Politoloq: "ATƏT Ermənistanın sərsəm iddialarına reaksiya verməlidir" MÖVQE-ÖZƏL
“Əgər Ermənistanın baş naziri Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olması ilə bağlı reallıqdan uzaq, sərsəm bəyanatlar verirsə, əlbəttə, ATƏT buna məsələyə reaksiya verməlidir. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağın həlli istiqamətində vasitəçi olaraq problemin tez bir zamanda həllində və regionun təhlükəsizliyi məsələsində maraqlıdırsa, o zaman bu istiqamətdə mütləq şəkildə addımlar atmalı, bəyanatlarla çıxış etməlidir”. Bu fikirlər SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin ATƏT-in baş katibi Tomas Qremingeri ilə görüşünü xatırladan politoloq bildirib ki, görüş zamanı Dövlət başçısı hər dəfə olduğu kimi bu dəfə də məsələ ilə bağlı Azərbaycanın prinsipal mövqeyini ortaya qoydu:
“Hesab edirəm ki, bunu həm ATƏT-in baş katibi, həm həmsədrlər, həm də Ermənistanın baş naziri Nikol Paşinyan eşitdi. Ermənistan rəhbərliyinin söylədiyi iddialar nəinki beynəlxalq hüquq normalarına ziddir, eyni zamanda Paşinyanın ATƏT-in sənədlərindən xəbəri olmadığını göstərir. Çünki, onun iddiaları uydurma və əsassızdır”.
F.Sadıqovun sözlərinə görə, artıq Ermənistanda Paşinyana qarşı ciddi müqavimət göstərilir: “Bildiyiniz kimi Azərbaycan Prezidentinin Soçiyə səfəri zamanı bir sıra mühüm məsələlər müzakirə olunmaqla yanaşı, vacib sənədlər də imzalandı. Lakin Paşinyanın Moskvaya səfəri şifahi bəyanatlarla yekunlaşdı. Hətta o bu görüşdən sonra Rusiya maraqlarına ziddiyyətli hərəkətlər də etdi. Belə ki, Putinin Koçaryanı doğum günü münasibətilə təbrikinin əksinə gedən Paşinyan ona qarşı ikinci cinayət işini açdı. Paşinyanıın özünü aparmaq tərzi şübhə yaradır. Bütün bunlar onun çətin və çıxılmaz vəziyyətə düşdüyünü göstərir. Artıq Ermənistanın siyasi dairələri də Paşinyana qarşı addımlar atmağa başlayıblar. Son zamanlar düşmən ölkənin güc strukturlarının rəhbərləri arasında telefon danışıqlarının sosial şəbəkələrdə yayılması da təsadüfi deyil. Bütün bunlar Ermənistanda Paşinyana edilən müqavimətin göstəricisidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB