İlham Əliyev: “Azərbaycan özünün bütün imkanlarını Xəzəryanı ölkələrə təqdim etməyə hazırdır”

İlham Əliyev: “Azərbaycan özünün bütün imkanlarını Xəzəryanı ölkələrə təqdim etməyə hazırdır”

"Xəzərin hüquqi statusunun müəyyənləşməsi istiqamətində böyük iş aparılır". SİA-nın yaydığı məlumata görə, bu fikirləri Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində çıxışı zamanı prezident İlham Əliyev söyləyib. Xəzərlə bağlı Rusiya-Azərbaycan, Rusiya-Qazaxıstan və Qazaxıstan-Azərbaycan razılaşmalarının əhəmiyyətini vurğulayan prezident ümidvar olduğunu bildirib ki, bu təcrübə gələcəkdə Xəzərin hüquqi statusunun müəyyənləşməsində nümunə rolunu oynaya bilər. O bildirib ki, Xəzərin statusunun müəyyənləşməsi məsələsinin həllini tapmaması regionda münasibətlərə neqativ təsir göstərmir: "Əminəm ki, gələcəkdə bu istiqamətdə görüləcək işlər məsələnin həlli yollarını tapılacaq. Bu məsələnin nizamlanmaması bizim münasibətlərimizə heç bir neqativ təsir göstərmir".

 

Azərbaycan prezidenti qeyd edib ki, Xəzəryanı ölkələr energetika məsələlərində bir-biri ilə rəqib deyillər: "Xəzərin karbohidrogen ehtiyatlarının tranziti üçün Azərbaycanın yaratdığı müasir infrastruktur qonşu ölkələrin də istifadəsinə verilə bilər. Azərbaycan özünün bütün imkanlarını Xəzəryanı ölkələrə təqdim etməyə hazırdır. Əminəm ki, bugünkü görüş bizim ümumi işimizə öz töhfəsini vermiş olacaq".

 

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov isə çıxışında Xəzərdə delimitasiyanın beynəlxalq hüquq normaları əsasında həyata keçirilməli olduğunu bildirib: "Türkmənistan qəti əmindir ki, Xəzərin neft-qaz ehtiyatlarının nəql olunacağı yeni boru kəmərləri yalnız keçəcəyi sektorların aid olduğu tərəflərin razılığı ilə çəkilə bilər. Əlbəttə ki, ekoloji təhlükəsizliyə dair bütün şərtlərə əməl olunmaqla. Bu məsələyə siyasi qiymət vermək lazım deyil. Bu, hüquqi məsələdir".

 

İran prezidenti Mahmud Əhmədinejad Bakıda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının III zirvə toplantısında toplantıya qatılan həmkarlarını Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair prosesi 2011-ci ildə başa çatdırmağı təklif edib: "İran Xəzərdə əməkdaşlığı dəqiqliklə ehtiva edən proqramlarda işləməyə hazırdır. Xəzəryanı ölkələr həmçinin birgə gəmiçilik şirkəti yaratmalı, mədəniyyət və turizm sahəsində daha sıx əlaqələr qurmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə