Yaxud Xocalı soyqırımını törətmiş işğalçı bir dövlətdə sülh, insan hüquq və azadlıqları haqqında danışmaq özü Frankafoniya ideyalarına xəyanət deyilmi?
Ermənistanda Frankafoniya təşkilatının tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Bu təşkilatın nizamnaməsinə, məramnaməsinə və ideyalarına diqqət yetirdikdə, heç cür anlamaq olmur ki, nə üçün Frankafoniya Ermənistanda sammit keçirmək qərarına gəlib?
Frankafoniya təşkilatı fransızdilli ölkələri özündə birləşdirir. Dünyanın 58 dövlətini əhatə edən bu təşkilatda daha 26 ölkə müşahidəçi qismində istirak edir. Ermənistan bu təşkilatın üzvü olsa da, Yerevan Frankafoniyanın fəlsəfəsinə uyğun olmayan kriteriyalara malikdir. Çünki əsası humanizm, sülh, insan hüquq və azadlıqları kimi dəyərlər üzərində qoyulmuş bir təşkilat, XX əsrin ən böyük faciələrindən birini - Xocalı soyqırımını törədib və bunu ən yüksək səviyyədə dəfələrlə utanmadan və qürur duyaraq etiraf etmiş bir dövlətin ərazisində, nəinki özünün zirvə görüşünü keçirməklə, hətta bu dövləti üzvlüyə qəbul etməklə nizamnaməsinə xəyanət edib. Digər tərəfdən, Frankafoniyanın əsasında fransiz dili amili durur. Amma Ermənistanı, heç bir halda, fransız dilli ölkə adlandırmaq olmaz. Ona görə də, Ermənistanın bu təşkilata götürülməsi hansı amilə əsaslanıb?
Eyni zamanda, dünyada sülhün dəstəklənməsini təşviq edən bu təşkilatın nümayəndələrinin işğalçı bir ölkədə sammit keçirməsi təmsil olunduqları dövlətlərin Azərbaycanla olan münasibətlərinin ruhuna ziddir. Çünki təşkilat üzvləri ayrı-ayrılıqda və ya beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını tanımışdır və hətta bir çox hallarda qəti şəkildə pisləyib. Üzvlərin bir qismi Avropa Şurasında və digər bir qismi İslam Əməkdaşlıq Təşkilatında Dağlıq Qarabağın işğal faktını təsdiqləyib.
Ermənistan bir ölkə olaraq, hal-hazırda səfalət içərisində yaşayır. Sıravi erməni vətəndaşlar ailələrini dolandırmaq üçün xarici ölkələrə üz tutur, oralarda nökərçilik edirlər. Ermənistan dövləti isə, xarici ianələr hesabına mövcudluğunu davam etdirir. Belə bir vaxtda bu qədər xarici qonağı qəbul etməyə Ermənistanın nə maddi imkanı, nə də logistik şəraiti var. Nümayəndə heyətlərini qarşılamaq üçün xüsusi avtomobillər, həmçinin, qonaqların yerləşdirilməsi üçün mehmanxana belə tapılmır. Ermənistanda kimin kimə və nəyə xidmət etdiyi məlum deyil. Öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilməyən bir dövlət bu qədər qonağın təhlükəsizliyini necə təmin edə biləcək? Təkmillətli və təkdinli bir cəmiyyət bu qədər fərqli etnik struktura, inanca, dünyagörüşünə malik insanlara nə qədər dözümlülük göstərə biləcək? Təhlükə hiss etdikdə, öz xalqını belə gülləbaran etməyə çəkinməyən Ermənistan güc strukturları nümayəndə heyətlərinin qeydinə qalacaqmı?
Ümumiyyətlə, Ermənistan hər zamankı kimi təxribatçı əməllərə əl atmağa, tədbirin gündəliyinin siyasiləşdirilməsinə çalışa bilər. Nəzərə almaq lazımdır ki, sammitdə iştirak edən üzv dövlətlər arasında Azərbaycana dost münasibətdə olan İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətləri, Avropa və Asiya ölkələri də vardır. Bu mənada, Ermənistan yekun sənədə Azərbaycanın maraqlarına zidd olan müddəa təklif edərək, həmin ölkələrin Azərbaycanla münasibətlərinə də zərbə vurmağa çalışacaq. Lakin Avropa Şurası və İƏT-ə üzv, eləcə də, digər dost ölkələrin sammitdə iştirak etməsi həm tədbirin gedişində, həm də yekun sənəddə Ermənistan hakim dairələrinin Azərbaycana qarşı propaqanda məqsədli addımına mane olacaq. Elə Frankafoniya təşkilatının lideri hesab olunan Fransanın özünün Minsk Qrupunun həmsədri kimi neytrallığını, imicini və bir tərəfdaş kimi Azərbaycandakı iqtisadi maraqlarını qorumaq naminə Ermənistanın özündə belə bir təxribatçı addımı əngəlləyən əsas ölkə olacağına ümid edirik.
"Səs" Analitik Qrupu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB