ARDNŞ rəhbərliyi "Azərikimya" İstehsalat Birliyində olub- FOTOSLAYD

ARDNŞ rəhbərliyi "Azərikimya" İstehsalat Birliyində olub- FOTOSLAYD

Bu gün ARDNŞ prezidenti Rövnəq Abdullayev başda olmaqla Şirkət rəhbərliyinin nümayəndələri "Azərikimya" İstehsalat Birliyinin müəssisələrində aparılmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmaq məqsədi ilə Sumqayıt şəhərində olublar.

SİA-nın məlumatına görə, Rövnəq Abdullayev əvvəlcə "Azərikimya" İB əməkçilərinin Sumqayıt-Quba magistralı boyunca kimya müəssisələrinə bitişik ərazilərdə keçirdikləri yaşıllaşdırma aksiyasında iştirak edib. Rövnəq Abdullayev onlarla birgə ağac əkib.

Qeyd edək ki, son aylar ərzində mütəmadi olaraq iməciliklər keçirən "Azərikimya" bu sahədə 22 mindən artıq ağac əkib. O cümlədən, suvarma üçün əlavə su xətləri də çəkilib. 13-14 noyabr tarixlərində 3 min ağacın əkilməsi planlaşdırılır.

Daha sonra ARDNŞ prezidenti "Azərikimya" İB-nin müəssisələrində aparılmış əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə maraqlanıb. "Üzvi sintez" zavoduna baş çəkən Şirkət rəhbəri zavodun qarşısındakı geniş meydançada İstehsalat Birliyinin Nəqliyyat və Xüsusi Texnika İdarəsi üçün ayrılmış 40-dək yeni maşın və xüsusi texnikaya baxış keçirib.

"EP-300" və "Polimir-120" istehsalat sahələrində aparılmış təmir işlərinin gedişi ilə tanış olan Rövnəq Abdullayev Sumqayıt Şəhər İcra Hakimi Vaqif Əliyev ilə birgə birliyin rəhbər və mütəxəssisləri ilə zavodunun istehsalat məsələləri barədə maraqlanıblar.

Daha sonra ARDNŞ prezidenti və Şirkət rəhbərliyinin nümayəndələri SŞİH Vaqif Əliyevlə birgə Etilen-polietilen zavodu ərazisində yeni yaradılmış Təcili-tibbi yardım stansiyasının açılışında iştirak ediblər.

Qeyd edək ki, Sumqayıt kimyaçıları üçün yaradılmış yeni tibb ocağı keçmiş "Kimyaçı" poliklinikasının binasında yerləşir. Sözügedən tibb ocağında kardiomonitor, süni tənəffüs aparatı və digər müasir tibbi avadanlıqlar quraşdırılıb. Təcili-tibbi yardım stansiyasında reanimasiya, müayinə, müşahidə, tibb personalı otaqları yaradılıb. O cümlədən, həkim, tibb bacısı, reanimatoloq və xüsusi tibbi hazırlığı olan sürücülərin daxil olduğu 4 təcili yardım briqadası sutka ərzində növbəli rejimdə fasiləsiz fəaliyyət göstərəcək.

ARDNŞ prezidenti Rövnəq Abdullayev Birliyin Təmir-tikinti idarəsinin yeni inzibati binasına baxış keçirdikdən sonra, aparılmış təmir işlərindən razılığını bildirib. Şirkət rəhbəri Etilen-polietilen zavodunun istifadəyə verilmiş inzibati binasında da olub.

Bütün xəbərlər Facebook səhifəmizdə