"Hələ uzun müdddət Ermənistanda sabitliyin olması mümkün olmayacaq" MÖVQE-ÖZƏL

“Ermənistanda hakimiyyət böhranının yaşanması ehtimalı getdikcə artır. Bu gün də Ermənistanda faktiki olaraq böhran var. Amma söhbət daha uzun müddətli prosesdən gedir”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, dekabrın 9-da Ermənistanda keçiriləcək parlament seçkilərində Paşinyanın rəqibləri sakit durmayacaq və hazırda onlar ciddi şəkildə fəaliyyət göstərirlər: “Paşinyanın gözdən salınması üçün bütün ölkə boyu təbliğat prosesi gedir. Keçirilən ayrı-ayrı aksiyalarda da Paşinyan tərəfdarlarının kifayət qədər azaldığının şahidi oluruq. Amma proseslərdən bütövlükdə köhnə hakimiyyətin, hərbi cinayətkar xuntanın üstünlük əldə edəcəyini də gözləmək doğru olmazdı”.

E. Mirzəbəyli söyləyib ki, siyasi oyunçuların parlamentdə sayı arta bilər: “Bildiyiniz kimi seçkilərə qatılan bir sıra partiyalar içərisində ən müxtəlif qütbdən idarə olunan siyasi təşkilatlar var ki, bu baxımdan ola bilsin Paşinyan parlamentdə çox az səs çoxluğu ilə üstünlüyə sahiblənsin”.

Seçkilərdən sonra baş verəcək proseslərin əsasən Paşinyan tərəfdarları ilə respublikaçılar arasında gedəcəyini deyən siyasi şərhçi vurğulayıb ki, ən kritik vəziyyətlərdə parlamentin mühüm qərarlarının 2/3 səs çoxluğu ilə qəbul olunduğunu nəzərə alsaq, o zaman parlamentdəki azlığın Paşinyan üçün gələcəkdə kifayət qədər ciddi problem yarada biləcəyini düşünə bilərik: “Burada məsələyə iki aspektdən - Ermənistanın daxili prosesinə və onun xarici siyasətinə necə təsir etməsi baxımından baxmaq olar”.

E. Mirzəbəyli qeyd edib ki, əgər Ermənistanda hər hansı sabit hakimiyyət mövcud olmayacaqsa, bu nəticə etibarı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda da özünü birüzə verəcək: “Dağlıq Qarabağ, Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı məsələnin gələcək Ermənistan parlamentində monipulyativ siyasi təzyiq vasitəsinə çevrilə biləcəyi ehtimalı da var. Bütün bunlar şübhəsiz ki, gözlənilən ehtimallardır ”.

Siyasi şərhçi əlavə edib ki, ayın 9-da keçiriləcək seçkilərdə hətta Paşinyanın hansısa səs çoxluğu ilə üstünlük əldə etməsinə baxmayaraq, Ermənistanda hələ uzun müddət sabitliyin normal səviyyəyə qədəm qoyması mümkün olmayacaq: “Çünki proses sadəcə siyasi qüvvələrlə bağlı olan məsələ deyil, prosesin əsasında Ermənistanda sosial, iqtisadi böhran və bu ölkənin işğalçılıq siyasətinin nəticəsində blokada vəziyyətində olması, bu blokadadan çıxmaq istiqamətində Azərbaycanın bilavasitə iştirakı ilə atılan müxtəlif addımların nəticəsiz qalması, Ermənistanın söykəndiyi, arxalandığı hərbi siyasi blokda təklənməsi və öz maraqlarını qoruya bilməməsi kimi kifayət qədər ciddi faktorlar dayanır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə