Qanun pozuntularına yol verilən hakimlər barədə intizam icraatının başlanılması üçün materiallar Məhkəmə-Hüquq Şurasına göndərilib

Qanun pozuntularına yol verilən hakimlər barədə intizam icraatının başlanılması üçün materiallar Məhkəmə-Hüquq Şurasına göndərilib

Azərbaycanda cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiqində ciddi nöqsanlar və digər sahədə pozuntuların araşdırılması üçün işçi qrupun yaradılması qərara alınıb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nazir Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkumlarla da bağlı bir sıra məsələlər müzakirə edilib. Tədbirdə nazirliyin və Penitensiar Xidmətin rəhbər heyəti, hakimlər, Məhkəmə-Hüquq Şurasının üzvləri və Baş Prokurorluğun rəhbər işçiləri iştirak ediblər.

 

Müşavirədə islah prosesinin səmərə verməsində vacib əhəmiyyət kəsb edən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiqində ciddi nöqsanlar, o cümlədən sənədləşdirmədə qüsurlar, süründürməçilik halları, bəzən proseslərin formal keçirilməsi, əsaslandırılmamış qərarların qəbul olunması kimi pozuntular və onları doğuran səbəblər müzakirə olunub.

 

İclasda Ali Məhkəmə tərəfindən bu sahədə məhkəmə təcrübəsi ümumiləşdirilərək ötən ay Plenum iclasında müzakirə olunan və qanun pozuntularına yol verilən hakimlər barədə intizam icraatının başlanılması üçün materialların Məhkəmə-Hüquq Şurasına göndərildiyi qeyd olunub.

 

İclasda bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün ciddi tədbirlərin görülməsinin vacibliyi qeyd edilərək, konkret vəzifələr müəyyən olunub, o cümlədən beynəlxalq təcrübə öyrənilməklə müvafiq prosedurların sadələşdirilməsi, şəffaflığın və obyektivliyin gücləndirilməsi üzrə işin əlaqələndirilməsi üçün aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə