Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin iclasında mübahisə yarandı

Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin iclasında mübahisə yarandı

"Cəzaçəkmə müəssisələrində qeyri-insani rəftar, işgəncə faktları barədə mənə məlumat verilib. Bu, məni narahat edir. Azərbaycanda fərqli düşüncəyə malik insalara qarşı tolerantlıq yoxdursa, bu tolerantlıq yarımçıq olur". SİA-nın məlumatına görə, bunu Avropa Parlamentinin vitse-prezidenti Heidi Hautala Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hüquq-müdafiə sahəsində çalışanların fəaliyyəti üçün çevik zəmin yaradılmalıdır: "Bizi Vəkillər Kollegiyasının fəaliyyəti və onun müstəqilliyi maraqlandırır. Bu sahədə tam nailiyyət əldə edilməyib, Ədliyyə Nazirliyinin bu sahəyə nüfuz etmək imkan var”.

Buna cavab olaraq çıxış edən millət vəkili Kamran Bayramov qeyd edib ki, İşgəncələrə Qarşı Avropa Komitəsinin missiyası istənilən vaxt Azərbaycanda cəzaçəkmə müəssisələrinə baş çəkə bilir.

"Bir neçə il əvvəl Azərbaycanda məhkumların saxlanma şəraiti ilə bağlı problem var idi. Prezidentin tapşırığı ilə paytaxtda və regionlarda cəzaçəkmə müəssisələri tikilib. Eyni zamanda Penitensitar Xidmətin işçiləri üçün seminarlar keçirilir. Digər tərəfdən, Azərbaycanda vəkillik institutu inkişaf edir. Statistikaya görə Azərbaycan vəkillərin sayına görə sonuncu yerdə idi, indi isə islahatlar həyata keçirilir, vəkillərin sayı artmaqdadır. Bu da vətəndaşların hüquqlarının müdafiə edilməsində vacib addımlardan biridir”.

Avopa Parlamentinin vitse-prezidentinin çıxışına münasibət bildirən millət vəkili Çingiz Qənizadə bu informasiyaların əsassız olduğunu dilə gəitirb.

Ç.Qənizadə Azərbaycanda həbsxanalarda işgəncəyə dair faktların təqdim edilməsini istəyib: "Bu kimi informasiyaların heç bir əsası yoxdur. Çox təəssüf ki, iki məhbus arasında baş verən hadisələr də siyasi motivli hadisələr kimi təqdim olunur".

O, Azərbaycanda cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraiti bağlı heç bir problemin olmadığını dilə gətirib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə