Aydın Quliyev: “Ayrıca media Ombudsmanının yaradılması daha səmərəli olar” - MÖVQE

Aydın Quliyev: “Ayrıca media Ombudsmanının yaradılması daha səmərəli olar” - MÖVQE

"Ayrıca olaraq İnformasiya üzrə ombudsmanın yaradılması daha çox səmərə verə bilər". SİA-ya bu sözləri "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev media ombudsmanı institutunun səlahiyyətin indiki Ombudsmana verilməsi ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunan qanun layihəsinə münasibət bildirərkən deyib.

 

Müstəqil media ombudsmanının yaradılması halında mətbuatla daha peşəkar, daha səmərəli səviyyədə işləmək üçün imkanın olacağını deyən baş redaktor hesab edir ki, bu halda mətbuatla daha çox maraqlanmaq üçün vaxt ayırmaq olar: "2005-ci ildə qəbul olunan "Mətbuat azadlığı haqqında" qanunda da göstərilib ki, media ombudsmanı ayrıca bir institut kimi yaradılmalıdır. Onu da qeyd edim ki, bu məsələ ilə bağlı müxtəlif ölkələr fərqli modellərdən istifadə edir. Bir sıra ölkələr var ki, orada media ombudsmanı müstəqil fəaliyyət görtərir. Bəzi ölkələrdə isə media hüququ ilə bağlı ümumi ombudsman məşğul olur. Mənim fikrim isə budur ki, ombudsmanın kim olmasından asılı olmayaraq biz media ombudsmanının müstəqil fəaliyyət göstərdiyi ölkələrin təcrübəsindən yararlanmalıyıq. Bu həm də ona imkan verər ki, 2005-ci ildə qəbul etdiyimiz "Mətbuat azadlığı haqqında" qanunu icra edək".

 

Qeyd edək ki, qanun layihəsinin müzakirəsi zamanı millət vəkilləri Fazil Qəzənfəroğlu və Qüdrət Həsənquliyev indiki Ombudsmana bu sahədə də səlahiyyətlər verilməsinin onun işini kifayət qədər mürəkkəbləşdirəcəyini bildiriblər. Müzakirədə iştirak edən ATƏT-in Bakı ofisinin nümayəndəsi Monika Meltes media üzrə ayrıca ombudsman institutunun yaradılmasının məqsədəuyğun olduğunu deyib. Milli Məclisin plenar iclasına tövsiyə olunan qanun layihəsi haqqında Mətbuat Şurasının sədri Əflatun Amaşov da münasibət bildirib. Mətbuata açıqlamasında qanunla ayrıca olaraq İnformasiya üzrə Ombudsmanının yaradılmasının nəzərdə tutulduğunu xatırladan Ə.Amaşov bununla belə müzakirələrin başlanmasını mütərəqqi hesab: "Media ombudsmanın əsas vəzifəsi vətəndaşların ilk mənbədən informasiya almaq imkanlarını təmin etməkdir. Bu yerinə yetiriləcəksə, yüksək qiymətləndirəcəyik".

 

Zaman-zaman mətbuatda müzakirə olunan Mətbuat Şurasının səlahiyyətlərinin artırılması ilə bağlı məsələyə də toxunan baş redaktor qeyd edib ki, Şuranın səlahiyyətləri artırılmalıdır: "Konkret olaraq Şuraya əlavə olaraq verilməsi lazım olan səlahiyyətlərin adını çəkmək istəmirəm. Bu barədə kifayət qədər müzakirələr aparılıb və tövsiyələr verilib. Mətbuat Şurasının əlində onun həyata keçirdiyi işlər baxımından hüququ təsir müxanizmləri olsa daha yaxşı olar".

Bütün xəbərlər Facebook səhifəmizdə