Sumqayıtda ekoloji tədbir keçirilib

Sumqayıtda ekoloji tədbir keçirilib
Sumqayıtda ATƏT-in təhlükəli sənaye tullantıları ilə bağlı maarifləndirmə layihəsi çərçivəsində "Təhlükəli sənaye tullantıları və çoxtərəfli əməkdaşlıq əsasında onlarla mübarizə metodları" mövzusunda dəyirmi masa keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə "Azərikimya" İB-nin Ekologiya şöbəsinin və Birlik müəssisələrinin müvafiq şöbələrinin, Şəhər İcra Hakimiyyətinin, şəhər bələdiyyəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Sumqayıt Dövlət Universitetinin, "Təhlükəli tullantılar" MMC-nin, eləcə də bir sıra kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər.

Maarifləndirmə təlimi missiyası daşıyan tədbirdə giriş sözü ilə çıxış edən "Energetika və Ekologiya" Maarifçilik İctimai Birliyinin sədri Vaqif Əliyev Sumqayıt şəhərində mövcud təhlükəli sənaye tullantıları, onların insan orqanizminə təsiri və bu tullantıların zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər haqqında geniş məlumat verib.
Müzakirə iştirakçıları mövzunun aktuallığını qeyd edib, konkret təkliflər irəli sürüblər. O cümlədən bildirilib ki, "Azərikimya" İB-nin tabeçiliyində olan bütün zərərli istehsalatların fəaliyyəti dayandırılıb, işlək istehsalatlarda isə əsaslı təmir və yenidənqurma işləri aparılıb.

Hazırda istehsalatın bütün çirkli suları su¬təmizləyici qurğularda təmizləndikdən sonra dənizə axıdılır. Sovet dövründən təhlükəli sənaye tullantısı olaraq yığılıb qalan 100 min tona qədər civəli şlam "Təhlükəli tullantılar" MMC əməkdaşları tərəfindən daşınaraq, xüsusi poliqonlarda zərərsizləşdirilib. Ekoloji tədbirlərdə yaxından iştirak edən kimyaçılar tərəfindən Bakı-Quba magistral yolu boyunca uzanan sənaye zonasında 8 ay ərzində 45 minə qədər ağac əkilib ki, bu da atmosfer havasının saflaşmasına mühüm təsir edən amillərdən biridir.

Tədbirdə əsaslı arqumentlər gətirilərək, xüsusi olaraq vurğulanıb ki, baş ofisi Nyu-York şəhərində yerləşən Blacksmit İnstitutunun 2006-cı ildən bəri Sumqayıtı dünyanın 10 ən çirkli şəhərləri siyahısına daxil etməsi, bu günlərdə isə Rusiyanın İctimai Ekoloji Birliyinin 2010-cu ilin oktyabr-noyabr aylarında suyun və atmosferin təmizliyi üzrə keçirdiyi monitorinqin nəticələrinə görə Sumqayıtın respublikamızda ən çirkli şəhər elan olunması həqiqəti əks etdirmir. "Dəyirmi masa" iştirakçılarının təklifi ilə bu cür maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməsi və şəhər Bələdiyyəsi nəzdində "Könüllü ekoloqlar Birliyi"nin yaradılması məqsədəuyğun hesab edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə