Azərbaycan dünyanın siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib TƏHLİL

Azərbaycan dünyanın siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib TƏHLİL

Bakı Beynəlxalq Humanitar Forumları dünyamızı formalaşdıracaq kreativ ideyalar və onların həyata keçirilməsi yollarının axtarılması baxımından xüsusi əhəmiyyət kəsb edir

Azərbaycan növbəti dəfə beynəlxalq tədbirə ev sahibliyi etdi. "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" mövzusunda keçirilmiş VI Bakı Beynəlxalq Humanitar Forumunda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 580-dən çox nümayəndə qatılıb.

Qeyd edək ki, Azərbaycan, neçə illərdir ki, qlobal səviyyəli tədbirlərə ev sahibliyi edən, dünyanın diqqətində olan məsələlərin müzakirə edildiyi siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınır. Humanitar mövzulu forumların keçirilməsi üçün Azərbaycanın seçilməsi də təsadüfi deyil. Çünki qədim və zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, sivilizasiya və konfessiyaların əsrlər boyu dinc yanaşı mövcud olduğu Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün, həqiqətən də, əvəzsiz məkandır. Xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, tolerantlığı barədə vaxtilə yetərincə məlumatı olmayan dünya Azərbaycanı dinamik inkişafı nəticəsində, ildən-ilə daha yaxından tanıyır və onun artan nüfuzunun şahidinə çevrilir. Elə bu amillər də humanitar dialoqa mühüm töhfə verən ölkə statusunu daha da möhkəmləndirir və bu mövzuda dünyanı düşündürən məsələlərin müzakirə edildiyi beynəlxalq tədbirlərin, məhz ölkəmizdə keçirilməsini şərtləndirir.

Bu baxımdan, ilk dəfə 2011-ci ilin oktyabrında keçirilən Bakı Beynəlxalq Humanitar Forumu ölkəmizin humanitar dialoqda əsasını qoyduğu mühüm beynəlxalq platformadır. Bu tədbirin təşkil edilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumunda qəbul olunmuşdu. 2010-cu ildə Azərbaycan və Rusiya prezidentlərinin qərarı ilə yaradılan və artıq ənənə halı alan bu forum tanınmış ictimai-siyasi xadimləri, görkəmli elm, mədəniyyət və incəsənət nümayəndələrini Bakıda birləşdirir. Bakı Forumunun tribunalarından və onun kuluarlarında müxtəlif ölkələrin, regionların və nəsillərin nümayəndələri ünsiyyət saxlayır, diskussiya aparır və ümumi nəticələrə gəlirlər. Əlamətdar haldır ki, bu, məhz Bakıda baş verir. Çünki Azərbaycan torpağı bütün dövrlərdə tolerantlığı və qonaqpərvərliyi, Azərbaycan xalqı isə yaratmaq və birləşdirmək bacarığı ilə məşhur olub.

V Bakı Beynəlxalq Humanitar Forumunun açılışında, Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Forum son illər ərzində beynəlxalq aləmdə böyük hörmət qazanıb. Bu forumun beynəlxalq mötəbər tədbirlər arasında xüsusi yeri var. Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa həmişə çox böyük diqqət verib. Biz hesab edirik ki, dünyada müsbət meyillər güclənməlidir. Beynəlxalq əməkdaşlıq ölkələrarası əlaqələrin inkişafı üçün xüsusi rol oynayır. Son illər ərzində, biz bu məqsədlə ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirmişik. Onların arasında, əlbəttə ki, Bakı Beynəlxalq Humanitar Forumu xüsusi yer tutur".

VI Bakı Beynəlxalq Humanitar Forumu isə "Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı" mövzusuna həsr olundu. Bu mövzu ətrafında kifayət qədər maraqlı plenar sessiyalar və işçi sessiyalar təşkil olundu. Forumun mövzusu, məhz ölkəmizin iqtisadi inkişafının insan kapitalına çevirmə modelini və strategiyasını həm milli, həm də beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı verdi.

BMT-nin Baş katibinin iki müavini, ISESCO, IRCICA, TÜRKPA, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Parlamentlərarası Birlik, BMT-nin İqtisadi və Sosial Şurası kimi təşkilatların rəhbərləri, UNESCO-nun, MDB İcraiyyə Komitəsinin rəhbərlərinin müavinləri forumda iştirak edəcəklər. Həmçinin, Sudanın vitse-prezidenti, Rusiya və Slovakiya baş nazirlərinin müavinləri, Sloveniya, Uruqvay, Rusiya, Misir, Belarus, İtaliya və Estoniya parlamentlərinin sədr və sədr müavinləri, Gürcüstan, Monteneqro, Özbəkistan, Bolqarıstan, Türkiyə, Sudan, Tacikistan, Qazaxıstan, Ukrayna, Əfqanıstan, Filippin və Bolqarıstandan nazirlər və nazir müavinləri, Qazaxıstan, Türkiyə, Tacikistan və Özbəkistandan ombudsmanlar, 15 ölkədən 40-dan çox deputat, 46 ölkənin diplomatik nümayəndəliklərinin rəhbərləri, çoxsaylı ölkələrdən şirkət rəhbərləri, elm xadimləri və ekspertlər tədbirin iştirakçıları arasında yer aldılar.

Göründüyü kimi, Beynəlxalq Humanitar Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən, dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir. VI Bakı Beynəlxalq Humanitar Forumu gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalar və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxladı. Dünyanı vahid məkan və bütün bəşəriyyəti bir cəmiyyət kimi görmək istəyi yeni münasibətlər qurmağa, daha mütərəqqi və aktual müzakirələr aparmağa imkan verdi və bəşəriyyətin inkişafına ənənəvi yanaşmalarda dəyişikliklərin yaranmasına vəsilə oldu. Bütün bunların fonunda Bakıya gələn hər bir xarici qonaq paytaxtımızın modern yüksəlişinin və ölkəmizin inkişafının şahidi oldu.

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə