Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev "Türkiye Petrolleri Anonim Ortaqlığı" (TPAO) şirkətinin prezidenti Mehmet Uysalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. ARDNŞ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, R.Abdullayev TPAO ilə ARDNŞ-nin uzun müddət ərzində "Azəri-Çıraq-Günəşli", "Şahdəniz", "Bakı-Tiflis-Ceyhan" kimi layihələr çərçivəsində tərəfdaşlıq etdiklərini bildirib. Həmin layihələrin bu gün də uğurla davam etdiyini söyləyib.
Öz növbəsində ARDNŞ ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən M. Uysal "Ümid" yatağının kəşf edilməsində Azərbaycan Dövlət Neft Şirkəti kollektivinin əməyini yüksək qiymətləndirərək, bu hadisə münasibəti ilə Şirkət rəhbərliyinə öz təbriklərini çatdırıb. TPAO-nun Azərbaycandan başqa bir çox digər ölkələrdə də fəaliyyət göstərdiyini qeyd edən qonaq şirkətin bir sıra xarici layihələri barədə azərbaycanlı həmkarına ətraflı məlumat verib. TPAO-nun Türkiyə ictimaiyyətinin böyük etimadını qazanmış dövlət şirkəti olduğunu vurğulayan Mehmet Uysal, onun genişləndirilərək inteqrasiya olunmuş şirkət kimi fəaliyyət göstərməsi istiqamətində atılan addımlar barədə danışıb. O, ARDNŞ-in Azərbaycan və Türkiyədə həyata keçirdiyi layihələri diqqətlə izlədiklərini və həmin layihələrə böyük maraq göstərdiklərini qeyd edib.
Son illər ölkənin neft-qaz, neft emalı və neft-kimya sənayesində qazanılan uğurlardan bəhs edən R. Abdullayev, bu uğurlarda ARDNŞ-in böyük əməyinin olduğunu söyləyib. O, şirkətin ölkə daxilində planlaşdırdığı işlərdən danışıb, həmçinin Gürcüstan, Türkiyə, Ukrayna və digər ölkələrdə həyata keçirdiyi investisiya layihələri barədə qonağa ətraflı məlumat verib.
İki şirkət arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparan R. Abdullayev və M. Uysal sonda qarşıdan gələn yeni il münasibətilə bir-birilərini təbrik ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB