Parlament seçkiləri ilə bağlı Baş Prokurorluq, Apelyasiya və Ali Məhkəməyə daxil olan müraciətlərin sayı məlum olub

Parlament seçkiləri ilə bağlı Baş Prokurorluq, Apelyasiya və Ali Məhkəməyə daxil olan müraciətlərin sayı məlum olub

"2010-cu il noyabrın 7-də 4-cü Çağırış Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə qanun pozuntusuna yol verilməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna 89 müraciət daxil olub". SİA-nın xəbərinə görə, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev KM-nin Plenumunun iclasında çıxışı zamanı bildirib. O, qeyd edib ki, həmin müraciətlərin araşdırılması nəticəsində 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsində namizədliyi qeydiyyata alınan şəxs tərəfindən məntəqə seçki komissiyasının üzvlərinə müdaxilə edilməsi, səsvermənin gedişinə maneçilik törədilməsi, seçki bülletenlərinin zor tətbiq edilməklə götürülməsi ilə bağlı cinayət işi başlanılıb. Qalan müraciətlər üzrə müvafiq qərar qəbul olunub.

 

Bakı şəhər Apelyasiya Məhkəməsinin 25 və 26 Noyabr 2010-cu il tarixli məktublarından göründüyü kimi 4-cü çağırış Azərbaycan Milli Məclisinin seçkiləri ilə bağlı 178 o cümlədən seçkilərin nəticələri ilə əlaqədar 76 şikayət və ərizənin daxil olduğunu deyən Fərhad Abdullayev bildirib ki, seçkilərin nəticələri ilə əlaqədar daxil olan şikayətlərdən ikisi geri qaytarılıb, 74-dü isə qəbul olunub.

 

Konstitusiya Məhkəməsinin sədri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 və 26 Noyabr tarixində KM-nə göndərdiyi məktubların məzmununu da açıqlayıb. Belə ki, Ali Məhkəməyə Milli Məclisə keçirilən seçkilər ilə bağlı 70 iş daxil olub. Bunlardan 66 iş ərizələrin qeydə alınmaması, 4 iş seçkilərdə nəticələri ilə əlaqədar olub. Seçkilərdə nəticələri ilə əlaqədar kassasiya şikayətləri təmin olunmayıb.

 

Qeyd edək ki, bu gün Konstitusiya Məhkəməsi Azərbaycan Milli Məclisinə seçkilərin nəticələrini təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə