"Frankofoniya sammiti Paşinyan üçün göydəndüşmə oldu" ÖZƏL-MÖVQE

"Frankofoniya sammiti Paşinyan üçün göydəndüşmə oldu" ÖZƏL-MÖVQE

“Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci sammiti Yerevanda keçirildi. Bu təşkilat fransa dilinə önəm verən ölkələri özündə birləşdirir. İnanmıram ki, Ermənistanda fransız dilində danışanların sayı çox olsun, buna baxmayaraq özlərini bu təşkilata soxuşdurublar”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Yerevandakı sammit baş nazir Nikol Paşinyan üçün göydəndüşmə oldu: “Sammit vasitəsilə beynəlxalq aləmə özünü daha çox tanıtdırmağa çalışdı. Çünki Yerevandakı toplantıya xeyli dövlət rəsmisi qatılmışdı. Bunlardan Fransa prezidentini və Kanadanın baş nazirini göstərə bilərik.

Ən maraqlısı odur ki, Yerevandakı toplantıda Serbiya və ondan ayrılan Kosovo da təmsil olunurdu. Ermənistan prezidenti Armen Sərkisyan Kosovo lideri Haşim Taşiçlə görüşdə deyib ki, “soyqırımların” tanınması məsələsində əməkdaşlıq etmək lazımdır. Kosovonun müstəqilliyini ilk tanıyan ölkələrdən biri Türkiyədir. İndi gərək Ankara Kosovo liderinə anlatsın ki, Haşim Taşiç Yerevanla münasibətlərdə ehtiyatlı olsun. Elə rəsmi Bakının da enerji sahəsində sıx əməkdaşlıq etdiyi Albaniya hökumətinə bir mesaj göndərməsinə ehtiyac var ki, Kosovodakı alban qardaşlarına öyüd-nəsihət versinlər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə