Bahar Muradova: "Münaqişənin uzanması müharibə variantını daha mümkün edir" - ÖZƏL

Bahar Muradova: "Münaqişənin uzanması müharibə variantını daha mümkün edir" - ÖZƏL

"Dağlıq Qarabağ münaqişəsinin uzanması müharibə variantını daha mümkün edir. Nəzərə alsaq ki, Azərbaycanın siyasi təşkilatları, fərq etməz iqtidaryönlü və ya müxalifyönlü, bu istiqamətdə mövqeyi birdir. Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn bütün cəhdlər mümkün vasitələrdən istifadə edilməklə aradan qaldırılmalıdır. Bu mənada müharibə variantına üstünlük verilməsi istisna deyil". SİA-nın xəbərinə görə, bu sözləri Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova deyib. O, qeyd edib ki, nə vaxtsa Azərbaycan öz hüquqlarını bu istiqamətdə istifadə edəcək: "Bu zəmində nə qədər gec deyil Ermənistan və onu dəstəkləyən dairələr bu məqamı nəzərə almalıdırlar".

 

Münaqişənin həllinə təsir göstərə biləcək bütün amillərdən istifadə etməyin lazım olduğunu bildirən B.Muradova deyir ki, Azərbaycana qonşu olub və bu imkanı olan dövlətlərin təklifinə müsbət reaksiya vermək lazımdır. O vurğulayıb ki, Azərbaycanın haqlı tələbi yerinə yetirilməyincə ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatların nüfuzu ölkə daxilində kölgə altına düşür: "Nəzərə alsaq ki, ATƏT bu istiqamətdə çevik səylər göstərir, ortada, cənab Prezidentin söylədiyi kimi, konkret nəticə yoxdur. Ermənistanda ATƏT-in nüfuzuna gəldikdə isə "status-kvo" qalır, ATƏT bir təşkilat kimi Ermənistanın konstruktiv mövqeyə gəlməsi üçün təzyiqlər göstərmir, Azərbaycanın torpaqları işğal altında qalmaqda davam edir. Məhz bu təqdirdə əlbəttə ki, ATƏT-in nüfuzu Azərbaycandakına nisbətən Ermənistanda daha üstün olacaq. Azərbaycanın haqlı tələbi yerinə yetirilməyincə ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatların nüfuzu Azərbaycanda kölgə altına düşəcək. O mənada beynəlxalq təşkilatlar Cənubi Qafqazda və bu regionda lider olan Azərbaycanda ən azı öz nüfuzlarını saxlamaq istəyirlərsə, konfliktlərin həllində öz üzərinə düşən məsələləri yerinə yetirməlidirlər".

 

Parlament sədrinin müavini hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçiliyi öz üzərinə götürən ATƏT-in Minsk qrupu həmsədr dövlətləri münaqişənin həllinə maraq göstərmirlər. Belə ki, ATƏT də daxil olmaqla beynəlxalq təşkilatlar səylərini birləşdirsələr, Ermənistan konstruktiv mövqeyə gələ bilər: "Fəaliyyət var amma nəticə yoxdur. Dünyanın siyasi istiqamətlərinin müəyyənləşdirən dövlətlərin təmsil olunduğu qurumda üç həmsədr dövlət var. Onların çox böyük imkanları var ki, Ermənistana təzyiq göstərsinlər. Amma görünür hələlik onların marağında da deyil, ona görə də ciddi təsir göstərmirlər. Amma hesab edirəm ki, ATƏT də daxil olmaqla beynəlxalq təşkilatlar səylərini birləşdirsələr Ermənistan konstruktiv mövqeyə gələ bilər. Ən azı bunu təzyiqlər nəticəsində əldə etmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə