Qarabağda hərbi əməliyyatlar qaçılmaz hal alır ŞƏRH

Qarabağda hərbi əməliyyatlar qaçılmaz hal alır ŞƏRH

Lavrovun erməni həmkarını Moskvaya çağırması nəyə hesablanıb?

Məlum olduğu kimi iyunun 7-də Ermənistanın yeni xarici işlər naziri Zoqrab Mnatsakanyan Mosvkada rusiyalı həmkarı Serqey Lavrovla görüşəcək. Görüşdən öncə mətbuata verilən açıqlamada tərəflər arasında bir sıra məsələlərin, xüsusi ilə Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bundan sonrakı vəziyyətinin diqqət mərkəzində olacağı bildirilib.

Mövcud siyasi mənzərəyə nəzər saldıqda Mnatsakanyan Lavrov danışıqları bir çox vacib faktorlar baxımından mühüm əhəmiyyət daşıyır. Söhbət İrəvandakı yeni hakimiyyətin sülh danışıqlarına israrla Qarabağdakı separatçı rejimi tərəf kimi cəlb etməyə çalışmasından gedir. Kremldə yaxşı dərk edilir ki, Azərbaycan üçün bu cür provakasiya xarakterli yanaşma qəbul edilən deyil və rəsmi Bakı Paşinyan komandasının danşıqlara kölgə salmaq istəyinə sərt qarşılıq verə bilər.

Yeri gəlmişkən böyük ehtimalla Lavrov-Mnatsakanyan müzakirəsində Ermənistanın yeni hakimiyyətinin Qarabağla bağlı aqressiv açıqlamaları da diqqətdə saxlanılacaq. Məhz bu faktor Kremli olduqca narahat edir. Rusiya bölgədə yeni münaqişə ocağının yaranmasında maraqlı deyil və bütün imkanlarını işə salmaqla hələlik Qarabağda hərbi toqquşmaların qarşısını ala bilib. Bu baxımdan Mnatsakanyana bir çox mətləblərin aydın şəkildə izah ediləcəyi dəqiqdir.

Rəsmi Bakıdan da İrəvana cavab həmlələri gecikmir. Müdafiə naziri Zakir Həsənovun cəhbə bölgəsinə səfəri və oradan səsləndirdiyi bəyanatlar Ermənistana növbəti xəbərdarlıqdır. Hələlik isə reallıq ondan ibarətdir ki, münaqişənin danışıqlar masası arxasında çözülməsi istiqamətində ümidlər getdikcə azalıb. Bugünkü siyasi mənzərə Aprel hadisələrindən sonra ən mürəkkəb vəziyyətdir. Görünən odur ki, İrəvan Qarabağ danışıqlarında irəli sürməyə çalışdığı “yeni şərtlərdə” israr edərsə rəsmi Bakının Qarabağda geniş əməliyyatlara başlayacağı qaçılmaz olacaq. Bu baxımdan Lavrov Mnatsakanyan danışıqları sadalanan qaranlıq məqamlara qismən də olsa aydınlıq gətirməlidir.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə