ABŞ bütün dünyanı dinləyə biləcək

ABŞ bütün dünyanı dinləyə biləcək

ABŞ dünyanın ən böyük peykini orbitə göndərib. SİA-nın Türkiyənin "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, "çox gizli" casus peyki 100 metr uzunluğundakı antenasını dünyanın istənilən bölgəsinə çevirib oradakı bütün elektronik əlaqələri dinləyə biləcək. ABŞ-ın hədəfində isə Rusiya və Çin ola bilər.

 

ABŞ ordusu indiyə kimi kəşfiyyat məqsədləri üçün çoxlu sayda peyki orbitə göndərib. Ancaq dünən orbitə buraxılan peyk əvvəlkilərdən fərqlənir. Amerika Milli Kəşfiyyat Təşkilatı (NRO) Floridadakı "Cape Canaveral" hava qüvvələri bazasından buraxdığı peykin "dünyanın ən böyük peyki" olduğunu bildirib. ABŞ ordusunun dinləmə gücünün artıracağı peykin orbitə müvəffəqiyyətlə göndərilməsindən sonra general Ed Vilson da verdiyi açıqlamasında bu peykin milli müdafiə üçün NRO-nun "həyati əhəmiyyətə malik mənbələrini genişlədəcəyini" söyləyib. Peykin orbitə buraxılması texniki nasazsızlıqlar və hava şərtləri səbəbi ilə daha əvvəl bir neçə dəfə təxirə salınıb.

 

Dünyanın ən güclü maye yanacaqlı və 24 ton ağırlığında yük daşıya bilən 72 metr uzunluğundakı "Delta 4" raketi ilə orbitə göndərilən "NROL-32" adlı "çox gizli casus peyk"lə bağlı detallar rəsmilər tərəfindən gizli saxlanılır. Hətta əməliyyata nəzarət edən xüsusi təşkilat da "Delta 4" alovlanmasından 7 dəqiqə sonra əməliyyatın bundan sonrakı hissəsi dövlət sirri xüsusiyyəti daşıdığı üçün məlumat verməyib. "CBS" telekanalına açıqlama verən ekspertlər peykin 100 metrlik antenası və həssas radio qəbulediciləri vasitəsilə hədəf alınan bölgədəki hərbi və mülki vətəndaşların danışıqlarını dinləyəcəyini bildiriblər.

 

Rus astronovatların görüşdüyü "Novosti kosmonavtiki" saytında mövzu ilə bağlı uzun müzakirələr aparılıb. Sirr kimi saxlanan "NROL-32" ilə əlaqədar azsaylı məlumatlardan biri onun "Molniya" (rusca şimşək) orbitində yerləşdirilməsidir. Bu orbitdən ilk dəfə 1960-cı illərdə eyni adlı Rusiya peyki istifadə edib. "Molniya" orbitindəki peyklər ABŞ və Rusiya ilə cənub qütbü arasında hərəkət edir.

 

13 tonluq "NROL-32" Amerika Milli Kəşfiyyat İdarəsi ilə əməkdaşda icra edilən "Mentor" proqramının beşinci böyük peykidir. Digər peyklərdən üçü ilə birgə işlədilsə bir bölgəni 24 saat ərzində dinləyə bilər. Dünyanın indiyə kimi ən böyük peyki isə ticarət peyki olan 7 ton ağırlığındakı "Terrestar-1" idi. "NROL-32"-nun şüarı "Annuit Coeptis"dır. Bu ifadə latınca "tanrı kəşfimi təsdiqləyir" mənasını verir. Peykin loqosunda ABŞ dollarında da olan "hər şeyi görən göz" simvolu var. Bu simvol masonlarla əlaqələndirilir. Rus kosmik müşahidəçiləri "NROL-32"-nin orbitə buraxılmasından sonra "bu ABŞ-ın masonlar tərəfindən idarə olunduğunu açıq şəkildə göstərmirmi?" deyib. Loqonun altındakı dörd ixtisardan biri "45 SW"dir. Bu ABŞ Hava Qüvvələrinin 45-ci kosmik donanmasını təmsil edir. Bu donanma İkinci Dünya Müharibəsində faşistlərin sualtı gəmilərini məhv edib.

 

Avropa Parlamentinin 2001-ci il tarixli hesabatına görə, ABŞ "ECHELON" adlı proqram çərçivəsində bütün dünyanı dinləyir. Bu iş üçün həm peyklərdən istifadə edilir, həm də ABŞ sualtı gəmiləri okeanlardan keçən qitələrarası danışıq xətlərinə qoşulur.

Bütün xəbərlər Facebook səhifəmizdə