Dünya yaranandan icmalararası savaşlar da yaranıb. İnsan deyilən məxluq daim başqalarından üstün olmağa, özündən zəifləri əzib, əlindəkini alıb da özünün və icmasının güzəranını yaxşılaşdırmağa can atıb. İcmalararası savaşlar, zaman ötdükcə, sivilizasiyaların inkişafı ilə bərabər miqyasını da genişləndirib, dövlətlərarası savaşa çevrilib.
Babillərin, Misir fironlarının, Romanın, Makedoniyanın, hunların, tatarların, orta əsrlərdən etibarən ingilislərin, osmanlıların, səfəvilərin, Çar və Sovet Rusiyasının sərhədlərinin hüdudlarını genişləndirmək və dünyaya hökmdar olmaq iddiaları, məhz bu istəyin nəticəsidir. Ancaq ötən əsrin birinci yarısında Faşizm Almaniyasının materikə ağalıq iddiası fiaskoya uğrayandan sonra dünya bir yerə toplaşıb, BMT adlanan qurum yaratdı ki, bu qurumun da başlıca vəzifəsi belə iddiaların qol-qanad açmasına imkan verməməkdən, bütün xalqlara, millətlərə və dövlətlərə bərabər hüquqlrla yanaşılmasını təmin etməkdən ibarətdir. Bu mötəbər qurumun mənzil-qərargahı dünyanın ən varlı və ən demokratik hesab olunan ölkəsində - Amerika Birləşmiş Ştatlarında yaradıldı. ABŞ zaman -zaman bu qurumu özəlləşdirməyə çalışıb, buna nail olmadığını görəndə isə, başladı bu qurumun qərarlarını qulaqardına vurmağa. Nədəni də açıq-aydın ortada. Amerika dünya ağalığı iddiasına düşüb. Gərəkdir ki, Vaşinqtonda hansı hava çalınırsa, dünyanın hər yerində və bütün ölkələrdə o havaya oynasın. Yəni afrikalılar lambada, türklər yallı, ruslar çastıçka, ləzgilər ləzginka, gürcülər qaytağı oynamaq istəsələr, Amerikanın qəzəbinə düçar olanlar və nəticədə Vyetnamın, Koreyanın, Əfqanıstanın, İraqın, Liviyanın, Misirin, Suriyanın... və digərlərinin aqibəti ilə üzləşə bilərlər. Bax, bu da amerikasayağı demokratiyanın, insan azadlıqlarının və dövlətlərin bərabərhüquqluluğunun bariz nümunəsidir. İslam peyğəmbərinin (s.ə.) məşhur hədisi yadıma düşdü. Biri uşağı peyğəmərin yanına gətirib, xahiş edir ki, ona tapşırsın, xurma zərərlidir, yeməsin. Peyğəmbər həzrətləri buyurur ki, sabah gəl, bu gün olmaz. Sabah kişi yenə gəlir və peyğəmbər uşağa buyurur ki, xurma yeməsin. Kişi soruşur ki, ya peyğəmbər, bunu niyə dünən demədin? Cavab verir ki, dünən özüm xurma yemişdim, uşağa necə deyəydim ki, sən yemə? Lətifəsi ona yaxın, indi Amerikanın hansı ölkənin sərvətinə gözü düşürsə, ya demokratiyanın pozulmasını bəhanə edir, ya da bu ölkədə kütləvi qırğın silahı hazırlanmasını bəhanə edib, BMT-nin-flanın qərarı olmasa da, girib viran qoyur. Bir deyən yoxdu ki, a balam, bu nüvə silahı pis şeydisə (əslində, çox, lap çox pis şeydi...), səndə niyə var? Səndə varsa, məndə niyə olmasın? Zəhmət çək sən yox elə, mən də var eləmiyim! Yaxud demokratiyadan dərs keçən bu ölkədə prezident pul gücünə seçilir, senatorlar pul gücünə seçilir, pul gücünə tarixdə olmayan hadisələrlə bağlı qərarlar qəbul olunur. İndi də İranı hədəfə alıb. İş o yerə çatıb ki, yüz illik müttəfiqi olan Türkiyəni məcbur etməyə çalışır ki, İranla savaşda ona yardım etsin, əks-təqdirdə Türkiyəni də hədəfə ala bilər. Yox atam, bu xına o xınadan deyil. Görünən odur ki, ABŞ imperializmin, müstəmləkə siyasətinin yeni, amerikasayağı variantını yaradıb.
Bircə ona əminəm ki, dünyanın tarixində mövcud olmuş, yuxarıda sadaladığım və sadalamadığım imperiyaların hamısının sonu, ən azı, qınına qayıtmaqla bitib. İnşaallah, Amerikanın da bu imperialist siyasətinin sonu çatar. Yoxsa belə davam eləsə, dünyada, xüsusən də, islam ölkələrində daş-daş üstdə qalmayacaq...
Təhmasib Novruzov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB