100 il öncə Bakı erməni-bolşevik birləşmələrindən azad olunub ŞANLI TARİX

100 il öncə Bakı erməni-bolşevik birləşmələrindən azad olunub ŞANLI TARİX

Azərbaycan xalqı növbəti tarixi hadisənin ildönümünü qeyd edir. Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 100-cü ili tamam olur. Belə ki, 1918-ci il sentyabrın 15-də Azərbaycanın yeni yaradılmış Milli Ordusu ilə Türkiyənin Qafqaz İslam Ordusunun əsgərləri paytaxt Bakını bolşevik-daşnak işğalından azad edərək, bu şanlı tarixi Azərbaycan dövlətinin tarixinə qızıl hərflərlə həkk ediblər. Beləliklə, öz müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı hegemonluqlarına son qoyulub, ölkədə müstəqil siyasət yeridilməyə başlanılıb.

Tarixi faktlara əsaslanaraq qeyd edə bilərik ki, Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Çünki 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında qalmaqda idi. Məhz bu amil Azərbaycanın dövlət müstəqilliyini təhlükə altında saxlayırdı.

Osmanlı Türkiyəsi həmin tarixlərdə qardaş Azərbaycanın ərazi bütövlüyünün təhlükə altında qalmasından narahat idi və hələ də beynəlxalq aləmdə tanınmayan gənc Azərbaycan dövlətini bu problemlərdən qurtarmaqda kömək məqsədi ilə Türkiyə tərəfi Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini ölkəmizə göndərdi. Həmin ərəfələrdə Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, o cümlədən, Osmanlı Türkiyəsinin ağır siyasi-iqtisadi böhran yaşamasına rəğmən, qardaş ölkə 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi və Azərbaycanın müstəqilliyini təmin etmək üçün düşmən qüvvələrə Milli Ordumuzla birgə ağır zərbələr endirdi.

Beləliklə, sentyabr ayının 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordusunun əlahiddə Korpusu Bakını bolşevik-daşnak işğalçılardan azad etdi. Məhz bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.

Bu gün belə bir şanlı tarixin qeyd olunması məqsədi ilə Bakıda hərbi paradın keçiriləcək.

Azadlıq Meydanında baş tutacaq paradın aparıcısı əməkdar incəsənət xadimi, prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani olacaq. O, bu il 26 iyun Silahlı Qüvvələr günündə keçirilmiş hərbi paradın da aparıcısı olub.

Parada Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər qurumların müvafiq strukturlarının şəxsi heyəti və minik vasitələri cəlb edilib. Ssenariyə əsasən parad iştirakçıları Bakının küçələrindən Azərbaycan və Türkiyə bayraqlarının öndərliyi ilə 100 il bundan əvvəl Azərbaycan və Osmanlı ordusunun hərbi geyimlərində, süvari və piyada ordu şəklində keçəcəklər.

Qafqaz İslam Ordusunun azad etdiyi şəhərdə keçiriləcək bu möhtəşəm paradda Azərbaycan Prezidenti İlham Əliyevlə bərabər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə