Turqut Qəmbərlə Emin Milli təhqir edildi

Turqut Qəmbərlə Emin Milli təhqir edildi

Emin Hüseynov: “Sənə demişəm ki, ağzını cıraram!”

Son günlər ölkədə fəaliyyət göstərən dağıdıcı müxalifətlə Avropadakı müxalifət arasında sosial şəbəkələr vastəsilə kəskin savaşlar, təhqir və təhdidlər ara verməməkdədir. Buna səbəb kimi isə xəyanətlər, satqınçılıqlar və səmimiyyətsiz davranışlar göstərilməkdədir. Xüsusilə, “Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu”nun (“RATİ”) rəhbəri, hazırda İsveçrədə yaşayan Emin Hüseynov iki gündür sosial şəbəkədə səs-küy yaradan videolarla çıxış edir, qarşısına çıxan digər müxalifətçiləri ən ağır ifadələrlə təhqirlərə məruz qoyur.

“Əli Kərimlini, Cəmil Həsənlini nədəsə ittiham edirsən, özün bunun yüz qatını edirsən”

Mətbuatdan da göründüyü kimi, hazırda həbsdə olan qardaşı Mehman Hüseynovun “Facebook” hesabından canlı yayım gerçəkləşdirən E.Hüseynov öncə “NİDA” hərəkatının üzvlərindən olan, Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər barədə sərt fikirlər, təhqiramiz sözlər işlədib. O, buna səbəb olaraq, T.Qəmbərin yalan danışdığını göstərib. Hətta T.Qəmbər atası İ.Qəmbərlə müqayisə edilərək, yalan danışmağı da ondan öyrəndiyi vurğulanıb. “RATİ”nin sədri bildirib ki, xarici ölkələrdən birində T.Qəmbərlə görüşəndə ondan qardaşı Mehman Hüseynovu, onun ailəsini niyə axtarmadığını, ümumiyyətlə, ailəsi ilə maraqlanmadığını soruşub. T.Qəmbər isə öz növbəsində dostları ilə birgə onun valideynlərinə baş çəkəndə anasının “Mehmanı siz tutdurmusunuz” ittihamı ilə üzləşdiklərini deyib. E.Hüseynov isə bu məsələni araşdırdığını, anasının belə bir ifadə işlətmədiyini, ümumiyyətlə, T.Qəmbərin onların evinə getmədiyini, yalan danışdığını iddia edib. Nəticədə “RATİ” sədri E.Hüseynov başda T.Qəmbər və “NİDA” hərəkatı olmaqla, qarşı tərəfi ən ağır ifadələrlə söyüb.

Lakin sözüedən məsələnin digər maraqlı məqamı da budur ki, hadisələr cərəyan edəndən bir neçə saat sonra “Meydan TV”nin rəhbəri Emin Milli də söyüş episentrinə düşərək, adaşı E.Hüseynovun təhqir atəşlərinə tuş gəlib.

Belə ki, “Emin Milli bu gün Almaniyada oturub, İsveçrədə oturan Emin Hüseynovu psixi pozuntularda, qeyri-adekvat hərəkətlərdə ittiham edir”-deyə qeyd edən E.Hüseynov qarşı tərəfin bunu deməyə hüququnun olduğunu desə də, sonrakı ifadələrlə daha ağır sözlərə rəvac verib: “Emin Milli, sən həkim deyilsən. Hansı adamlardan eşitmisən mənim barəmdə? Dünən canlı yayımda jurnalist sənə sual versə də, ustalıqla suallardan yayınırsan. Əli Kərimlini, Cəmil Həsənlini nədəsə ittiham edirsən, özün bunun yüz qatını edirsən. Mən demişəm ki, sənin ağzını cıraram. Mənim xasiyyətimə bələdsən. Nə özümdən güclüyə, nə də zəifə zor tətbiq etmişəm. Bu, kritik ifadədir. Bunun məcazi mənasını başa düşməmisən”.

“Meydan TV” Emin Millinin məhsulu deyil...Bu, sırf maliyyə axını ilə bağlı məsələdir”

Bu kimi ağır və təhqirli ifadələrdən sonra da susmayan E.Hüseynov çıxış elədiyi canlı videosunda deyib ki, ümumiyyətlə, E.Milli də T.Qəmbər və digərləri qədər yalançıdır və o, daha ağır söyüşlərə layiqdir. “Mən bütün Azərbaycan xalqına sübut edə bilərəm ki, E.Milli təpəsindən-dırnağına qədər hiyləgər və yalançıdır”-deyən E.Hüseynov digər aspektlərdən də qarşı tərəfi ittihamlara məruz qoyub. Misal üçün o, “Meydan TV”nin heç də E.Millinin məhsulu olmadığını deyib: “Bu televiziya Eminsiz də yarana bilərdi. Hamını sıradan çıxaranda ayaqüstə qala bilən bir onlayn media qurumu olduğu üçün irəliləyişlər edə bilirsiz. Bu, sırf maliyyə axını ilə bağlı məsələdir. Bu, Eminin ağıl və dərrakəsinə görə deyil. Əvvəl maliyyəni 10-15 müstəqil mediaya verəndə, sonra Eminə verdilər. Onun bəxti gətirdi ki, Meydan TV-ni Berlində qurdu”.

“Siz strauslarsız, başınızı quma soxub, Emin Hüseynov barədə gic-gic danışırsız, intriqalar yayırsız”

“RATİ” sədri eyni zamanda E.Millinin çirkli təklifləri, ürəkbulandırıcı iş birlikləri barədə də məlumatlı olduğunu deyib. O, Avropada yaşayan bəzi mühacirlər barədə isə ad çəkmədən deyib ki, “siz strauslarsız, başınızı quma soxub, Emin Hüseynov barədə gic-gic danışırsız, intriqalar yayırsız”. E.Hüseynovu qəzəbləndirən əsas nüans isə onun guya ki, qardaşı Mehmanla yola getməməsi barədə söz-söhbət yayılması olub. O, bu söhbətlərin yayılmasında da E.Millinin canfəşanlıq göstərdiyini iddia edib.

“Xədicə İsmayıl, Emin Milli, gəlin, canlı yayıma çıxaq. Kimin nə xəyanət etdiyini deyəcəm”

E.Hüseynovun növbəti hədəflərindən biri də Xədicə İsmayıldr ki, o, bu “xanımı” da xəyanətdə suçlayıb: “İctimai sektordakı bəzi şəxslər barədə faktları canlı yayım vasitəsilə açıqlayacağam. Xədicə İsmaylın xəyanətkar olduğunu Emin Milliyə demişəm... Xədicə İsmayıl, Emin Milli, gəlin, canlı yayıma çıxaq. Kimin nə xəyanət etdiyini deyəcəm. Emin və Xədicə, siz Vaşinqtona, Londona yazırsız ki, Emin qeyri-adekvatdır, qrant yeyəndir. Sonra yazırsız ki, Eminin psixoloji problemləri var. Sözünüz hamısı boş çıxıb. Dediklərimi faktlarla təkzib edə bilmirlər, deyirlər, Emin dəlidir, başqaları ilə yola getmirlər” .

E.Hüseynov tərəfləri dəfələrlə canlı yayımda debata dəvət etdiyini desə də, onların bu dəvətdən qaçdıqlarını, bununla da xəyanətkar olduqlarını etiraf etdiklərini bildirib. Beləliklə, fakt budur ki, artıq dağıdıcı düşərgənin bütün cinahlarında kəskin savaşlara start verilib və bu amil bir daha belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq hər şey göz önündədir – müxalifət ömrünün son akkordlarını qarşılıqlı təhqirlərlə vurmaqdadır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə