Almaniya Bundestaqının qəti mövqeyinə yalnız təşəkkür düşür! ANALİTİKA+FOTOLAR

Almaniya Bundestaqının qəti mövqeyinə yalnız təşəkkür düşür! ANALİTİKA+FOTOLAR

Erməni lobbisi ilə almanların sağçı AfD radikallarının təxribatları niyə baş tutmadı?

Erməni lobbisinin zaman-zaman bir sıra Qərb dövlətlərində Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatçı əməllərə rəvac verməsi heç vaxt nəticə verməyib. Belə ki, istər BMT, istərsə də digər nüfuzlu təşkilatlar ölkəmizin ərazi bütövlüyünü tanımaqla yanaşı, torpaqlarımızın 20 faizinin məhz Ermənistanın təcavüzkar siyasəti nəticəsində işğal edildiyini bəyan ediblər.

Lakin, bütün bu faktlara və rəsmi qərarlara, qətnamələrə baxmayaraq, erməni lobbisinin uğursuz cəhdləri davam etdirilir. Buna misal olaraq, bu günlərdə Almaniya Bundestaqında fəaliyyət göstərən və erməni lobbisinə yaxınlığı ilə seçilən sağçı radikal təmayüllü AfD fraksiyasının hökumətə göndərdiyi sorğusunu göstərə bilərik.

Əgər AfD ilə erməni daşnak düşüncəsini yan-yana qoyarsaq...

Qeyd edək ki, bununla bağlı alman KİV-lərində yayılmış məlumatda da bildirilir ki, sözügedən sorğuda həmçinin Dağlıq Qarabağla bağlı bəzi suallar yer alıb. Söz yox ki, buradan da açıq-aşkar təxribat qoxusunun gəldiyini istisna etmək olmaz. Daha doğrusu, almanların sağçı radikal fraksiyasının bu addımı arxasında erməni izinin olması şübhəsizdir.

Xatırlatmaq yerinə düşərdi ki, AfD fraksiyasının bir çox üzvləri əsasən, neonasizm siyasi baxışı üzərində fəaliyyət göstərməklə yanaşı, aşırı millətçilərdən ibarətdirlər. Ümumiyyətlə, onların erməni millətçiləri ilə müəyyən baxışları da üst-üstə düşdür. Əgər AfD ilə erməni daşnak düşüncəsini yan-yana qoyarsaq, bu cür bənzəmə yarana bilər. Son olay da bu cür qənaətə gəlməyə zəmin yaradır.

Adolf Hitlerin “Mənim kitabım” (“Mein Kampf”) “əsəri” bu gün onların stolüstü vəsaitlərinə çevrilib

Kiçik araşdırmalardan sonra bəlli olub ki, Almaniya faşizminin lideri, milyonlarla insanların ölümünə bais olmuş Adolf Hitlerin “Mənim kitabım” (“Mein Kampf”) “əsəri” bu gün onların stolüstü vəsaitlərinə çevrilib. İqrçilik, antisemitizm, dini və milli ayrıseçkilik, dözümsüzlük və s. bu kimi hallar hazırda da alman radikal sağçıların qeyri-sivil baxışlarında cəmlənib.

Əbəs deyil ki, Bundestaqa seçkilərdə Almaniya seçicilərinin əksəriyyəti bu cür aşırı radikal və faşizm çalarları olan AfD-yə səs verməkdən imtina edir. Yalnız seçicilərinin cüzi hissəsi onları dəstəkləyir. Bunu seçki platformalarından və onlara göstərilən münasibətlərdən də görmək mümkündür. (şəkillər aşağıda-R.N.)

Bu baxımdan, əgər nəzərə alarsaq ki, onlar işğalçılıq və təcavüz faktını dəstəkləyirlər, o cümlədən, ermənilərin millətçi və qəsbkar siyasətlərinə necə deyərlər qahmar çıxırlar onda nəyin nə yerdə olduğunu indidən agah etmək mümkündür.

Ədalətli mövqe: “AFR hökuməti qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımır”

Ancaq onu da qeyd edək ki, sözügedən sorğu erməni lobbisinin, eləcə də onlara dəstək göstərən milliyyətçi alman sağçılarının təxribatçı əməllərinin üzərindən çalın-çarpaz xətlər çəkib. Həmin sorğuya cavab olaraq bildirilib: “AFR hökuməti xüsusi olaraq vurğulayır ki, “Almaniya-Ermənistan münasibətləri” anlayışı ilə AFR və Ermənistan Respublikası arasındakı münasibətlər başa düşülməlidir. AFR hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. AFR hökuməti qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımır”.

Qəti cavab: ““Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir”

Eyni zamanda, alman hökuməti bu cəhdin qarşısını digər səlis cavabı ilə də alıb və bununla Dağlıq Qarabağın işğala məruz qalması faktını birbaşa təsdiqləyib. Misal üçün, hökumət sorğunun müvafiq bəndlərinə (Dağlıq Qarabağda insan hüquqlarının, mətbuat azadlığının, azlıqların vəziyyəti, orada yaşayan almanların sayı və s.) dair cavabında bu qeydinə istinad etməklə kifayətlənib, eyni zamanda, təxribatçı bir fikrə - “AFR hökuməti Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir?” sualına “Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir” cavabını verib. Bununla da çox yəqin ki, erməni lobbisinin almaniyalı radikal sağçılara verdikləri siyasi rüşvət batıb. O cümlədən, Almaniya hökumətinin sözügedən məsələdə ədalətli mövqe sərgiləməsi bir daha öz sübutunu tapıb. Bununla da, həm erməni lobbisinin, həm də onların radikal milliyyətçi dəstəkçilərinin necə deyərlər, “kitabları bağlanıb”.

Almaniya hökumətinə isə ədalətli mövqe sərgilədiyinə görə, əlbəttə ki, təşəkkürlər düşür...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə