyyətlərarası Dialoq Forumu dövlət başçımızın dünya miqyasında sülh və dialoqa, əməkdaşlığa çağırış siyasətini dəstəklədiyinin təsdiqidir.
Ölkədə milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, Azərbaycan xalqının güc mənbəyidir
Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri milli, etnik və dini mənsubiyyətlərindən asılı olmayaraq əsrlər boyu bir ailə kimi yaşayırlar və bunu bütün dünya ictimaiyyəti də çox gözəl bilir. Prezident İlham Əliyevin dediyi kimi, ölkədə milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, Azərbaycan xalqının güc mənbəyidir. Heç də təsadüfi deyil ki, çox zəngin tarixi və mədəni irsi, dini və sosial tolerantlıq ənənələri olan Azərbaycan hazırda, mədəniyyətlərarası dialoq, dünya mədəniyyətlərinin və sivilizasiyaların qarşılıqlı təsiri məkanına uğurla transformasiya olunur, özünün zəngin təcrübəsini dünya ictimaiyyətinə təklif edir.
Dünyada milli, irqi, dini və mədəni ziddiyyətlərin daha da artdığı, ekstremist düşüncə tərzinin genişləndiyi bir dövrdə “Bakı Prosesi” dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışı, əməkdaşlıq və dialoqu təşviq edən platforma və layihələri birləşdirən qlobal xoşməramlı çağırışdır. Bir sözlə, “Bakı Prosesi” həm multikultural, həm də interkultural beynəlxalq və yerli fəaliyyətlərin davamlı məcmusudur. Deməli, “Bakı Prosesi” qlobal əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir, deməli, multikulturalizmin müasir dünyada alternativi ola bilməz. Çünki, mültikulturalizm olmadığı təqdirdə, yaxud, iflasa uğradığı halda bunun nəticəsi, ayrı-seçkilik, irqçilik, ksenofobiya, islamofobiya və antisemitizm olmalıdır. Təbii ki, bütün bunlar da heç bir dünya dövləti, qlobal mühit üçün arzuolunan deyil.
Hər bir məsələnin sülh, əmin-amanlıq, ən əsası beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllində maraqlı olan Azərbaycan bu mövqeyi ilə regionda sabitləşdirici faktor olduğunu bir daha təsdiqləyir və “Bakı Prosesi” bunun əyani sübutudur. Bu proses sübut etdi ki, dünyanın bir çox ölkələri layihəyə dəstək verməklə onun təşəbbüskarı ilə həmrəy olduqlarını da etiraf edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB