Ermənilər sındırılmış başlarını yenidən sındırır?

Ermənilər sındırılmış başlarını yenidən sındırır?

Yaxud, Paşinyanın bəyanatı erməni ictimaiyyətini dalana dirəyib

Son günlər Ermənistan ictimaiyyətində ən çox müzakirə edilən mövzulardan biri də yeni seçilmiş baş nazir Nikol Paşinyanın separatçı “DQR”ə etdiyi səfəri zamanı səsləndirdiyi bəyanatıdır. Belə ki, Paşinyan həmin bəyanatında “Artsaxın” Qarabağ üzrə danışıqlara cəlb edilməsi “mümkünlüyündən” danışmışdı. O, həmçinin, Ermənistanın münaqişə tərəfi olduğunu da etiraf etmişdi.

Xosrov Arutunyan : “Dövləti idarə etmək asan iş deyil”

Lakin digər məqam budur ki, hazırda Ermənistanın siyasi dairələrində Paşinyanın bu və ya digər bəyanatları ətrafında narazılıqlarını bildirənlər də artmaqdadır. Misal üçün, Respublika partiyasının parlament fraksiyasının deputatı Xosrov Arutunyan bildirib ki, o, yeni hökumətin qurulması ətrafında ən çox məsələ qaldıran azsaylı deputatlardan biridir. O, həmçinin deyib ki, Paşinyanın bəlli bəyanatı yerində və vaxtında işlədilməyən ifadələrdir ki, sonradan müəyyən fəsadlara səbəb ola bilər.

SİA xəbər verir ki, Arutunyan bu barədə 1in.am saytının rusdilli versiyasına açıqlama verərkən deyib. Onun sözlərinə görə, hələ “məxməri inqilab” zamanı o deyirdi ki, baş nazirin kim olması əsas deyil, əsas budur ki, digər nazirlər kim olacaq. SİTAT: “Müdafiə naziri, maliyyə naziri, xarici işlər naziri, baş nazirin müavini kimlər olacaqlar ki, eyni zamanda iqtisadi siyasətə təkan versin. Ermənistanın uğuru yalnız onda olar ki, həmin nazirliklərə layiq insanlar rəhbərlik etsinlər. Bu sahələrə rəhbərlik edəcək insanlar göstərməlidirlər ki, baş nazirin hansı siyasətinə necə riayət edəcəklər”.

Erməni deputatı eyni zamanda, gənclərin siyasi arenada vəzifələrə təyin olunmasının əleyhinədir. “Hazırda eşidirəm ki, gənclər bu müddətdə düşünməli və sonra hərəkət etməlidirlər. Çünki dövləti idarə etmək asan iş deyil”-Xosrov Arutunyan bildirib.

Putinin Paşinyana diplomatik xəbərdarlığı: “...Unutmaq olmaz ki, Rusiya Ermənistanın aparıcı ticarət tərəfdaşıdır. Ermənistana qoyulan ümumi investisiyaların 35%-i Rusiyanın payına düşür....”

Beləliklə, görünən budur ki, istər Paşinyanın Qarabağ danışıqları ətrafında səsləndirdiyi bəyanat və həmin bəyanat çərçivəsində Ermənistanı münaqişə tərəfi olaraq etiraf etməsi, istərsə də onun nazir təyinatları ətrafında tərəddüddə qalması başını sındırmış Ermənistan xalqının həmin başını yenidən sındırılacağından xəbər verir. Artıq, yeni hökumətin böhranı yaranır və bu böhran erməni ictimaiyyətini daha çıxılmaz dalana doğru sürükləndirir.

Yeri gəlmişkən, Nikol Paşinyanın Soçidə Rusiyanın prezidenti Vladimir Putinlə görüşü ətrafında süni uğur ajiotajı yaratmağa çalışan erməni mediası da çox yəqin ki, həqiqəti görsə də lal-dinməz dayanır. Məsələn, həmin görüşdə Rusiya prezidenti Ermənistanın baş nazirinə bəzi xatırlatmalar etmişdi. Putin isə bunları demişdi: “...Unutmaq olmaz ki, Rusiya Ermənistanın aparıcı ticarət tərəfdaşıdır. Ermənistana qoyulan ümumi investisiyaların 35%-i Rusiyanın payına düşür....”.

Bu ifadələrin hər birinin arxasında barmaq silkələmək faktı dayanıb və ehtimal etmək mümkündür ki, Putin bu xatırlatmaları Paşinyana hədə-qorxu gəlmək üçün edib.

Ümumiyyətlə, bu gün işğalçı dövlətin Paşinyan dönəminə keçməsi və bu dönəmdə “ümidlərlə” sabaha baxması faktoru sadəcə, keçici eyforiya təsirini bağışlayır. Bu ölkənin yenidən təlatümlər içində boğulacağını isə çox yaxınlarda müşahidə edəcəyik. Çünki işğalçı ölkə siyasi kartlarını, o cümlədən, Qarabağ kartını da itirməyə doğru irəliləyir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə