Milli Məclisə keçirilmiş seçkilərdə iştirak etmiş siyasi partiyalar birgə bəyanat imzalayıb
Azərbaycan Respublikasında 7 noyabr 2010-cu ildə Milli Məclisə keçirilmiş seçkilərdə iştirak etmiş siyasi partiyalar birgə bəyanat imzalayıb. SİA-nın məlumatına görə, bəyanatda qeyd olunub ki, bu bəyanatı imzalayan siyasi partiyalar, Azərbaycanda 7 noyabr 2010-cu ildə keçirilmiş parlament seçkilərini demokratiya istiqamətində irəliyə doğru mühüm addım hesab edərək aşağıdakıları bəyan edir:
- seçkiöncəsi ölkədə hərtərəfli plüralist ab-hava, demokratik mühit formalaşmış, siyasi partiyaların seçki kampaniyasına qoşulması imkanları təmin edilmiş, seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq namizədlər sərbəst şəkildə qeydiyyata alınıb;
- qeydə alınmış namizədlərə və onların təmsil etdiyi partiyalara seçkiqabağı proqramlarını elan etmək, seçicilərlə görüşərək, öz təşviqatlarını aparmaq üçün bərabər imkanlar yaradılıb. Namizədlərin seçicilərlə sərbəst görüşlər keçirmək və öz təbliğatını mətbuat vasitəsilə ictimaiyyətin diqqətinə çatdırmaq imkanı olub. İctimai televiziyada deputatlığa namizədlərin öz mövqelərini seçicilərə çatdırması üçün pulsuz efir vaxtı ayrılıb, dairələr üzrə bütün namizədlərin debatları təşkil edilıb;
- seçki kampaniyası texniki baxımdan yüksək səviyyədə təşkil olunmuş, prosesin şəffaflığı təmin edilib. Müasir informasiya vasitələrindən geniş istifadə edilib, onlayn rəy sorğuları həyata keçirilib, ölkə praktikasında ilk dəfə olaraq internet səsverməsi təşkil olunub;
- seçki kampaniyasının bütün mərhələlərini, xüsusilə səsvermənin gedişini minlərlə yerli və xarici müşahidəçi, o cümlədən AŞPA, ATƏT-in Parlament Assambleyası, ATƏT – in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, GUAM, Avropa Seçki Müşahidə Akademiyası və TürkPA, həmçinin dünyanın aparıcı KİV nümayəndələri izləyib. Məmnunluq hissi ilə qeyd etmək olar ki, yerli və beynəlxalq müşahidəçilərin böyük əksəriyyəti 7 noyabr parlament seçkilərinin təşkilini və gedişini müsbət qiymətləndirib.
Bəyanatda daha sonra deyilir: "Lakin təəssüflər olsun ki, istər seçkiyə hazırlıq, istərsə də seçkiqabağı fəaliyyətin bütün parametrlərində öz rəqiblərinə uduzduğunu dərk edən bəzi müxalifət partiyaları hələ seçkidən əvvəl bu siyasi kampaniyanı pozmağa yönəlmiş cəhdlər göstəriblər. Seçkilərdən dərhal sonra isə heç bir obyektiv əsas olmadan onlar kampaniyanın demokratik və şəffaf imicinə kölgə salmağa çalışırlar. Biz seçki kampaniyasının gedişini və nəticələrini təhrif etmək yolu tutmuş hərəkətləri pisləyir, bunu demokratik davranış qaydalarına və siyasi mədəniyyət normalarına sığmayan hərəkət kimi qiymətləndiririk. Biz, Azərbaycan Respublikası Milli Məclisində təmsil olunan siyasi partiyalar hesab edirik ki, 7 noyabr parlament seçkiləri azad, demokratik, şəffaf və ədalətli şəraitdə keçirilmiş, Azərbaycan xalqının iradəsini aydın və dəqiq şəkildə ifadə edib. Ölkənin bütün siyasi qüvvələrini və beynəlxalq təşkilatları Azərbaycan Respublikasında keçirilən parlament seçkilərinə və onun nəticələrinə obyektiv qiymət verməyə səsləyirik".
Bəyanatı Yeni Azərbaycan, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Demokratik İslahatlar, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Qurtuluş, Vətəndaş Birliyi, Ədalət və Azərbaycan Sosial Rifah partiyaları imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB