Ucarda sahibkarlara güzəştli kredit verilib

Ucarda sahibkarlara güzəştli kredit verilib
İqtisadi İnkişaf Nazirliyinin (İİN) Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafına dövlət dəstəyi, sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsi məqsədilə "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini dekabrın 3-də Ucar rayonunda keçirib. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə müasir texnologiyaların tətbiqi ilə istehsalın yenidən qurulması və təsərrüfat fəaliyyətinin genişləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmiş "Ucar-Broyler" MMC-nin fəaliyyətinə baxış keçirilib.

Sonra "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri öz işinə başlayıb.

Ucar və ətraf rayonlarda fəaliyyət göstərən 150-dək sahibkarın iştirak etdiyi tədbiri giriş sözü ilə açan Ucar rayon İcra Hakimiyyəti başçısının müavini Əbil Mehtiyev son illər regionların sürətlə inkişaf etdiyini, dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində məşğulluğun səviyyəsinin artdığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini bildirib. Sürətlə inkişaf edən ölkəmizin bütün regionlarında olduğu kimi, Ucarda da yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılıb, yeni iş yerləri açılıb. Hazırda bu sahədə işlər davam etdirilir.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və güzəştli kreditlər hesabına bölgələrdə həyata keçirilən layihələr barədə məlumat verib. Direktor bildirib ki, Fond 2010-cu ilin ötən dövründə 1303 sahibkara 100,3 milyon manat güzəştli kredit verib. Bu kreditlər hesabına 4900-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 99,8%-i respublikanın regionlarının payına düşür.

İİN-nin Regionların inkişafı və dövlət proqramları şöbəsinin baş məsləhətçisi Hüseyn Məmmədov çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadi siyasətin prioritetlərindən birinə çevrilmiş regionların sosial-iqtisadi inkişafının sürətlə davam etdirildiyini vurğulayıb. Onun sözlərinə görə, məqsədli dövlət proqramlarının uğurlu icrası regionların iqtisadi mənzərəsini dəyişib, iqtisadiyyatın bütün sahələri inkişaf edib, əhalinin məşğulluq səviyyəsinin artırılmasına nail olunub.

İİN-nin Bakı Biznes Tədris Mərkəzinin şöbə müdiri Vidadi Baxışov Mərkəzin fəaliyyəti barədə məlumat verib. Baxışov bildirib ki, Bakı Biznes Tədris Mərkəzinin əsas fəaliyyət istiqamətləri ölkədə sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi, onlara informasiya və məsləhət xidmətlərinin göstərilməsi, regionlarda işgüzar fəallığın daha da artırılmasıdır. Şöbə müdiri biznes tədrisinin təkmilləşdirilməsinin, qabaqcıl təcrübə mübadiləsi praktikasının tətbiqi və regionlarda müntəzəm olaraq keçirilən treninqlərin özəl sektorun inkişafına dövlət dəstəyi tədbirlərinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

Tədbirdə sahibkarlar üçün "Güzəştli kreditlərin verilməsi mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunması" mövzusunda treninq keçirilib və metodiki materiallar paylanıb.

Tədbir çərçivəsində həmçinin, müvəkkil kredit təşkilatları vasitəsilə Ucar və ətraf rayonlarda fəaliyyət göstərən 34 sahibkarlıq subyektinə 400 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 70-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bundan əlavə, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"-na uyğun olaraq, tədbirdə Ucar rayonunun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi məqsədilə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla güzəştli şərtlərlə maliyyələşdirilməsi daha məqsədəuyğun hesab olunan sahələr üzrə müzakirələr aparılıb.

Qeyd edək ki, sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri digər rayonlarda da davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə