Mikayıl Rəhimov: “MSK-dakı yerlərin necə bölüşdürülməsi partiya liderlərinin siyasi iradəsindən asılıdır” - AÇIQLAMA
Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin nəticələri Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibinin formalaşdırılmasını zəruri edir. Azərbaycan Konstitusiya Məhkəməsi tərəfindən 7 Noyabr 2010-cu il tarixində Milli Məclisə keçirilən seçkilərin nəticələri təsdiqləndiqdən sonra parlamentdə 9 müxalifət partiyanın təmsilçiliyi təsdiq olunub. Belə ki, seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Demokratik İslahatlar Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Böyük Quruluş Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1, Ədalət Partiyası 1, Azərbaycan Sosial Rifah Partiyası 1, Ümid Partiyası 1 yer qazanıb. Müqayisə üçün deyək ki, ötən parlament seçkilərində Müsavat, Vətəndaş Həmrəyliyi, Ana Vətən, Ümid, Xalq, Sosial Rifah, Demokratik İslahatlar, Böyük Quruluş, Vətəndaş Birliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi və Ədalət partiyaları mandat qazanmışdı. Deməli, Müsavat və Xalq Partiyaları indiki parlamentdəki mandatını itirib.
MSK-da isə müxalifəti Almaz Qəhrəmanlı (Vətəndaş Həmrəyliyi Partiyası), Gülağa Aslanlı (Müsavat Partiyası), Mikayıl Rəhimov (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası), Akif Qurbanlı (Ümid Partiyası), Tamam Cəfərova (Demokratik İslahatlar Partiyası) və Oktay Hümbətli (Ana Vətən Partiyası) təmsil edir. Yeni formalaşacaq parlamentdə isə ən azı bir yerin dəyişməsindən söhbət gedə bilər. Belə ki, Müsavat Partiyası yerini təhvil verməli olacaq.
MSK-da müxalifət üçün 6 yer ayrıldığından, parlamentdə yer qazanan müxalifət partiyaların sayı isə 9 olduğundan hansısa partiyalar kənarda qalmalı olacaq. Bu yerlər necə müəyyənləşəcək? MSK-nın Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından olan üzvü Mikayıl Rəhimov hesab edir ki, parlamentdə mandat qazanan müxalifət partiyaları bu yerlərin müəyyənləşməsində elə bir çətinlik çəkməyəcək. SİA-ya açıqlamasında M.Rəhimov bildirib ki, sözügedən partiyaların rəhbərləri yetkin siyasi xadimlərdir və onların bu zaman asanlıqla razılığa gələcəyini düşünür.
Məlum olduğu kimi, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası isə parlamentdə 2 yer qazanıb. İlk baxışdan belə görünür ki, bu partiyaların MSK-da yer alması dəqiqdir, digər 7 partiya isə qalan 4 yeri müəyyənləşdirməlidir. MSK üzvü bu fikirlə də həmrəy olmadığını bildirib: "Hansı partiyanın neçə yer qazanmasından asılı olmayaraq parlamentdə azlıqda qalan siyasi partiyaların rəhbərləri MSK-dakı yerləri bölüşdürməlidirlər. Bunu necə bölüşdürəcəklər, bu partiya liderlərin iradəsindən asılıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB