"Heydər Əliyev və Müasir Azərbaycan" YENİLƏNİB-FOTOLAR

"Heydər Əliyev və Müasir Azərbaycan" YENİLƏNİB-FOTOLAR

Bu gün "Səs" qəzetinin təşkilatçılığı ilə xalqımızın xilaskarı, dövlətimizin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyi münasibəti ilə "Heydər Əliyev və Müasir Azərbaycan" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, dəyirmi masada əvvəlcə Ulu Öndər Heydər Əliyevin və mayın 8-də erməni hərbi birləşmələrinin işğalı zamanı qətlə yetirilmiş Şuşa şəhər sakinlərinin, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə həyatlarını itirən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masanı giriş sözü ilə açan “SƏS” Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev Ulu Öndərimiz Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə olunan uğurlardan, xalqın sosial rifah halının yaxşılaşdırlımasından, dövlətimizin dünyada yerinin və rolunun möhkəmlənməsindən bəhs edib və bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətinin bu gün Onun ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirir.

Bəhruz Quliyev bildirib ki, "Səs" qəzeti cəmiyyətin maraq dairəsində olan ən aktual, əhəmiyyətli mövzularla bağlı dəyirmi masalar təşkil edir. O, növbəti dəyirmi masanın Ulu Öndərin 95 illik yubileyinə həsr olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Media Qrupunun rəhbəri bildirib ki, Ümummilli Lider Heydər Əliyevin istər sovet hakimiyyəti illərində - 1969-cu ildən başlayaraq Azərbaycan KP-nin I katibi vəzifəsində çalışdığı zamanda, istərsə də 1993-cü ildə hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanın ictimai-siyasi və mədəni həyatında baş verən dönüş, inkişaf, eləcə də, ölkəmizin dünya məkanında özünəməxsus yer tutması Onun məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsidir: “Heydər Əliyev 1993-cü ildə, ölkəmizdə siyasi böhran yaşandığı, vətəndaş müharibəsi təhlükəsi yarandığı, Ermənistanın Azərbaycana qarşı təcavüzünün gücləndiyi bir vaxtda siyasi hakimiyyətə qayıdaraq ölkəmizdə ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atdı. Ulu Öndər ölkədə ictimai-siyasi, iqtisadi sabitliyin yaradılmasına uzaqgörən, məqsədyönlü siyasəti ilə nail oldu".

B.Quliyev belə bir tarixi şəxsiyyətin 95 illik yubileyi ərəfəsində təşkil olunan tədbirdə Heydər Əliyevin hakimiyyəti dövründə ölkənin ictimai-siyasi və mədəni həyatında baş verən olayların şahidi olan iştirakçılara Ulu Öndərin fəaliyyəti, ölkənin çətin anlarında atdığı addımlar və qərarlar ətrafında fikirlərini bölüşməyi təklif edib.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib ki, Heydər Əliyev tək Azərbaycan xalqının deyil, ümumilikdə bəşəriyyətin tarixində böyük rol oynamış bir şəxsiyyətdir: “Ümummilli lider Heydər Əliyevin böyük siyasətə qayıdışı, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinə rəhbərlik etməsi məsələsi həmişə Azərbaycan cəmiyyətində ciddi müzakirə edilirdi. Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində yeni bir səhifə açdı. Azərbaycanda yeni, demokratik bir dövlət quruculuğu başladı. Azərbaycanda bazar münasibətlərinin hökmran olduğu yeni iqtisadiyyat formalaşdı, insan hüquq və azadlıqları cəmiyyətin aparıcı mövzusu oldu. Azərbaycan sürətlə beynəlxalq birliyə inteqrasiya olmağa başladı”.

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, Heydər Əliyev elə bir dövrdə Azərbaycanda hakimiyyətə gəldi ki, o zaman iqtisadi tərəqqidən söhbət belə gedə bilməzdi, iqtisadiyyatın günü-gündən tənəzzülə doğru getdiyi dövr idi, ölkənin siyasi həyatında anarxiya hökm sürürdü, dövlətin varlığı ümumən sual altında idi: "Ona görə də bugünkü dövlətimizin varlığı, mövcudluğu, güclü Azərbaycan dövlətinin dünya birliyində öz layiqli yerini tutması Ulu Öndərimizin adı ilə bağlıdır".

V.Rəhimzadə qeyd edib ki, Heydər Əliyev çox gərgin keçən ömrünü bu ölkənin, dövlətin, onun vətəndaşlarının yaxşı yaşamasına sərf edib: "Bu reallıq hər bir vətəndaşın gözü önündə baş verib. Ona görə də bu xalq, bu dövlət onu daim anacaq, xatırlayacaq”.

Azərbaycan Dövlət Pedaqoji Univeristetinin rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov deyib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, qüdrətli dövlət rəhbəri Heydər Əliyevin şərəfli və mənalı həyat yolu, çoxşaxəli idarəçilik və dövlətçilik fəaliyyəti hər birimiz üçün layiqli nümunədir: “Bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursunu Prezident İlham Əliyev böyük uğurla davam etdirir. Cəmiyyətimiz sürətlə inkişaf edir, təhsilin keyfiyyəti, inkişafı istiqamətində mühüm addımlar atılır. Universitetimizin tələbə-gəncləri daim öz bilik və bacarıqlarını artırmalı, Heydər Əliyevin yüksək ideallarına sadiq qalmalı, onun həyat və fəaliyyətini, zəngin idarəçilik, dövlətçilik təcrübəsini dərindən öyrənməlidirlər”.

YAP Siyasi Şurasının üzvü, Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Azərbaycanda elə bir sahə təsəvvür etmək mümkün deyil ki, orada Ulu Öndərimizin imzası, yaxud onun təməlində Heydər Əliyevin xidmətləri olmasın: “Ulu öndərin Azərbaycan gəncliyinin inkişafında misilsiz xidmətləri olub. Ulu Öndər Heydər Əliyev həmişə gənclərə böyük etimad göstərib. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Bu siyasətin banisi isə Ümummilli lider Heydər Əliyevdir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi, Ulu öndər Heydər Əliyevin gənclərlə bağlı siyasətini də uğurla davam etdirir”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, texnika elmlər doktoru, professor Mustafa Babanlı isə Ulu öndər Heydər Əliyevin yaşadığı şərəfli ömür yolu, Azərbaycan qarşısında gördüyü xidmətlərdən danışıb. Heydər Əliyevin bütün dünyada böyük nüfuza malik siyasi xadim kimi tanındığını deyən rektor onun həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi illərdə ölkəmizin böyük inkişaf yolu keçdiyini qeyd edib.

Ulu öndər Heydər Əliyevin elm və təhsilə xüsusi qayğı ilə yanaşdığını deyən M.Babanlı onun Azərbaycana rəhbərlik etdiyi dövrlərdə minlərlə gəncin xaricdə təhsil alaraq yüksək ixtisaslı mütəxəssis kimi vətənə qayıtdığını vurğulayıb.

Sonda digər çıxış edənlər də Dahi Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb və bugünki güclü, qüdrətli Azərbaycanin Ümummilli Lider Heydər Əliyevin ən mükəmməl şah əsəri olduğunu bildiriblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə