Siyavuş Novruzov: “Azərbaycanı ancaq Heydər Əliyev xilas edə bilərdi" ÖZƏL-ŞƏRH
“1992-ci il oktyabrın 16-da Azərbaycanın bir qrup ziyalısı Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevə müraciət etdi. Ziyalılar Ulu Öndərdən Yeni Azərbaycan Partiyasının yaradılması ideyasına münasibət bildirməyi və bu partiyaya rəhbərlik etməyi xahiş etdi”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov deyib.
YAP İcra katibinin müavinin sözlərinə görə, o dövr çox çətin bir dövr idi: “Yəni Sovet İttifaqı dağılmışdı, bir quruluşdan başqa bir quruluşa keçid idi, ictimai-siyasi münasibətlər tamamilə dəyişmişdi və iqtisadi münasibətlər yeni sferaya keçmişdi. Lakin bununla yanaşı müstəqillik əldə edən ölkələr içərisində ən acınacaqlı müstəqillik Azərbaycana nəsib olmuşdu. Bununla əlaqədar iki səbəb var idi, biri torpaqlarımızın ermənilər tərəfindən işğal olunması, müharibənin başlaması, o cümlədən Azərbaycanın Ermənistanla sərhəd rayonlarında ermənilərin ərazilərimizə hücumları, ikinci məsələ isə ölkədə rəhbərliyin yerində olmaması idi. İstər müstəqillik əldə olunan ilk dövrdə Azərbaycana rəhbərlik edənlərin, istərsə də sonrakı dövrdəki rəhbərliyin səriştəsiz siyasəti nəticəsində Azərbaycan çox çətin bir vəziyyətə düşmüşdü. Bu baxımdan da insanlar fikirləşirdilər ki, bu vəziyyətdən bizi ancaq Ümummilli Lider Heydər Əliyev xilas edə bilər. Nəticədə bir çox ziyalılar Ulu Öndərə müraciət etdilər.
1992-ci ilin aprel-may aylarında “yaş senzi” ilə bağlı mitinqlər keçirildi. Beləcə, Heydər Əliyevin prezidentliyə namizədliyini 300-dən artıq müəsssisə, təşkilat irəli sürmüşdü. Təzyiqlərə, təqiblərə baxmayaraq Azərbaycan müxtəlif bölgələrindən, yerlərdindən insanlar bu namizədliyi irəli sürməkdən çəkinmirdilər. Bu vəziyyəti görən həmin dövrdəki iqtidar 121-ci maddənin 2-ci bəndini tətbiq etdi. Həmin maddədə bildirilirdi ki, 65 yaşından yuxarı insanlar prezident seçilə bilməzlər. Beləcə Heydər Əliyevi sevən, onu Azərbaycanın xilaskarı hesab edən insanlar “yaş senzi” ilə bağlı Ali Sovetin qarşısında 21 gün mitinq keçirdilər. Həmin mitinqdə tələb edilirdi ki, anti-demokratik maddə çıxarılsın və Ümummilli Liderin namizədliyi qeydə alınsın. O dövrdə biz sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etdik. Mən özüm də həmin prosesdə iştirak edirdim. Lakin Mərkəzi Seçki Komissiyası parlamentin qəbul etdiyi Konstitusiyaya düzəlişi əsas gətirərək Ulu Öndərin namizədliyini qeydə almadı. Belə olan halda oradakı insanlar, ziyalılar düşündülər ki, bu mübarizə burada bitməməlidir. Çünki bu cür idarəçilik Azərbaycanı tam uçuruma aparır və Azərbaycanı ancaq Heydər Əliyev xilas edə bilər. Beləcə, Ümummilli Lider Heydər Əliyevlə bir neçə dəfə görüşlər keçirildi.
Sonra isə məşhur “91-lərin” Ulu Öndərə müraciəti oldu. Xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 ziyalının Ulu Öndər Heydər Əliyevə ünvanladıqları “Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir” adlı müraciətində də həmin dövrün acınacaqlı mənzərəsi öz əksini tapırdı. Buna cavab olaraq da Ümummilli Lider “91-lərin” müraciətinə fikirlərini bildirdi və Azərbaycanın düşdüyü vəziyyəti geniş şərh etdi. Həmin çıxış “Səs” qəzetində dərc edildi. Heydər Əliyev müraciətə cavabında “Əgər belə partiya yaradılmışsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram” söyləməklə Azərbaycanın düşdüyü ağır vəziyyətə biganə qalmadığını, hər zaman xalqla bir olduğunu təsdiqlədi. O Azərbaycan xalqının taleyində, Azərbaycan dövlətçiliyinin taleyində bir dönüş nöqtəsi oldu. Beləcə noyabrın 21-də Yeni Azərbaycan Partiyası (YAP) yaradıldı. YAP-ın tarixi Azərbaycan müstəqillik tarixi ilə demək olar ki, yaşıddır. YAP yaradıldıqdan, Ümummilli Lider bu Partiyaya sədr seçildikdən sonra insanlarda gələcəyə ümid artdı və nəticə etibarilə cəmi 8-9 aydan sonra YAP iqtidara gəldi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB