Mahmud Kərimov: “Doktorantura diplomlarının xarici ölkələrdə tanınması ilə bağlı ciddi problem yaşanmayacaq” - AÇIQLAMA

Mahmud Kərimov: “Doktorantura diplomlarının xarici ölkələrdə tanınması ilə bağlı ciddi problem yaşanmayacaq” - AÇIQLAMA
"Doktoranturanın ilk pilləsi fəlsəfə doktoru proqramı üzrədir. Bu da hardasa keçmiş elmlər namizədi elmi dərəcəsinə uyğun gəlir, ancaq elmlər doktoru dərəcəsi elə keçmişdəki elmlər doktoru dərəcəsinə uyğun gəlir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib. O, doktoranturaya aspirantura kimi yanaşılmanı da müəyyən qədər qəbul etdiyini söyləyib. M.Kərimovun sözlərinə görə, əgər fəlsəfə doktoru elmləri namizədi deməkdirsə, onda doktoranturanın birinci pilləsi də aspiranturadan çox az fərqlənir: "Demək olar ki, aspiranturadır, burada sadəcə olaraq söhbət vahid unifikasiyadan gedir. Yəni, elmi dərəcələr Avropada, dünyada necədirsə, Azərbaycanda da həmin elmi dərəcələr tətbiq olunmalıdır".

AMEA prezidenti doktorantura təhsilli insanların diplomlarının xaricdə tanınmasına da münasibət bildirib. O vurğulayıb ki, Azərbaycanda doktorantura iki mərhələli olduğu üçün onun diplomlarının xarici ölkələrdə tanınması ilə bağlı ciddi problem yaşanmayacaq. M.Kərimovun fikrincə, ölkələr arasında ikitərəfli danışıqlar nəticəsində bu məsələni həll etmək mümkündür.

"Azərbaycanla hansısa ölkə arasında təhsil sahəsində əməkdaşlığa dair müqavilə imzalanarkən oraya diplomların tanınması ilə bağlı bənd də əlavə olunur. Bütün ixtisaslarımız UNESCO-nun ixtisaslarına uyğunlaşdırılır. Doktorluq dissertasiyalarına olan tələbat bizdə Avropa ölkələrindən daha yüksəkdir. Ona görə də xarici ölkələr bizim diplomlarımıza çox ehtiramla yanaşırlar, tanıyırlar və qəbul edirlər", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə