Noyabrda “Azərkimya”nın istehsalat göstəriciləri oktyabrla müqayisədə 33 faiz artıb

Noyabrda “Azərkimya”nın istehsalat göstəriciləri oktyabrla müqayisədə 33 faiz artıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda başa çatdırılmış əsaslı təmirdən sonra kimyaçılar yüksək təzyiqli polietilen istehsalı üzrə aylıq proqnoza artıqlaması ilə əməl ediblər. "Azərkimya"dan SİA-ya verilən xəbərə görə, zavodda, həmçinin digər kimya müəssisələrində istehsalat sahələrinin tədricən işə salınmasının nəticəsi olaraq Birlik üzrə istehsal həcmi oktyabr ayı ilə müqayisədə noyabrda 33 faizdən artıq yüksəlib. Əmtəəlik məhsulun ümumi artımı ötən ilin müvafiq dövrünə nisbətən 8,1 faiz təşkil edib. Ayrı-ayrı kimya məhsulları üzrə bu göstərici daha yüksək olub.

"Azərikimya" İB-nin kollektivi son bir neçə ay ərzində ümumilikdə bütün kimya müəssisələri üzrə texnoloji tsiklin tam təmin edilməsi məqsədi ilə Səthi aktiv maddələr, "Üzvi sintez" və Etilen-polietilen zavodlarında "xammal–yarımfabrikat–hazır məhsul" prinsipi üzrə maneəsiz istehsal fəaliyyətinə nail olunub. Noyabr ayında Səthi aktiv maddələr və "Üzvi sintez" zavodlarında istehsal edilən məhsulun həcmi proqnozda nəzərdə tutulduğundan 30 faizə qədər çox olub. Müəssisələrdə kaustik soda, maye xlor, poliefir qətranı istehsalı üzrə tapşırıqlar uğurla yerinə yetirilib, etilen, propilen, butadien-divinil fraksiyası və piroliz qətranının istehsalı üzrə daha yüksək nəticələr əldə edilib. Təqdirəlayiq haldır ki, əvvəllər istehsalatda yaranana problemləri və geriliyi qətiyyətlə aradan qaldırmaq əzmi ilə çalışan birlik kollektivi son illərdə itirməkdə olduğu alıcı şəbəkəsini bərpa etməklə yanaşı, onun genişləndirilməsinə də nail ola bilib.

Son 2 ay ərzində Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan müəssisələri ilə yanaşı Türkiyə və İraq təmsilçiləri də "Azərikimya" İB-nin məhsullarının sifarişçiləri sırasına qoşulub. Yaxın günlərdə isə qiymətli kimyəvi məhsul olan polietilenin Çin Xalq Respublikasına yola salınması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə