"Rusiya elitası Ermənistanı və erməniləri olduğu kimi tanımağa başlayıb". Bunu bu gün keçirilən mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloqun sözlərinə görə, Moskvanın Ermənistanın hərəkətlərinə verdiyi reaksiyalar fonunda Rusiya mətbuatında yazılan yazılar, məşhur populist V.Jirinovskinin və nüfuzlu populyar jurnalist, “Rosneftin” mətbuat xidmətinin rəhbəri M.Leontyevin açıqlamaları bunu deməyə əsas verir. Söhbət N.Paşinyan hakimiyyətinə neqativ münasibətdən getmir. Ermənistanda baş verənlər Rusiyadan olan analoji açıqlamalara sadəcə şərait yaradıb.
M.Əhmədoğlu xüsusilə vurğulayıb ki, Rusiyada məşhur prankerlərin N.Paşinyanın adından Böyük Britaniyanın Xarici İşlər naziri B.Consonla telefonla danışması Rusiyanın elitasında Ermənistanın Qərbpərəst qəbul edilməsinin vacib göstəricilərindən biridir və bu Rusiyada Qərbpərəst həm də antiRusiya anlamındadır.
Mərkəzin direktoru V.Jirinovskinin, Ermənilər N.Paşinyanı hakimiyyətə gətirdiklərinə görə təəssüflənəcəklər fikrini də paylaşıb. Xüsusilə vurğulanıb ki, əgər Ermənistan blokadadırsa, özünün heç bir resursu yoxdursa belə ölkəni çiçəklənən Ermənistan etmək mümkün deyil.
M.Leontyevin erməni xalqının ünvanına dediklərini bu vaxtadək o səviyyədə olan heç bir şəxsin demədiyini bildirən M.Əhmədoğlu həmçinin nəzərə çatdırıb ki, RF prezidentinin mətbuat xidmətinin rəhbəri D.Peskov M.Leontyevin dediklərini uğursuz sözlər adlandırıb və bu fikrilərin RF-in mövqeyini əks etdirmədiyini bildirib.
Politoloq onu da nəzərə çatdırıb ki, Rusiyanın aparıcı mətbuatının fikrincə, Paşinyanın komandası Qərbdə təhsil almış Soros və Transparency İnternational təşkilatlarında işləmiş rusofoblardan ibarətdir. Hətta fiqurlu konki sürən, atası erməni olan Y.Medvedyevanın (Babasyan) məşqçisindən imtina etməsi milli zəmində ajiotaja çevrilib. Onu RF vətəndaşlığını Ermənistan vətəndaşlığına dəyişməkdə və bununla satqınlıqda ittiham edərək ölkəni tərk etməyə çağırıblar. Bənzər mövqe RF rəsmiləri tərəfindən də nümayiş etdirilir.
Mübariz Əhmədoğlu həmçinin qeyd edib ki, RF Xİ nazirinin müavini Q.Karasin Ermənistanın Rusiyadakı səfiri V.Toqanyanla ikitərəfli münasibətləri RF prezidenti V.Putinlə Ermənistanın baş naziri N.Paşinyan arasında Soçidə AİB müstəvisində keçirilmiş görüş fonunda müzakirə ediblər. Ehtimal ki, Q.Karasin V. Toqanyanın diqqətinə D.Tonoyanın müdafiə naziri təyin olunmasını, Ermənistanın iki nazirinin (Müdafiə və Xİ nazirlərinin birlikdə) Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsinə səfər etməsini RF-in xoşuna gəlmədiyini çatdırıb. İki erməni nazirin vəzifəyə təyin olunan kimi Naxçıvan istiqamətinə səfər etmələri təhlükəli başlanğıc idi və sonrakı hadisələrdə bunu təsdiq etdi.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru RF XİN rəsmisinin M.Zaxarova Dağlıq Qarabağ tənzimlənməsində verdiyi bəyanata əlavələri Ermənistanın maraqlarına uyğun olmadığını nəzərə çatdırıb. O, qeyd edib ki, RF-in Ermənistandakı səfirliyinin hərbi attaşesi general-mayor Yevgeni Bulavintsev Ermənistanın yeni təyin olunmuş müdafiə naziri D.Tonoyan və baş qərargahın rəisi A.Davtyanla görüşüb, uzun müddətli müzakirələr aparıb. Y.Bulavintsev ehtimal ki, Rusiyanın Ermənistan üzrə hərbi siyasətinin incəliklərini hər iki erməni hərbi rəsmisinin diqqətinə çatdırıb. Məqsəd Ermənistanın yeni hərbi rəhbərliyinin “bilmədim” adı ilə Azərbaycana qarşı hərbi təxribatlar törətməsinin qarşısını almaqdır. Rusiyadan alınan silahlar Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilə bilməz, Rusiyadan alınan silah-sursatın istifadəsi ciddi nəzarət altındadır, hətta atılan patronlar barədə hesabat yazılmalıdır və s. bu kimi incəliklər mövcuddur.
İnam HACIYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB