Azərbaycan regionda və dünyada əsas nəqliyyat mərkəzinə çevrilib ANALİZ
Ölkəmiz Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə və bu sahədə uğurlu layihələr həyata keçirməklə dünyanın nəqliyyat xəritəsinə yeni imkanlar əlavə edib
Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və uzaqgörən iqtisadi siyasət nəticəsində ölkəmizdə müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sisteminin səmərəli idarə olunması istiqamətində böyük uğurlar əldə olunub. Bu uğurlar eyni zamanda, qeyri-neft sektorunun inkişafına öz böyük töhfələrini verməkdədir. Ümumiyyətlə, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə və bu sahədə uğurlu layihələr həyata keçirməklə dünyanın nəqliyyat xəritəsinə yeni imkanlar əlavə edib. Bu layihələr ölkəmizin əsas nəqliyyat və logistika mərkəzinə çevrilməsinə münbit imkanlar yaradıb.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” öz fəaliyyətini uğurla davam etdirməkdədir
Həmin layihələrin ən əsası Azərbaycan, Gürcüstan və Türkiyənin reallaşdırdığı və ölkəmizin təşəbbüsü olan Bakı-Tbilisi-Qars dəmir yoludur. Bu dəmir yolunu daha əhəmiyyətli edən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və həmin ərazidə yaradılmaqda olan Azad Ticarət Zonasıdır.
Ümumiyyətlə, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafında aparıcı qurumlardan olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” öz fəaliyyətini uğurla davam etdirməkdədir. Belə ki, 2018-ci ilin birinci yarımilində yükaşırmanın həcmi 2 milyon tona çatıb. Ümumi yükaşırmanın 86%-i tranzit yüklərin payına düşüb. Hesabat dövrü ərzində ən çox artım konteyner aşırılmasında qeydə alınıb. Belə ki, 2018-ci ilin birinci yarımilində TEU ekvivalentində 10746 ədəd konteyner aşırılması qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 53% artım deməkdir.
Sərnişin daşımasında isə 37 faiz artım müşayiət olunubdur. Belə ki, cari ilin yarımilində 19 965 sərnişin Bakı Limanının imkanlarından istifadə edib. Onlardan 16 526 sərnişin (82.8 %) Türkmənistan, 3 439 sərnişin (17.2%) isə Qazaxıstan və əks istiqamətdə səfərlər ediblər.
Ələt qəsəbəsində yerləşən Bərə Terminalında vaqon aşırılması 1%-ə yaxın artaraq 21 960 ədədə çatıb. Vaqonların 9 409-i (42.8%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 161 vaqon (0.8%) Bakı-Aktau-Bakı istiqamətində, 12 390 vaqon (56.4%) isə Bakı-Kurik-Bakı istiqamətində hərəkət edib.
Hesabat dövrü ərzində Bakı Limanından istifadə edən iri həcmli nəqliyyat vasitələrinin sayı 9 512 ədədə çatıb. Bunlardan 5 353 ədədi (56.3%) Bakı-Türkmənbaşı-Bakı istiqaməti, 4 047 ədədi (42.5%) Bakı-Aktau-Bakı istiqaməti, 112 ədədi (1.2%) isə Bakı-Kurik-Bakı istiqaməti üzrə hərəkət edib.
Cari ilin birinci 6 ayında neft terminalında xam neft və neft məhsullarının aşırılması 30 faiz artaraq 280 min tona çatıb.
Rəşt-Astara dəmir yolunun istismarının yekunlaşması mühüm proqnozlar verir
Digər mühüm məqamlardan biri də Rəşt-Astara dəmir yolunun yekunlaşması və istismara verilməsi ilə bağlı verilən mühüm proqnozlardır. Belə ki, bu layihə yekunlaşandan sonra regionda ticarət əlaqələrinin genişlənməsinə kifayət qədər əhəmiyyətli imkanlar yaranacaq. Qeyd edək ki, İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Gilan vilayətində dövlət və özəl sektor nümayəndələrinin birgə görüşü zamanında bu fikirləri irəli sürüb. İran Prezidenti Həsən Ruhaninin layihə üzrə işlərin sürətləndirilməsi ilə bağlı tövsiyəsini xatırladan səfir qeyd edib ki, dəmir yolu və ondan istifadə "nəhəng neft quyusu"na bərabərdir.
Onu da xatırladaq ki, Azərbaycan Astara-Rəşt dəmir yolunun inşasının davam etdirilməsi üçün 500 milyon dollar kredit ayırıb. Bu yolun tikilib başa çatdırılması iki qonşu və dost dövlətin iqtisadi əlaqələrini daha da artıracaq. Bu sözləri İranın xarici işlər nazirinin beynəlxalq iqtisadi əlaqələr üzrə müavini Qulamrza Ənsari Astara şəhərinə səfəri zamanı deyib. Q.Ənsari diqqətə çatdırıb ki, Astara-Rəşt dəmir yolu xətti “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tamamlanması üçün əsas yoldur. Bu yol Fars körfəzi ilə Qərbi Avropa ölkələrini nəqliyyat baxımından birləşdirəcək. Regionun iqtisadi inkişafına böyük təkan verəcək. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi yalnız İran və Azərbaycanın deyil bu marşrut ilə ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artıran digər region dövlətlərinin də inkişafında əhəmiyyətli rol oynayacaq. Onun sözlərinə görə bu dəmir yolu Bəndər-Abbas-Qəzvin, Qəzvin-Rəşt, Rəşt-Astara şəhərlərini birləşdirəcək. Cənub Şərqi Asiya ölkələrindən mallar Fars körfəzi sahillərinə buradan İran Astarasına oradan isə Azərbaycan və Rusiya üzərindən daşınaraq Qərbi Avropaya çatdırılacaq.
Azərbaycan və İran gömrük xidmətlərinin uğurlu əməkdaşlıqları davam edir
Yeri gəlmişkən, digər bir mühüm məqam bu ilin iyulunda Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüşünün keçirilməsidir. Heyətlər İranın Culfa və Azərbaycanın Naxçıvan şəhərində bir araya gəliblər.
Azərbaycanı DGK sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov, İranı isə maliyyə və iqtisadiyyat nazirinin müavini, Gömrük Administrasiyasının prezidenti Fərud Əsgəri və digər rəsmi şəxslər təmsil ediblər.
Culfada baş tutan görüşdə Azərbaycan və İran gömrükçülərinin vaxtaşırı keçirilən görüşlərinin qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, eləcə də iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyi bildirilib.
Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş daha sonra Naxçıvan şəhərində davam etdirilib. Görüş Naxçıvan Muxtar Respublikasının Ali Məclisində İran maliyyə və iqtisadiyyat nazirinin müavini, Gömrük Administrasiyasının prezidenti F.Əsgərinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilib. Ali Məclisin sədri Vasif Talıbovla görüşdə F.Əsgəri deyib ki, bu gün İran və Azərbaycan gömrük nümayəndələri arasında keçirilən görüşdə gömrük-keçid məntəqələrinin iş saatının artırılması, yüklərin tranzit keçidinin sadələşdirilməsi və sürətləndirilməsi, eləcə də elektron məlumat mübadiləsinin aparılması ilə bağlı məsələlər müzakirə olunub. Qonaq İran ilə Naxçıvan MR arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında gömrük sahəsindəki əməkdaşlığın əhəmiyyətini qeyd edib və bu sahədə səylərin artırılacağını bildirib.
Qeyd edək ki, görüşün sonunda "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və İran İslam Respublikası Gömrük İdarəsi arasında 2018-2019-cu illər üçün gömrük hüquqpozmaları ilə mübarizə sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsi üzrə Tədbirlər Planı" və Azərbaycan Respublikası və İran İslam Respublikası gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüşün Protokolu imzalanıb.
