Rusiya KİV-i Azərbaycan MN-nin bəyanatını yaydı "Kommersant"ın yalanı

Rusiya KİV-i Azərbaycan MN-nin bəyanatını yaydı "Kommersant"ın yalanı

Azərbaycan Rusiya tərəfi ilə “Bal-E” sahil raket kompleksinin əldə olunması ilə bağlı danışıqlar aparmayıb. SİA xəbər verir ki, Azərbaycanın Müdafiə Nazirliyinin bəyanatını Rusiyanın İTAR TASS agentliyi yayıb. Məlumatda bildirilir ki, Rusiyanın Azərbaycana sözügedən raket kompleksini satmaqdan imtina etməsi ilə bağlı Azərbaycanın Müdafiə Nazirliyi rəsmi bəyanat yayıb və həmin bəyanatda bildirilir ki, kompleksin alınması ilə bağlı Rusiya ilə heç bir danışıqlar aparılmayıb. “Rəsmi şəkildə bəyan edirik ki, biz tərəfdən “Bal-E” raket kompleksinin alınması ilə bağlı danışıqlar aparılmayıb və belə bir məqsəd də olmayıb”, deyə MN-nin bəyanatı ictimailəşdirilib. Həmçinin qeyd olunub ki, Azərbaycan MN-in bəyanatında Xəzər dənizi sektorunda təhlükəsizliyin təminatı üçün müxtəlif ölkələrin müdafiə sistemləri və raket kompleksləri istifadə edilir.

Xatırladaq ki, ötən gün “Kommersant” qəzeti Rusiyanın Azərbaycana adıçəkilən silahı satmaqdan imtina etməsi ilə bağlı yazı dərc etmişdi. İddia olunmuşdu ki, həmin sistemlər guya Rusiya Xəzər flotiliyasının bu ölkəyə məxsus ərazi sularında müəyyən risklərə səbəb ola bilər və s.

Lakin Azərbaycan MN-nin rəsmi bəyanatından sonra Rusiyanın aparıcı KİV-ləri həmin bəyanatı yayaraq, bu informasiyanın həqiqətəuyğun olmadığını ictimailəşdiriblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə