Şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib

Şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. QMİ-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təbrik məktubunda deyilir: "Dünya müsəlmanlarının əziz günü- mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, kəsilən qurbanlarımızın, dua və ibadətlərimizin haqq dərgahında qəbul olunmasını Pərvərdigari-Aləmdən rica edirəm. Qurban bayramı İslam ümmətinin ən müqəddəs və şərəfli günlərindəndir. Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir".

Təbrik məktubunda qeyd edilir ki: "Bu əziz gündə şəhidlərimizin ruhlarına rəhmət diləyərək, Allah-Təalaya torpaqlarımızın işğalçılardan təmizlənməsində, Vətənimizin ərazi bütövlüyünü bərpa etməkdə, Azərbaycanın dövlət bayrağını tezliklə doğma Qarabağda ucaltmaqda bizlərə yardımçı olması üçün dualar edirik. Qaçqın, köçkün, kimsəsiz soydaşlarımıza bu mübarək bayramı hamı ilə birgə könül xoşluğu ilə keçirmək imkanı yaratmaq, onun sevincini ehtiyacı olanlara yaşatmaq Allaha xoş gedən savab əməllərdəndir. Şeyxülislam olaraq, Azərbaycan xalqına xeyir-dualarımı yetirir, Uca Allahın nəzərinin üzərimizdə daima bərqərar olmasını diləyirəm. Allah-Təala qurbanlarımızı qəbul, ülvi niyyətlərimizi müstəcab etsin, inşallah! Amin!".

Bütün xəbərlər Facebook səhifəmizdə