Azərbaycan və Rusiya gömrük xidmətlərinin əməkdaşlıq səviyyəsi yüksəkdir
Bu istiqamətdə Azərbaycanla Rusiya arasında da münbit əməkdaşlıq mövcuddur. Belə ki, bu ilin iyulunda Dövlət Gömrük Komitəsində Rusiya Gömrük Akademiyasının rəisi, professor Vladimir Mantusovla görüş keçirilib. Rusiya Gömrük Akademiyasının rəhbəri qeyd edib ki, "Şimal-Cənub" nəqliyyat dəhlizi beynəlxalq yükdaşımalarda xərclərin azalmasına səbəb olacaq. Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev isə öz növbəsində Azərbaycan və Rusiya arasında bütün sahələrdə mehriban qonşuluq və səmərəli əməkdaşlıq əlaqələrindən, qarşılıqlı münasibətlərin inkişafından bəhs edib.
Qazaxıstan Dəmir Yollarının İdarə heyəti sədrinin müavini Maksat Kabaşev: “Transxəzər marşrutu tarixi Böyük İpək Yolu ticarət marşrutunun varisidir”
Qazaxıstan Dəmir Yollarının İdarə heyəti sədrinin müavini Maksat Kabaşev isə Azərbaycan mediasına verdiyi açıqlamasında Transxəzər marşutu üzrə əmtəə dövriyyəsinə toxunaraq bildirib ki, həmin dövriyyə 2020-ci ildə xeyli artacaq. Onun sözlərinə görə, marşruta istiqamətlənən yük bazasını Avropa, Çin və Türkiyə ticarət tərəfdaşlarının bazarları təmsil edir: “Marşrutun səmərəliliyi yük axınının artması, həmçinin gələcəkdə Marmaray yük tunelinin istifadə edilməsi və Avropanın Pan-Avropa dəhlizləri sisteminə qoşulmaqla artacaq. Dəmir yolu qatarlarının İstanbula birbaşa çıxışını təmin etmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi başa çatdıqdan sonra Mersin limanına gələn ilk qatar Qazaxıstan taxılını gətirib. 2018-ci ilin yanvarından iyununadək sözügedən marşrutla Qazaxıstanın 1073 konteynerlik taxıl yükləri daşınıb”.
M.Kabaşev qeyd edib ki, Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mərkəzi hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolunun tarixi əhəmiyyətini yüksək qiymətləndirir: “Transxəzər marşrutu tarixi Böyük İpək Yolu ticarət marşrutunun varisidir. Qazaxıstan-Bakı-Tbilisi-Qars, gözlənildiyi kimi, avtomobil nəqliyyatı və Qara dəniz vasitəsilə dəniz yoluna əlavə olaraq Qazaxıstan və Türkiyə arasında ixrac, idxal və tranzit yüklərin nəqli imkanlarının gələcəkdə daha da artmasına səbəb olacaq”.
Latviya Nəqliyyat Nazirliyi: “Mütəmadi konteyner əlaqəsinin təmin edilməsi üçün Hindistan-İran-Azərbaycan-Rusiya-Latviya multimodal marşrutu yaradılır”
Qeyd edək ki, Azərbaycanın digər post sovet məkanı ölkələri ilə də nəqliyyat üzrə əməkdaşlıq faktorları artmaqdadır. Belə ki, Azərbaycan və Latviyanın iştirakı ilə yeni multimodal marşrut yaradılacağı barədə informasiya verilib. Lakin multimodal marşrut digər ölkələri də əhatə edəcək. Latviya Nəqliyyat Nazirliyindən ölkə mətbuatına verilən məlumata görə, ölkələr arasında mütəmadi konteyner əlaqəsinin təmin edilməsi üçün Hindistan-İran-Azərbaycan-Rusiya-Latviya multimodal marşrutu yaradılacaq. Qurumdan bildirildiyinə görə, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi "Latviya Dəmir Yolları" QSC qismində Latviyanın logistika sahəsinin prioritetləri siyahısına daxildir: "Mütəmadi konteyner əlaqəsinin təmin edilməsi üçün Hindistan-İran-Azərbaycan-Rusiya-Latviya multimodal marşrutu yaradılır. Təklif olunan logistik qərarın Hindistandan Avropaya effektiv, etibarlı və sürətli yük axınını təmin edəcəyi nəzərdə tutulur. Latviyanın logistik xidmətləri və üstünlüklərindən istifadə etməklə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi istiqamətində Baltika və Şimali Avropa, eləcə də Şərqi və Qərbi Avropa regionu ölkələrinə çıxış yaranır".
Nazirlikdən onu da bildiriblər ki, Latviya Azərbaycanı Avrasiya məkanında yeni nəqliyyat marşrutlarının inkişafı baxımından çox mühüm tərəfdaş hesab edir: "Azərbaycandan iki çox vacib beynəlxalq nəqliyyat dəhlizi keçir – Hindistan, İran, Azərbaycan, Rusiyanın şimal-qərbi və Baltik dənizi regionunu birləşdirən "Şimal-Cənub" dəhlizi, həmçinin Yeni İpək Yoluna daxil olan, Xəzər və Qara dəniz regionları arasında strateji əlaqə yaradan TRACECA – Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi. Bununla əlaqədar olaraq hesab edirik ki, Azərbaycanın yükdaşımanın inkişafı baxımından əla perspektivləri var. İranla dəmir yolu xəttinin inkişafı "Şimal-Cənub" dəhlizini möhkəmləndirəcək, artıq istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu isə Şərq-Qərb istiqamətini inkişaf etdirəcək".
Vurğulanıb ki, Azərbaycan və Latviya arasında logistik tədarük zəncirinin inkişafı üçün yeni imkanlar Çinin "Bir zolaq, bir yol" təşəbbüsünü yarada bilər: "Latviya Azərbaycana Şimal-Cənub və Şərq-Qərb istiqamətlərindəki logistik marşrutlarını bizim dəmir yolları və limanlarımız vasitəsilə Şimali və Qərbi Avropa bazarlarına çıxış əldə etməklə təkmilləşdirməyi təklif edə bilər".
Prezident İlham Əliyev: “Bu ilin may ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı nəticəsində energetika sahəsində Azərbaycan-İtaliya əlaqələri üçün yeni imkanlar açıla bilər”
“Cənub Qaz Dəhlizi energetika sahəsində Azərbaycan-İtaliya əlaqələri üçün yeni imkanlar aça bilər”. Bu fikirləri isə Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın şərəfinə təşkil olunan rəsmi qəbulda çıxışı zamanı deyib. Dövlətimizin başçısı qeyd edib ki, ikitərəfli münasibətlərin tarixində ilk dəfədir ki, İtaliya Respublikasının Prezidenti Azərbaycana rəsmi səfərə gəlib. O, Azərbaycan və İtaliya arasında əməkdaşlığı yüksək səviyydə qurulduğunu vurğulayaraq bildirib ki, İtaliya Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yerdədir: “2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi və Azərbaycandan İtaliyaya ixracın həcmi artmışdır. Uzun illərdir ki, energetika sahəsində əlaqələr mövcuddur. Azərbaycan bu sahədə fəaliyyət göstərən İtaliya şirkətləri ilə sıx əməkdaşlıq edir. Bu ilin may ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı nəticəsində energetika sahəsində Azərbaycan-İtaliya əlaqələri üçün yeni imkanlar açıla bilər. Azərbaycan nefti böyük həcmdə İtaliyaya nəql edilir. İtaliyanın neft idxalında Azərbaycan birinci yerdədir və ölkəmizin İtaliyanın xam neft idxalında payı 15 faiz təşkil edir. Bu gün işə saldığımız polipropilen zavodu sənaye istehsalı sahəsində əməkdaşlığımızın gözəl nümunəsidir. Digər sahələrdə, o cümlədən infrastruktur, inşaat, nəqliyyat, kənd təsərrüfatı sahələrində də ölkələrimiz əməkdaşlıq edir".
Prezident İlham Əliyev xatırladıb ki, Azərbaycan “Milan Ekspo”da 2015-ci ildə fəal iştirak edib və orada ayrıca pavilyon inşa etmiş ilk ölkələrdəndir. “Bizim pavilyonu 3 milyon 200 min insan ziyarət etmişdir”-deyə dövlətimizin başçısı vuğulayıb.
Prezident bildirib ki, bu gün Azərbaycan regional əməkdaşlığın və təhlükəsizliyin təmin olunması işində fəal rol oynayır: "Lakin Ermənistanın Azərbaycana qarşı 20 ildən artıqdır ki, davam edən təcavüzü bölgədə sülhün təmin olunması işinə böyük əngəllər törədir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi bu təcavüzün nəticəsində işğal olunmuş, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilmişdir. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, Ermənistan bu günə kimi bunların heç birinə məhəl qoymur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".
Dövlətimizin başçısı söyləyib ki, bir neçə gün əvvəl Azərbaycan ilə Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsinə sadiqlik öz əksini tapıb: "Bu yaxınlarda NATO-nun Brüsseldə keçirilmiş zirvə toplantısının yekununda qəbul edilmiş Bəyannamədə müttəfiq dövlətlər Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də münaqişənin bu prinsiplər əsasında həllinə bir daha dəstək ifadə etmişlər. Biz ümid edirik ki, ATƏT-in fəaliyyətdə olan sədri İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində fəal rol oynayacaq".
Aydın Quliyev: “Tramp mühüm Avrasiya layihələrinin həyata keçirilməsində Azərbaycanın əvəzsiz rolunu dünyaya bir daha nümayis etdirdi”
Digər mühüm məqamlardan biri də budur ki, TAP kəməri ilə bağlı ABŞ Prezidenti Donald Tramp xüsusi ümidlərini ifadə edib. Bunun ümumən Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsində ABŞ-ın prinsipial və davamlı dəstəyi kimi qiymətləndirən ekspertlər də qeyd edirlər ki, Cənub Qaz Dəhlizinin bütün seqmentinin hər birinə ABŞ-ın hərtərəfli dəstək verməsi regional inkişaf, Avropanin enerji təminatının möhkəmləndirilməsi və qlobal enerji balansının yaradılmasında Azərbaycanın siyasətinə və şəxsən Prezident İlham Əliyevin prinsipial tərəfdaşlıq kursuna olan böyük inamın ifadəsidir. “Bakı-xəbər” qəzetinin baş redaktoru, ekspert Aydın Quliyevin sözlərinə görə, Tramp TAP-ı rəqabətqabiliyyətli kəmər kimi xarakterizə etməklə əslində Azərbaycan Prezidentinin qlobal enerji strategiyasında ən düzgün və perspektivli seçimlər etmək bacarığına qiymət verdi: “Azərbaycanın, ABŞ-ın və Avropanın enerji təhlükəsizliyi sahəsində hədəflərinin və prinsiplərinin tam üst-üstə düsdüyü daha bir məqamı gördük. Trampın TAP-a birmənalı dəstək və ümidi eyni zamanda Azərbaycanın bütün enerji, nəqliyyat və loqistika layihələrinə qlobal dəstək çağırışıdır. Çünki Azərbaycanın bütün layihələrinin sülhə, rifaha, dövlətlərarası ədalətli mənafelərə və təhlükəsizliyə xidmət etdiyinə cənab Tramp da əmin olub. Təkcə bu fakt Azərbaycanın beynəlxalq enerji məsələlərində nə qədər etibarlı tərəfdaş olduğunu bir daha sübut edir".
Çox maraqlıdır ki, Tramp İtaliyanın Bas naziri ilə TAP kimi strateji layihəni müzakirə etdiyi vaxtda İrəvanda yalnız İtaliya-Ermənistan münasibətləri kontekstində ikitərəfli məsələlər müzakirə olunurdu”-deyə qeyd edən ekspertə görə, çünki qlobal mənafelərə töhfələr verməkdə Ermənistanın Azərbaycan qədər potensialı yoxdur və olmayacaq da: “Tramp mühüm Avrasiya layihələrinin həyata keçirilməsində Azərbaycanın əvəzsiz rolunu dünyaya bir daha nümayis etdirdi. Bu dəstək Azərbaycan Prezidentinin qlobal düşüncələrinin və addımlarının gələcəkdə ortaya cixa biləcək bütün maneələrdən sığortalanmasında çox təsirli rol oynayacaq".
Aydın Hüseynov: “Azərbaycan regionda böyük güc mərkəzinə çevrilir, eləcə də Avrasiya məkanında logistik və nəqliyyat qovşağıdır”
Digər ekspert, milli məclisin deputatı Aydın Hüseynov sözügedən məsələ ilə bağlı bildirib ki, İtaliyanın Baş naziri Cuzeppe Konte ilə birgə mətbuat konfransı zamanı ABŞ Prezidenti Donald Trampın TAP layihəsinə dəstək nümayiş etdirməsi Azərbaycanın həyata keçirdiyi layihələrin dünya üçün nə qədər vacib olduğunu göstərir. Deputat qeyd edib ki, bu, eyni zamanda Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir: “Azərbaycan artıq dünyada etibarlı və strateji bir tərəfdaşa çevrilib, Azərbaycanın həyata keçirdiyi iri layihələr dünya ölkələri tərəfindən dəstəklənir və getdikcə bu layihələrə qoşulmaq istəyən ölkələrin sayı artır. Dünya liderlərinin görüşlərində TAP-ın gündəm olması Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Bütün bunlar Prezident İlham Əliyevin düşünülmüş siyasətinin, diplomatik səylərinin, siyasi qətiyyətinin, eləcə də Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya etməsi istiqamətində böyük fəaliyyətinin nəticəsidir”.
Aydın Hüseynov qeyd edib ki, digər iri layihələr kimi TAP layihəsi də siyasi dividentlərlə yanaşı, ölkə iqtisadiyyatına dayanıqlı gəlir gətirəcək, milli iqtisadiyyatımıza xidmət edəcək böyük bir layihədir, Azərbaycan bu layihədən həm ixracatçı ölkə, həm də tranzit ölkə kimi böyük gəlirlər götürəcək. Onun sözlərinə görə, Azərbaycan artıq Avropanın təbii qaz təchizatında çox etibarlı bir ölkəyə çevrilməkdədir: “Bu həm də ölkəyə gələcəkdə böyük investisiyaların yatırılması deməkdir. Yəni bu layihədə bir çox ölkələr, eyni zamanda, transmilli şirkətlər iştirak edirlər. Həmin şirkətlərin təkcə neft-qaz sənayesinə deyil, eləcə də ölkəmizdə digər sahələrə də böyük yatırımlar edəcəyi reallığa çevrilməkdədir”.
Deputat qeyd edib ki, bu layihə, həmçinin Azərbaycanla idxalçı ölkələr arasında iqtisadi, ticari, mədəni əlaqələri daha da genişləndirəcək: "Bu layihə Azərbaycanın dayanıqlı inkişafını təmin edəcək. Bu, həm də o deməkdir ki, Azərbaycan regionda böyük güc mərkəzinə çevrilir, eləcə də Avrasiya məkanında logistik və nəqliyyat qovşağıdır”.
Beləliklə, tam əmin olaraq belə qənaətə gəlmək olar ki, artıq Azərbaycan nəinki regionda, eləcə də dünyada və Avropa qitəsində istər beynəlxalq nəqliyyat, istərsə də digər nəhəng layihələr sahəsində lider mövqeyinə sahib olub. Bütün bu reallıqlar isə ilk növbədə, Prezident İlham Əliyevin qətiyyətli və müdrik siyasəti, eləcə də ölkəmizin iqtisadi və siyasi qüdrətinin göstəricisi olaraq qiymətləndirilə bilər.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB