RP-dən Paşinyana: “Bu, spekulyasiyadır, manipulyasiyadır” QARŞIDURMA

RP-dən Paşinyana: “Bu, spekulyasiyadır, manipulyasiyadır” QARŞIDURMA

Ermənistanın Respublika partiyasının parlament fraksiyası bəyan edib ki, baş nazir Nikol Paşinyanla heç bir razılığa gəlməyib və ona hər hansı bir məsələdə söz verməyib. SİA Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bəyanatın yayılmasına səbəb Paşinyanın növbədənkənar seçkilərin dekabr ayında keçirilməsi ilə bağlı irəli sürdüyü iddiasıdır. O, buna qədər Respublika partiyası da daxil olmaqla, digər parlament gücləri ilə müzakirələr apardığını və ilkin razılığa gəlindiyini demişdi.

Lakin parlament çoxluğu olan Respublika partiyası baş nazirin bu və ya digər fikirlərini rədd etməklə yanaşı, onun davranışlarını da pisləyib. Paşinyanın parlament binası ətrafına tərəfdarlarını toplayaraq, onun giriş və çıxışını əngəlləməsi vəziyyəti daha da gərginləşdirib. “Qanun tənzimləmələri Ermənistan konstitusiyasının ciddi uçotu əsasında təmin olunur”, deyə qeyd edilən bəyanatda o da bildirilir ki, bütün iclaslar, o cümlədən baş nazirin seçilməsi də daxil olmaqla tənzimlənməkdədir: “Təklif edilən prosedur çox sadədir: parlamentin iclasları o vaxta qədər təxirə salınır ki, iclasların normal halda keçirilməsi təmin edilsin. Guya anti-konstitusiya layihəsinin işlənilməsi ətrafındakı spekulyasiyalar manipulyasiyadır, belə ki, layihə heç bir halda konstitusiya müddətini dəyişmir, sadəcə, parlamentin fəaliyyətinə aid olan reqlamenti müəyyənləşdirir”.

Respublika partiyası digər ölkələrdə də bənzər vəziyyətlərin olduğunu bəyan edərək, kütləvi mitinqərin təşkili ilə bağlı qanun layihəsinin qəbulundan sonra Paşinyanın bu məsələyə dərhal reaksiya verdiyini və faktiki olaraq, tərəfdarları ilə parlament binasını mühasirəyə aldığını bəyan edib. “Baş nazirin deputatların azad şəkildə hərəkət etmələri ilə bağlı zəmanət verməsinə baxmayaraq, bu təkliflər ümumiyyətlə nəzərə alınmadı”, sözügedən bəyanatda bildirilir.

Xatırladaq ki, Respublika partiyası parlament seçkilərinin aprel-may aylarında keçirilməsinin tərəfdarı kimi çıxış edir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə