Qanunsuz səfərlərin qarşısı hüquqi çərçivədə alınmalıdır TƏHLİL
Bir-birinin ardınca Bako Saakyanın Minsk Qrupu həmsədri olan ölkələrə səfərlər etməsi heç də təsadüfi deyil və görünür Dağlıq Qarabağdakı rejim proseslərin onların zərərinə işlədiyindən narahatlıq keçirir. İndi bu oyuncaq və qondarma rejim özünün tərəf kimi qəbul etdirilməsi üçün əldən-ayaqdan gedir və Saakyanın səfərlərinin də arxasında məhz bu məqam dayanır.
Doğrudur, Bako Saakyanın səfərləri, ələlxüsus Minsk Qrupu həmsədri olan ölkələrə səfərləri heç də qəbulolunan deyil və vasitəçilik missiyasını özü üçün öhdəlik götürən həmsədr ölkələrin bu səfərlərə yol verməsi belə absurddur. Həmsədr ölkələr özləri də fərqindədirlər ki, qondarma rejimin rəhbərinin qəbul olunması vasitəçilik missiyasına ziddir və bu münaqişənin həllinə birmənalı şəkildə öz mənfi təsirini göstərməkdədir.
Qondarma rejim başçısının qanunsuz səfərinə şərait yaradan ölkələr həmin qanunsuzluğa təkcə göz yummur, həm də qanunsuzluğa şərik olurlar
Maraqlıdır, Ermənistan vətəndaşı olan Bako Saakyan sonuncu Rusiya səfəri də daxil olmaqla səfərlərə Ermənistan diplomatik pasportu ilə gedir, amma özünü istədiyi kimi təqdim edir və sanki heç kim bunun fərqində deyil. Qondarma rejim rəhbərinin bu addımları Azərbaycan qanunlarına ziddir və bu heç kim üçün sirr sayıla bilməz. Bir sözlə Saakyanın bu hərəkəti hüquq pozuntusudur və Azərbaycanın hüquq-mühafizə orqanları ona qarşı cinayət işi açmaq hüququna malikdir. Ona görə ki, həmin qondarma rejimin oyuncaq rəhbəri Azərbaycanın dövlətçiliyinə, suverenliyinə, ərazi bütövlüyünə qarşı əməllərin sahibidir.
Əgər Saakyan Azərbaycan qanunlarına zidd hərəkət edərək səfər edirsə, bu səfərlərin reallaşdırılmasına şərait yaradan, onu qəbul edən ölkələr bunun qanunsuz olduğunu dərk etmirlərmi? Yaxud, səfərlərin qanunsuz olduğunu dərk edən ölkələr bu səfərlərin reallaşdırılmasına necə imkan verirlər? Qondarma rejim başçısının qanunsuz səfərinə şərait yaradan ölkələr məhz həmin qanunsuzluğa təkcə göz yummur, həm də bu qanunsuzluğa şərik olurlar.
Saakyanın səfər etdiyi ölkələrdə qəbul edilməməsi üçün hüquqi addımlar atıla, beynəlxalq axtarışa verilə bilər
Azərbaycan dövlətçiliyinə, suverenliyinə, ərazi bütövlüyünə qarşı əməllərə görə məhkəmə hər an qərar çıxarmaq hüququna malikdir və həmin qərar əsasında istənilən dövlət qarşısında, o cümlədən Rusiya qarşısında məsələ qaldırmaq mümkündür. Bir sözlə hüquqi çərçivədə addımlar atmaqla Saakyanın belə qanunsuz səfərlərinin qarşısını almaq çətin deyil və həmsədr ölkələr bunu çox gözəl bilirlər. Çox gözəl bilirlər ki, Azərbaycan tərəfi istər İnterpol vasitəsilə, istərsə də MDB vasitəsilə xüsusi hüquqi mexanizmlər tətbiq etməklə bunu edə bilər.
Azərbaycan tərəfi Minsk Qrupu həmsədri olan ölkələrlə, ələlxüsus Rusiya ilə yüksək səviyyədə əlaqələrə malikdir və öz prinsplərinə sadiq qalan ölkəmizin həmin ölkələrlə əlaqələri, əməkdaşlıqları da danışıqların ruhuna uyğundur. Məhz bu baxımdan qarşı tərəfdən də daim bu münasibətlərə hörmətlə yanaşmaq gözlənilir və bu vaxta qədər ölkəmizin bu məsələ ilə əlaqədar qanunun dili ilə tələb etməməsi yalnız bu səbəbdəndir. Amma bu o demək deyil ki, Saakyan kimi qondarma rejimin oyuncaq bir rəhbəri nə vaxt istəsə, hara istəsə səfər edə biləcək və sona qədər qanun tətbiq olunmayacaq. Saakyanın səfər etdiyi ölkələrdə heç bir şəkildə qəbul edilməməsi üçün hüquqi addımlar atılması, ona cinayət işi açıb, beynəlxalq axtarışa verilməsi, bir sözlə, qanunun gücünün tətbiq edilməsi tam reallıqdır və belə səfərlər planlaşdırmaqda qondarma rejim rəhbəri bərk yanılır.
Həmsədr ölkələr separatçıları tərəf kimi bizə sırımağa cəhd edirlər
Bako Saakyanın ardıcıl olaraq üç həmsədr ölkəyə səfərə dəvət edilməsi təsadüfi deyil və görünür həmsədr ölkələr separatçıları tərəf kimi bizə sırımağa cəhd edirlər. Əks halda nə məcbur idi ki, qondarma bir rejim rəhbərini səfərə dəvət etsinlər? Həmin dövlətlərin, daha doğrusu dünyanın üç fövqəl dövlətinin bu qondarma, oyuncaq rejimə inanmaları, onu ciddiyə almaları belə heç inandırıcı da görünmür. Belə olan halda həmin rejimin rəhbərinin qəbul olunması rejimin özü qədər gülünc görünür.
Digər tərəfdən, bu üç dövlətin həmsədrləri qısa müddət əvvəl münaqişə bölgəsində olmuşdularsa, Saakyanın özü ilə belə Xankəndidə görüşmüşdülərsə bir daha görüşməyə, səfərə dəvət etməyə nə ehtiyac duyulurdu? Əgər qondarma rejim rəhbərinin mövqeyi bu həmsədrlər üçün maraqlı idisə, bunu bölgədə olan zaman öyrənə bilərdilər. Əslində, öyrənmişdilər də.
O zaman bəlli olur ki, hər üç həmsədr elə bölgədə olduqları zaman Saakyanla qanunsuz səfərləri planlaşdırıblar. O da aydın olur ki, həmsədrlər qondarma rejim rəhbərini öz ölkələrinə dəvət etməklə separatçıları Azərbaycana tərəf kimi sırımağa çalışırlar və buna ümid etməsələr belə, ən azından cəhd edirlər. Bu isə çox təhlükəli bir tendensiyadır və heç şübhəsiz ki, həmsədrlər bununla Ermənistan hakimiyyətinin illərdir qəbul etdirməyə çalışdıqları mexanizmi işə salmaq niyyətindədirlər.
Başqa qanunsuz qurumların nümayəndələrinə viza verilmədiyi halda Saakyana bunun şamil edilməməsi də ikili standartların tətbiqidir
Məsələ burasındadır ki, keçmiş Sovet İttifaqı ərazisindəki digər qanunsuz qurumların nümayəndələrinə ABŞ hələ də viza vermir. Hətta Krımın “yüksək rütbəli” separatçılarına 2014-cü il aprelin 12-də ABŞ sanksiyalar tətbiq edib. Qanunsuz qurumların nümayəndələrinə viza verilməməsi və sanksiyalar tətbiq edilməməsinin fonunda nəyə görə isə Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin başçısı Saakyana bu, şamil olunmur. Qarabağda yaradılan qondarma rejimi qanunsuz qurum hesab etmirlər, yoxsa Saakyan xüsusi imtiyaz sahibidir? Bəllidir ki, bu həmsədr ölkələr qondarma rejimi qanunsuz hesab etməyə bilməzlər və qanunsuz bir qurum olduğu hamıya bəllidir. O zaman Saakyanın qəbul edilməsi, xüsusi imtiyazlı kimi dəvət edilməsi yalnız ikili standartların növbəti dəfə tətbiqidir.
Fransa özü də Cənubi Osetiya, Abxaziya, Krım və Dnestryanı bölgələrindən olan şəxslərə Fransa ərazisinə daxil olmağa icazə vermədiyi halda, bu, separatçı Bako Saakyanı səfərə dəvət etməklə ikili standartlara imza atır. Bu ermənipərəst Avropa ölkəsinin 0ndan artıq şəhər meri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək, işğal altında olan şəhərlərimizlə “qardaşlaşma” sazişləri imzalayırlarsa hansı ədalət prinsplərindən, hansı beynəlxalq hüquqdan dəm vururlar? Korsikada separatizmə qarşı sərt və kəskin siyasət aparan rəsmi Paris Azərbaycanda separatizmin qarşısının alınması əvəzinə separatçı, qondarma rejimin rəhbərini öz ölkəsinə səfərə dəvət edirsə, ölkəmizin ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumursa, bu ədalətsiz yanaşma, ikili standartların tətbiqindən başqa bir şey deyil.
Münaqişənin daha da qızışdırılmasına rəvac verən bir təşkilat, hətta həmsədrlər belə münaqişənin nizamlanmasında əslində lazımsızdır
ATƏT-in bu vaxta qədərki fəaliyyətinə isə nəzər saldıqda turist səfərlərini xatırladan görüşlərindən başqa heç nailiyyətin şahidi olmaq mümkün deyil. Dünyanın bir çox ölkələrini, paytaxtları, bölgələri gəzməklə məşğul olan bu qurum hələ bu vaxta qədər cəmi bircə uğura imza atdığı, ələlxüsus Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında nailiyyətlər əldə etdiyini kimsə təsdiq edə bilməz. Beynəlxalq hüquq normalarına laqeyid münasibət sərgiləyən ATƏT məhz bu münasibətə görə heç bir nəticə əldə edə də bilməz.
Həmsədrlərin təmsil olunduğu Mİnsk Qrupu isə ümumiyyətlə beynəlxalq təşkilat da deyil və heç bir ciddi səlahiyyəti də yoxdur. AŞPA müstəqil fikir və siyasi iradə bildirmə səlahiyyətinə malik, Avropa Birliyinə və Avropa Şurasına üzv olan dövlətlərin nümayəndələrindən təşkil olan müstəqil beynəlxaq qrup olduğu halda, Minsk Qrupu AŞPA-nın hazırladığı məruzələrə izah və məsləhətləşmə tələb etmək səlahiyyəti belə olmayan təşkilatdır.
Maraqlıdır, heç bir ciddi fəaliyyəti olmayan bir təşkilat əvvəllər daha siyasi, diplomatik şəkildə Ermənistanı dəstəklədiklərini bildirsələr də indi açıq-aşkar, çox qaba, kobud şəkildə Ermənistanın mövqelərini, daha dəqiq desək seaparatizmi müdafiə edir. Bu vaxta qədərki fəaliyyətinə diqqət yetirdikdə isə görürük ki, ATƏT-in Minsk Qrupunun tərəfləri ortaq məxrəcə gətirə biləcək bir dənə də olsa layihəsi, planı olmayıb. Bu qurum Dağlıq Qarabağ probleminin həll olunması istiqamətində qurulsa da, hələ də kimin torpağının işğal edildiyini və kimin işğal etdiyi faktını belə razılaşdıra bilyibsə, onun fəaliyyəti, ümumiyyətlə mövcudluğu kimə lazımdır. Kifayət qədər uzun zaman fasiləsində heç bir nəticə əldə etməyən təşkilatın bundan sonra da hansısa nəticələrinə ümid etmək sadəlövhlükdür. İndi artıq şəksiz-şübhəsiz söyləmək olar ki, heç bir fəaliyyəti olmayan, heç bir nəticə əldə etməyən, əksinə, beynəlxalq hüquq normalarına laqeydsizlik nümayiş etdirməklə münaqişənin daha da qızışdırılmasına rəvac verən bir təşkilat, eyni zamanda həmsədrlər belə əslində münaqişənin həlli üçün lazımsızdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB