AXCP-dən “Milli Şura”ya sərt sözlər SİYASİ RAKURS

AXCP-dən “Milli Şura”ya sərt sözlər SİYASİ RAKURS

Qurban Məmmədov yalnız özünü deyil, Əli Kərimlini də ifşa edib

İngiltərədə yaşayan Qurban Məmmədovun son vaxtlar “Milli Şura” rəhbərliyi ilə qarşıdurmalar yaşaması ilk olaraq, belə nəticəyə gəlməyə əsas verir ki, artıq illərdir davam edən daxili ziddiyyətlər açığa çıxmağa başlayıb. Söz yox ki, bunun əsas səbəblərindən buru maliyyə şəxsi mənfəət üzərində gedən savaşlardır. Məhz bu amil radikal düşərgənin ifşa olunmasına səbəb olmaqdadır.

İstər, Avropa ölkələrində “siyasi mühacir” adı altında var-gəl edənlər, istərsə də onların buradakı “liderləri” artıq bu kimi cəhdlərin nəticə verməyəcəyini də yaxşı anlamağa başlayıblar. Artıq nə cəmiyyət, nə də müxalifət düşərgəsində olan insanlar bu reallığı dərk etməyə başlayıblar.

Gizlinləri açığa çıxaran qarşılıqlı kompromatlar

Misal üçün, həm də “hüquq müdafiəçisi” olan “Milli Şura” üzvü Q.Məmmədovun artıq sosial şəbəkələrdə kifayət qədər izlənilmiş videoyazısının ardınca, təmsil olunduğu qurumun aparıcı şəxsləri ona qarşı söyüş və təhqir kampaniyasına başlayıblar. Söz yox ki, başda AXCP sədri Əli Kərimli və onun söyüş qrupu da daxil olmaqla, koordinasiya şurasının təmsilçiləri – Gültəkin Hacıbəyli, Eldəniz Quliyev, Oqtay Gülalıyev və başqaları qarşı tərəfin ifşası istiqamətində müxtəlif addımlar atmağa başlayıblar. Daha dəqiq desək, necə ki, Q.Məmmədov onları hakimiyyətə işləməkdə suçlayırsa, onlar da “arqrument” olaraq, onun barəsində kompromatları ictimailəşdirirlər. Söyüş və təhqrilər isə qarşılıqlı və ünvanlı şəkildə istiqamətləndirilir.

Alternativ AXCP-dən ilginc fikir: “Həmişəki kimi torbadan pişik yox, "Yurd" sədri çıxdı”

Bu arada, Ə.Kərimlinin dirijor çubuğu ilə idarə edilən “Milli Şura”da və orada baş verən hadisələr ətrafında alternativ Xalq Cəbhəsi partiyası da münasibət bildirməyi unutmayıb. Ümumiyyətlə, qeyd edilənlərlə yanaşı, digər faktorlara da toxunan alternativ AXCP rəhbərliyi ilginc ittihamlarla çıxış edib. SİA xəbər verir ki, məsələ ilə bağlı münasibət bildirən adıçəkilən partiyanın sədr müavini Ehtiram Mehdiyevə görə, artıq ənənəvi müxalifət oyunları gedir və yenə də birincilik və maliyyə savaşı bu oyunların tərkib hissəsinə çevrilib.

“Həmişəki kimi torbadan pişik yox, "Yurd" sədri çıxdı”, deyə AXCP sədrini nəzərdə tutan E.Mehdiyev həmçinin bildirib ki, guya qaçqın kimi gedib "qoca qitə"yə pənah aparanlar oradakı dövlətlərin humanistliyinə ümid bağlayırıar: "Beləliklə də min oyundan çıxdınız. Özünüzü "demokratiya carçısı", "vicdan məhbusu", az qala seksual oriyentasiyasına görə "təqib və təzyiqlərə" məruz qalan müxalifətçi" kimi göstərdiniz, bacardığınız qədər yalan danışmağa çalışdınız. Min əzab-əziyyətdən sonra özünüzə bir "koma" tapa bildiniz. Sonra Bakıdakı havadarlarınızdan güc alaraq, monitor arxasından hakimiyyətə qarşı müharibəyə başladınız. Şəxsi maraqlarınız və yalanlarınızla özünüzdən "qəhrəman" obrazı yaratdınız. Hərəniz bir video çəkib səhifələrdə günü yüz dollara reklama çıxartdınız. Az qala insanlar sizə "xilaskar" kimi baxırdılar. İndi də bir-birinizi qırırsınız. Bəs nə oldu sevdanız?"

Cəbhəçi funksioner: “Demokratiya” libasına bürünmüş "qəhrəmanlar" üçün siyasi mübarizə sadəcə şəxsi maraqlar və insan taleyi üzərində qurulub”

Alternativ AXCP-nin rəsmisi bildirib ki, məhz Q.Məmmədovun məlum videoyazısından sonra "qəhrəmanlar"ın necə anti-qəhrəman olduğunu hamı gördü: "Onu da yaxşı gördük ki, Q.Məmmədov özü ilə yanaşı, “Milli Şura”nı və Ə.Kərimlini də ifşa etdi. Bütün bu faktlar bir daha onu təsdiq edir ki, “demokratiya” libasına bürünmüş "qəhrəmanlar" üçün siyasi mübarizə sadəcə şəxsi maraqlar və insan taleyi üzərində qurulub”.

E.Mehdiyev qeyd edib ki, bu gün özlərini necə deyərlər, “aydan arı, sudan duru” göstərməyə çalışanlar əslində, nə qədər çirkaba bulaşdıqlarını daha açıq formada sərgiləmiş olurlar. Ümumiyyətlə, Avropa ölkələrində müxtəlif xarici təşkilatlara agentlik edənlərin anarxiya, xaos çağırışları səmərəsiz qalacaq və cəmiyyətin onlara qarşı nifrət həddi daha da artmış olacaq.

Reallıq: “İnanmıram, xalq sizin Avropadan xaosa, anarxiyaya bənzər bağırtılarınıza inansın”

Bu baxımdan, “indi heç kim özünü qar kimi təmiz göstərməyə çalışmasın”, deyə qarşı tərəfə xitab edən alternativ AXCP-nin funksioneri ayrı-ayrılıqda adlar da çəkməyi unutmayıb: “İstər Qurban Məmmədov olsun, istər Vidadi İsgəndərli, yaxud Qənimət Zahid, Nahid Cəfərov, Məhəmməd Mirzəli və digərlərini özləri kimi artıq cəmiyyət də yaxşı tanıdı. Onların qarşısına qoyulan əsas strateji xətt heç də vətənpərvərlik, dövlətçilik deyildi. Sadəcə və sadəcə şəxsi maraqlar idi. İnanmıram, xalq sizin Avropadan xaosa, anarxiyaya bənzər bağırtılarınıza inansın”.

Beləliklə, ictimai rəy tərəflərin bir-birlərinin ifşası istiqamətində apardıqları oyunlardan əsl həqiqəti görməyə başlayır və bu həqiqət reallıqda radikal və dağıdıcı təfəkkürə malik olan ünsürlərin siyasi ölümü ilə nəticəsini tapacaq. Artıq, bu faktlar açıq-aydın ortadadır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə