Sorosun gül balaları ANALİZ

Yaxud, erməniyə işləyən qrantyeyən “media” dərnəyi

Vaxtilə Azərbaycanda fəaliyyət göstərən, lakin həmin fəaliyyətinin birbaşa dövlət maraqlarımıza qarşı istiqamətləndiyi ifşa edildikdən sonra işinə xitam verilən “Soros” fondu sonradan Qərb tərəfdən öz çirkin məqsədlərini reallaşdırmağa cəhd göstərdi. Düzdür, fondun rəhbəri Corc Soros heç vaxt öz istəyinə çata bilməsə də, bu qurumun sözdə müxalifətyönlü deyilən bir sıra QHT-lərə zaman-zaman qrantlar ayırması barədə kifayət qədər məlumatlar var. Eyni zamanda, radikal müxalifət mediasına da qucaq açan fond əsas olaraq, erməni marağından çıxış edənlərə necə deyərlər, yal verib, sümük atıb.

Mehman Əliyev, Arif Əliyev və s. kimi siyasət dəllalları sözdə “jurnalistika” adı altında gizlənərək, yenidən ölkəmizin maraqlarını düşmənlərimizə satmağa başlayıblar

Lakin bu günlərdə yenidən bənzər halın yaşanması sağlam düşüncəli ictimai rəydə hiddət doğurdu. Çünki birbaşa düşmən dəyirmanına su tökərək, qrantyeyənlər zümrəsinə aid olan bəzi “media” adamları bu dəfə “Soros” fondunun digər “layihəsinə” qoşularaq, xəyanətkar fəaliyyətlərini davam etdirmək niyyətində olduqlarını açıq-aşkar göstəriblər. “Media Klubu” adlandıran bir quruma daxil olan Mehman Əliyev, Arif Əliyev və s. kimi siyasət dəllalları sözdə “jurnalistika” adı altında gizlənərək, yenidən ölkəmizin maraqlarını düşmənlərimizə satmağa başlayıblar. Özü də işğalçı Ermənistanla media müharibəsinin getdiyi bir vaxtda..! Məqsəd, bütün dünyaya örnək ola biləcək demokratik Azərbaycan mediasını ləkələmək, dövlətin mətbuata və jurnalistlərə göstərdiyi çoxsaylı diqqət və qayğısına qara yaxmaq.

Onu da qeyd edək ki, Azərbaycanın müstəqil mediası inkişaf etdikcə, “Soros” fondunun rəhbərliyi məhz bu kimi qrantyeyən quyruqbulanları vasitəsi ilə bundan narahat olduqlarını göstərirlər. Əks halda, narahat olmasaydılar, daha “Media Klubu”nu yaratmağa nə hacət varıydı ki?! Demək ki, Azərbaycan mediası öz gücü və dövlətçilik maraqlarının qorunması istiqamətində kifayət qədər uğur qazanıb ki, indi də Corc Sorosun təşkilatı bu qədər təlaşa düşüb.

“Media Klubu” deyilən bir şarlatanlar yuvasının yaradılması xəbərinin “Amerikanın səsi” adlı media qurumundan verilməsi də özü-özlüyündə hər şeyi deyir

Baxın, bu “klubda” kimlər var - Elmdar Əliyev, Əvəz Zeynallı, Elnur Məhərrəmli, Azər Qaramanlı və digərləri. Onların hər birinin kürəklərində reketçilik damğası mövcuddur. Təkcə, belələrinin adı-pəsi bəlli olmayan saytlarının fəaliyyətlərinə nəzəər salarsaq, şanrajların, böhtanların, iftiraların nə qədər həddini aşdığını görə bilərik. Ümumiyyətlə, həmin resurslarda məmurlar təhqir olunur, şantaj edilir və s. Hər addımda cinayət və hər “informasiyada” yalan və açıq əxlaqsızlıqlar!

Yeri gəlmişkən, “Media Klubu” deyilən bir şarlatanlar yuvasının yaradılması xəbərinin “Amerikanın səsi” adlı media qurumundan verilməsi də özü-özlüyündə hər şeyi deyir. Konkret imperializm və digər mənfi baxışlardan çıxış edən, bu qurumun bir dəfə də olsa Azərbaycan reallığından çıxış etdiyini müşahidə etməmişik. Sadəcə, düşmənçilik, qara xislət və anti-Azərbaycançılıq!

Lakin bu dəfəki oyunbazlıq da baş tutmayacaq və “Media Klubu” adlı düşmən maraqlarına xidmət edən dərnəyin və orada Soroosun gül balaları rolunu oynayanların siyasi ömürləri qısa olacaq. Çünki Azərbaycan cəmiyyəti, həqiqi jurnalistika belə qara-qura qurumları qəbul etmir, rədd edir!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə