Regionda təcridi dərinləşən Ermənistan AÇIQLAMA-ÖZƏL

Regionda təcridi dərinləşən Ermənistan AÇIQLAMA-ÖZƏL

“Azərbaycan, İran, Türkiyənin xarici işlər nazirlərinin İstanbulda VI üçtərəfli görüşündə imzaladıqları bəyannamə Ermənistan tərəfindən təəssüf hissə ilə qarşılanıb və erməni cəmiyyətində narahatlıq yaradıb”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Ehtiram Aşırlı deyib.

O bildirib ki, İranın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bəyannaməni imzalaması Ermənistanın beynəlxalq arenada münaqişəyə dair mövqeyinin daha da zəifləməsi və getdikcə təklənməsi deməkdir: “Prezident İlham Əliyevin yeritdiyi uğurlu xarici siyasətin nəticəsidir ki, bütün dünya ölkələri gec-tez Qarabağla bağlı həqiqətləri qəbul edirlər. Bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, habelə bütün mübahisələrin sülh yolu ilə həlli, daxili məsələlərə qarışmamaq prinsipləri üzrə öhdəliklər əsasında həllinin vacibliyi vurğulanıb.

İstanbulda belə bir bəyannamənin qəbul olunması bir daha onu göstərdi ki, Türkiyə hər zaman öz böyük qardaşlıq mövqeyini nümayiş etdirərək Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün əlindən gələn bütün səyləri edir”.

Politoloqun sözlərinə görə, Ermənistan KİV-ləri yazır ki, İranın Qarabağ münaqişəsi ilə bağlı məqamlara imza atması böyük narahatçılığa səbəbdir:

“Çünki rəsmi Tehran bu zamana qədər Qarabağ münaqişəsində pozitiv bitərəflik prinsipini rəhbər tutub. Lakin indi isə Tehranın bu sənədə qoşulması onu göstərir ki, İran Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini müdafiə edir. Bir neçə ay bundan öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirmişdi ki, baş nazir Nikol Paşinyanın Tehrana səfər proqramı hazırlanır.

Amma gözlənilən səfər baş tutmadı, bunun əvəzində isə Paşinyanla İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyası çərçivəsində görüşdülər. Bu isə səmərəli danışıqlar üçün uyğun format hesab edilmir”.

Ermənistanda iqtisadi vəziyyətin olduqca acınacaqlı olduğunu deyən E. Aşırlı sözügedən ölkənin regionda olan bütün qlobal layihələrdən təcrid olunduğunu söyləyib: “Paşinyanın Qərbə meylliliyi Rusiyanı da qıcıqlandırır. Fikrimcə, Paşinyan və onun komandasının Rusiya ilə olan münasibətlərdəki gərginlik və ardınca İranla da belə bir gərginliyin yaşaması onların hakimiyyətinin sonu deməkdir. İstanbul bəyannaməsinin İran tərəfindən də imzalanması düşünürəm ki, rəsmi İrəvan ilə Tehran arasında münasibətlərin soyuqlaşmasına gətirib çıxara bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə