"Azərbaycan son 15 ildə ən sürətlə inkişaf edən ölkədir" ŞƏRH-ÖZƏL

"Azərbaycan son 15 ildə ən sürətlə inkişaf edən ölkədir" ŞƏRH-ÖZƏL

“2003-cü ilin oktyabr ayının 15-də keçirilən prezident seçkisində Azərbaycan xalqı məhz Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə üstünlük verərək böyük səs çoxluğu ilə İlham Əliyev cənablarını Azərbaycan Respublikasının Prezidenti seçdi. 2003-cü ildən sonrakı dövrü böyük yolun davamı kimi qiymətləndirən Prezident İlham Əliyev seçildiyi vaxtdan respublikamızda bütün sahələrin inkişafını diqqətdə saxlayaraq qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırıb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanda iqtisadi artımın qeyri-neft sektorunun hesabına artması vacib amil kimi önə çəkilərək, bu istiqamətdə bir-birindən əhəmiyyətli addımlar atıldığını deyən deputat söyləyib ki, ötən 15 il müddətində Azərbaycanda bütün sahələr yüksələn xətlə inkişaf edib, qeyri-neft sektorunun inkişaf tempi neft sektorunun inkişaf tempini üstələyib.

O bildirib ki, 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb: “Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara çatıb. Son 15 il ərzində ölkədə 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib, yaxud əsaslı təmir edilib. Yüzlərlə tarixi bina, muzey, teatr, kitabxana və digər sosial yönümlü obyektlər əsaslı təmir edilib və yenidən qurulub. Ölkədə 15 min kilometr yol çəkilib, 443 körpü tikilib. Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı –Ələt Dəniz Ticarət Limanı istifadəyə verilib”.

R. Əliyev vurğulayıb ki, bu illər ərzində ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib: “Ölkədə 1,9 milyon yeni iş yerləri açılıb, əmək haqqı 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artırılıb. İşsizlik səviyyəsi 5, yoxsulluq isə 49 faizdən 5,4 faizə endirilib”.

Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə xüsusi diqqət və qayğının göstərildiyini dilə gətirən deputat son 15 il ərzində şəhid ailələrinə və Qarabağ əlillərinə dövlət hesabına 5500-dən çox mənzil və fərdi ev, 6 mindən çox minik avtomobilinin verildiyini qeyd edib.

O deyib ki, bu illər ərzində məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində iri miqyaslı layihələr həyata keçirilib: “Ölkədəki bütün çadır şəhərcikləri, fin tipli qəsəbələr ləğv edilib, yeni salınan, müasir tələblərə cavab verən 100-dən artıq qəsəbə və şəhərciklərdə 265 min nəfər məcburi köçkün məskunlaşıb. Ölkədə milli-mənəvi dəyərlərin, dini etiqad azadlığının, konfessional və etnik müxtəlifliyin, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanmasını və inkişaf etdirilməsi təmin edilib. 2003 - 2018-ci illərdə ölkədə çoxlu sayda məscid, kilsə , sinaqoq tikilmiş və ya bərpa olunub”.

Ölkə başçısının bilavasitə təşəbbüsü ilə ölkədə ictimai və sosial xidmətlər sahəsində görülən işlərdən söz açan R. Əliyev 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi təsis edildiyini, dövlət orqanları tərəfindən əhaliyə göstərilən xidmətləri vahid sistemdə birləşdirən “ASAN xidmət” mərkəzlərinin yaradıldığını xüsusi vurğulayıb: “Dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” modeli artıq başqa ölkələrdə də tətbiq olunur. Bundan əlavə son 15 ildə ölkəmizdə regionların hərtərəfli inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı üzrə 2004-2008 və 2009 - 2013-cü illəri əhatə edən Dövlət Proqramları uğurla yerinə yetirilib, 2014 - 2018-ci illəri əhatə edən Dövlət Proqramı müvəffəqiyyətlə həyata keçirilir. Ötən illər ərzində dünyanı bürüyən sosial-iqtisadi, maliyyə böhranına baxmayaraq Azərbaycan bu çətinlikləri uğurla dəf edərək dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib”.

Deputat qeyd edib ki, 15 ildə görülən işlərin nəticəsində Dünya iqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb:

“Azərbaycan dünya ölkələrinin hər 4-dən 3-nü geridə qoyaraq, MDB-də liderliyini qoruyub. Hətta G20 daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geri qalır.

Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, müasirləşən, demokratikləşən bir ölkəyə çevrilib. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına və güclənməsinə şərait yaradıb. İnamla qeyd etmək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabər hüquqlu üzvü, söz sahibi olan dövlətdir. 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bu onu göstərir ki, Azərbaycan dünya miqyasında böyük nüfuza malik olan dövlətə çevrilib. Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Ötən il Bakıda növbəti IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Bu Forumda dünyanın 120 ölkəsindən rəsmi, 39 beynəlxalq təşkilatlardan, 50-dən çox QHT-nin nümayəndələri , ümumilikdə 800-dən çox xarici nümayəndə iştirak edib. Qeyd etmək lazımdır ki, artıq 4-cü dəfədir ki, bu tədbir “ Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunub. Artıq “Bakı prosesi” dünyanı narahat edən qlobal məsələlərin müzakirə olunduğu bir platformaya çevrilib”.

Bakıda 500 milyonluq auditoriyası olan “Formula-1” yarışının yüksək səviyyədə təşkil olunduğunu deyən R. Əliyev 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının və Azərbaycan komandası yüksək nəticələr əldə etməsini xatırladıb: “Bu oyunlarda Azərbaycan komanda hesabında II yeri tutub. 2017-ci ildə ilk dəfə olaraq IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda, Bakı şəhərində keçirildi. İslam dünyasını təmsil edən 54 ölkədən 3 mindən çox idmançı beynəlxalq standartlara cavab verən idman obyektlərində yarışdılar. Azərbaycan idmançıları Avropa Oyunlarından sonra növbəti tarixi uğura imza atdılar. Yığmamız ümumi komanda hesabında birinci yeri tutdu. Azərbaycan idmançıları RİO Olimpiya Oyunlarında misilsiz uğura imza atıblar. Azərbaycan Olimpiya yığması medalların sayına görə 205 iştirakçı ölkələr arasında 14-cü yeri tutmuşdur. Bu tarixi bir qələbədir”.

Deputat vurğulayıb ki, ötən dövr enerji-nəqliyyat sektoru üçün də çox uğurlu olub: “2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilib. Azəri-Çıraq-Günəşli yataqları üzrə kontraktın müddətinin 2050-ci ilə kimi uzadılması çox böyük əhəmiyyətə malikdir. 29 may 2018-ci il tarixdə “Cənub Qaz Dəhlizi”nin rəsmi açılış mərasimi keçirilib. Bu ölkəmizin tarixində çox mühüm bir tarixi gündür. Layihənin həyata keçirilməsi nəticəsində 30 mindən çox yeni iş yerləri yaradılacaq. “Əsrin müqaviləsi” Azərbaycanın XX əsrdə imzaladığı böyük bir müqavilədirsə, “Cənub Qaz Dəhlizi” XXI əsrin nəhəng razılaşmalarından biridir. Bu layihə yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini təmin edərək çox şaxəli enerji marşrutları sisteminin yaradılmasına şərait yaradır. Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edən məkanın formalaşdırmasıdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması ölkəmizə olan iqtisadi və siyasi marağı daha da gücləndirib ”.

Nəqliyyat sahəsində də tarixi uğura imza atıldığını dilə gətirən R.Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinin İpək Yolunun bərpası istiqamətində reallaşan ən böyük beynəlxalq nəqliyyat layihəsi olduğunu söyləyib: ”Bundan başqa “Şimal-Cənub” nəqliyyat dəhlizinin başa çatdırılması üçün işlər davam edir. Bu layihələrin həyata keçirilməsi göstərir ki, Azərbaycan qarşıya qoyduğu bütün hədəflərinə çatır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən həm daxili, həm xarici siyasət, ölkədə aparılan iqtisadi islahatlar, sosial-iqtisadi inkişaf sahəsində, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlar Azərbaycanın gələcəkdə də bütün sahələrdə daha yüksək nəticələr əldə etməyə imkan verir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə