Qrantlar əldən getdi... ANALİZ

Və ya Xədicə İsmayılın Avropaya “nifrətinin” görünən tərəfləri

Gah “araşdırmaçı jurnalist”, gah “hüquq müdafiəçisi”, gah da QHT rəhbəri kimi siyasi gündəmdə qalmağa çalışan Xədicə İsmayılın “Amerikanın Səsi”nə bu dəfə Avropa siyasi dairələrini ittiham edən açıqlaması ilə çıxış etməsini təsadüfi hesab etmək olmaz. Çünki, vaxtilə “çörəyini” məhz bu qitənin bəlli siyasi dairələrindən yeyən X.İsmayılın birdən-birə durub “yediyi qazana tüpürməsi” elə-belə, sıradan bir məsələ deyil...

Əgər sabah digər “hüquq müdafiəçiləri” də anti-Avropa xarakterli səs-küy qaldırsalar, bundan kimsə təəccüb etməməlidir

Məsələ isə ondadır ki, uzun illər Azərbaycanın mövcud hakimiyyətinə qarşı müxtəlif səpgili ittihamlar yağdıran müəyyən Avropa təşkilatları, avropalı ictimai-siyasi dairə təmsilçiləri əslində, bu kimi addımlarının doğru olmadığını anlamağa başlayıblar. Ölkəmizdə demokratiyanın, söz və ifadə azadlığının, siyasi azadlıqların mövcudluğunun reallığa dayandığını dərk edən qoca qitənin siyasi dairələri uzun illərdir “siyasi məhbus” kimi məsələlərdə özlərini Azərbaycanın müxalifətyönlü “hüquq müdafiəçiləri”, “jurnalistləri” və s. qismində təqdim edənlərin onlardan sadəcə, qrantlar qoparmaq üçün istifadə etdiklərini gec də olsa, anladılar. Bu baxımdan, indi X.İsmayıl əl-ayağa düşərək, dərhal Sevinc Osmanqızı ilə əlaqə qurub və Avropanın əleyhinə çıxış edib. Əgər sabah X.İsmayıl kimi, Avropanın müxtəlif ölkələrində özlərini “siyasi mühacir” kimi sırıyan digər “hüquq müdafiəçiləri” də anti-Avropa xarakterli səs-küy qaldırsalar, bundan kimsə təəccüb etməməlidir. Misal üçün, əgər Leyla Yunus, Emin Hüseynov kimiləri də Avropanın müxtəlif siyasi dairələrinə qarşı çıxışlar edə bilərlər.

Sevinc Osmanqızının Xədicə İsmayıla tribuna verməsi ona baha başa gələ bilər

Lakin onu da qeyd edə bilərik ki, Avropadakıların buna cürətləri çatmaya da bilər. Çünki X.İsmayıldan fərqli olaraq, onların qrantları ilə yanaşı, “siyasi mühacirlikləri” də əldən çıxa bilər. Hər halda, unutmaq lazım deyil ki, Avropa tərəfinin siyasiləri bu cür məsələlərdə soyuq olurlar və kimsəyə güzəştə getmirlər. Ona görə də, X.İsmayıl heç də L.Yunusdan və digərlərindən özünə dəstək axtarmamalıdır. Düzdür, S.Osmanqızı ona bu şəraiti yaradıb, tribuna verib və s. Ancaq biz, bir müddət sonra onun da Amerikadakı rıçaqlarının necə zəifləyəcəyinin şahidlərinə çevriləcəyik. Yəni onun bu addımı Osmnqızına baha başa gələ bilər. Çünki hazırda ABŞ-ın da müəyyən nüfuzu siyasi dairələri Azərbaycanla isti münasibətlərini inkişaf etdirmək niyyətlərini gizlətmirlər.

Beləliklə, fakt budur ki, artıq mitinqlər keçirib süni ajiotajlar vasitəsilə qrant qazanmaq şanslarını tükətmiş bu kimi siyasi dəllalların son ümidləri də puça çıxmaq üzrədir. AŞPA, Avropa Parlamenti və başqa təşkilatların Azərbaycana yönəlik siyasi baxışlarının dəyişməsi də məhz belə nəticə hasil etməyə zəmin yaratmaqdadır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə