Ermənistanda növbəti sosial partlayış proqnozları reallaşır

Ermənistanda növbəti sosial partlayış proqnozları reallaşır

Nikol Paşinyanın xarici siyasətdə buraxdığı ardıcıl səhvləri daxili siyasətinə də ciddi təsir göstərir

Ermənistanda 8 ay öncə baş vermiş “inqilab” sadə xalqın güzəranına heç bir müsbət təsir bağışlamayıb. Belə ki, ölkədə durmadan artan qiymətlər, milli valyutanın öz “dəyərini” çoxsaylı sıfırlarla “saxlaması”, xalqın gündəlik tələbat mallarından məhrum qalması, eləcə də müxtəlif tariflər üzrə qiymət artımları vəziyyətin gərginliyindən xəbər verir. Bütün bunlar Nikol Paşinyanın yenicə oturduğu hakimiyyət kreslosunu laxlatmağa başladıb. Artıq, erməni mətbuatı da həyəcan təbili vurmaqla, hadisələrin heç də yaxşılığa doğru getmədiyi siqnallarını verməyə başlayıblar.

“Joxovurd”: “Üçuncü qrup əlillər pulsuz dərman ala bilmək hüququndan məhrum ediliblər”

“Joxovurd” qəzetinin yazdığına görə, Ermənistanın müvafiq poliklinikalarından hər ay pulsuz dərman alan 3-cü qrup əlilləri kifayət qədər ağır vəziyyətdə qalıblar. SİA erməni nəşrinə istinadən xəbər verir ki, onlar ərazilərində yerləşən poliklinikalara gedərkən, öyrəniblər ki, artıq pulsuz dərman ala bilməyəcəklər.

“Redaksiyaya müraciət edən vətəndaş deyib ki, ona yalnız resept yazaraq, ən yaxşı halda, 50%-lik endirim kuponu verə bilərlər ki, 50% öz hesabına, 50% də dövlətin hesabına lazım olan dərmanlarını alsın”, deyə qeyd edən “Joxovurd” həmçinin yazır ki, bununla yanaşı, poliklinikaların əməkdaşları endirim kuponlarını verərkən, əlilləri müəyyən olunmuş apteklərə göndəriblər. “Belə çıxır ki, artıq bundan sonra üçuncü qrup əlillər pulsuz dərman ala bilmək hüququndan məhrum ediliblər və onlar ağır vəziyyətdə qalacaqlar”, erməni qəzeti yazır.

“Past”: “Baş nazir məsələ ilə bağlı susmağı tapşırıb”

Ermənistanın digər nəşri – “Past” qəzeti isə yazır ki, son günlər ölkədə qazın qiymətinin artması ilə bağlı kütləvi söz-söhbətlər getməkdədir. Həmçinin qeyd olunur ki, hakimiyyət tərəfindən məsələ ilə bağlı səsləndirilən rəsmi bəyanatlar kifayət qədər qapalı və prinsipcə, yox səviyyəsindədir. “Bizim inanılmış mənbəmizə görə, baş nazir tərəfindən energetik infrastruktur və təbii resurslar nazirliyinin vəzifəli şəxslərinə, eləcə də, hökumətin bu mövzu ilə əlaqəli digər məmurlarına qaz tarifi məsələsi barədə maksimal şəkildə susmaq tapşırığı verilib. Yalnız, çıxılmaz vəziyyətdə deyilə bilər ki, “danışıqlar prosesi davam edir”, deyə erməni nəşri yazır.

“Belə bir nəzər nöqtəsi də var ki, hətta hakimiyyətin özü gələcəkdə nəyin-necə olacağını bilmir, başqa tərəfdən isə, panik vəziyyətin yaranmaması üçün müxtəlif cəhdlər edir ki, süni gözləntilərdən qaçınsın”, deyə “Past” yazıb.

Görünən isə budur ki, Ermənistan hakimiyyətinin rəhbərliyi, xüsusilə Nikol Paşinyanın son 8 ayda buraxdığı ardıcıl səhvləri, erməni ictimaiyyətinə verdiyi boğazdan yuxarı vədləri yerinə yetirilməmiş qalıb. Onun xarici siyasətdə buraxdığı ardıcıl səhvləri artıq daxili siyasətinə də ciddi şəkildə sirayət etməkdədir. Belə olan halda, ölkənin növbəti sosial partlayış astanasında olduğunu proqnozlaşdırmaq mümkündür. Hər halda, reallıq da budur.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə