Ali Məhkəmə Eynulla Fətullayevə iş kəsdi və azadlığa buraxdı

Ali Məhkəmə Eynulla Fətullayevə iş kəsdi və azadlığa buraxdı

Azərbaycan Ali Məhkəməsinin növbədənkənar Plenumunda həbsdə olan jurnalist Eynulla Fətullayevlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına baxılıb. SİA-nın xəbərinə görə, Plenum məhkum jurnalistin Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə təqsirləndirilməsinə dair işə baxıb, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını təmin edib və cinayət işlərinə xitam verilməsi barədə qərar qəbul edib.

 

Plenum jurnalistin CM-nin 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə də baxıb.

 

Bu iş üzrə Avropa Məhkəməsinin qəbul etdiyi qərarda hər hansı münasibət olmadığı nəzərə alınaraq, Plenumda dövlət ittihamçısı qismində çıxış edən Baş prokurorun müavini Namiq Əsgərov E.Fətullayevin 2 il 3 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Dövlət ittihamçısı, həmçinin verilən bu cəzanın da onun həbsdə qaldığı müddətlə hesablanmasını, təqsirləndirilən şəxsin həbsdən azad edilməsini istəyib. Plenum E.Fətullayevə 2 il 2 ay müddətinə həbs cəzası verilməsi barədə qərar çıxarıb. Bu da həbsdə olduğu müddətlə hesablandığı üçün E.Fətullayevin həbsdən azad olunması barədə qərar çıxarılıb.

 

Qeyd edək ki, bu il aprelin 22-də Avropa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həbsdə olan jurnalist Eynulla Fətullayevin Azərbaycana qarşı şikayətinə baxıb. Avropa Məhkəməsinin qəbul etdiyi qərarda E. Fətullayev barəsində cinayət işləri üzrə icraat zamanı insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın müddəalarının pozulduğu qeyd olunub və jurnalistin dərhal həbsdən azad edilməsi tələb edilib.

 

Azərbaycan tərəfi isə bu qərarla razılaşmayaraq Avropa Məhkəməsinin Böyük Palatasına şikayət verib. Bundan sonra Avropa İnsan Haqları Məhkəməsi ötən ay Eynulla Fətullayevin Azərbaycana qarşı iddiası ilə bağlı yekun qərarını açıqlayıb. Qərara görə, E. Fətullayev azadlığa buraxılmalı, ona 28 min avro təzminat ödənməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə