"Azərbaycanın adı növbəti dəfə əsassız bir qalmaqalda hallandırılmağa çalışılır" MÖVQE-ÖZƏL

"Azərbaycanın adı növbəti dəfə əsassız bir qalmaqalda hallandırılmağa çalışılır" MÖVQE-ÖZƏL

"Azərbaycanın adı növbəti dəfə əsassız bir qalmaqalda hallandırılmağa çalışılır. İddialar hər zaman olduğu kimi heç bir fakta söykənmir və böhtan xarakterlidir". Bu fikirləri SİA-ya politoloq Nəzakət Məmmədova "The Guardian" nəşrində Azərbaycanla bağlı yazılanlara münasibət bildirərkən deyib.

O bildirib ki, burada əsas məqsədlər çox müxtəlif ola bilər: "Azərbaycanın yeritdiyi müstəqil xarici siyasət kursundan döndərib onu öz xeyrinə dəyişmək üçün ölkə rəhbərliyinə təzyiqlərin göstərilməsi, Azərbaycandan gedən bir neçə ABŞ neft şirkətinin yerini İngiltərə şirkətlərinin güzəştli şərtlərlə tutması üçün təzyiq və təsir göstərilməsi, eyni zamanda Yaxın Şərqdə Qərbə və onun neft şirkətlərinə, xüsusilə Britaniya şirkətlərinə rəqib olan Türkiyə, İran və Rusiya ilə dostluq və əməkdaşlıq edən Azərbaycanı nüfuzdan salmağa çalışmaq planları və s".

Onun sözlərinə görə, Skripal hadisəsindən sonra Rusiya ilə, ABŞ-ın sanksiya tətbiq etməsindən sonra isə İranla münasibətləri pisləşən İngiltərənin Türkiyə ilə münasibətləri də qaydasında deyil: "Bu ölkələrin qonşusu və dostu Azərbaycanı təzyiq altında saxlamağa çalışmaqla, onlara da təsir göstərilə biləcyinə ümid edir. Digər tərəfdən, Ermənistanın İngiltərədə səfiri olmuş Armen Sarkisyan ölkəsinin prezidenti olduqdan sonra da biznesmen kimi Britaniyanın bəzi dairələri ilə əlaqələrini davam etdirir. Hətta, o, İngiltərəni öz tərəfinə çəkmək üçun kral ailəsinin üzvlərinə Amulsar qızıl mədənində pay verməyə də hazır olmuşdu. Belə bir şəraitdə, təəssüf ki, erməni diasporasının və prezidentinin bu ölkədə bəzi dairələrlə olan sıx əlaqələri Azərbaycana da təsirsiz ötüşməyə bilər".

N.Məmmədova qeyd edib ki, Britaniya mətbuatı, xüsusən "The Guardian" nəşri Baronessa Koksun suveren Azərbaycanın sərhədlərini pozub Qarabağa getməsindən, İngiltərənin Halo Trust təşkilatının Qarabağdakı fəaliyyətindən yazsa, daha doğru olardı: "Sübuta, dəlilə söykənməyən məlumatların yayılması isə bu media orqanının kimlərinsə əlində ölkəmizə qarşı alət olduğunu deməyə əsas verir".

Politoloq vurğulayıb ki, "The Guardian" sol mərkəzçi, liberalyönümlü qəzetdir və tez-tez qalmaqallı materiallarla çıxış etməsi heç kimə sirr deyil: "Onun İsrailə qarşı mövqeyi, antisemit media orqanı olması da tənqidçilər tərəfindən daima qeyd edilib. Bu baxımdan Azərbaycanın İsraillə normal münasibrtlərinin olması da "The Guardian"ın anti Azərbaycan yazılarının motivlərindən biri ola bilər".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə