“Azərbaycanda gənclərin maarifləndirmə işinin inkişaf perspektivləri” YENİLƏNİB-FOTOLAR
Bu gün Bakı İslam Universitetinin Tələbə Gənclər Təşkilatı və Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycanda gənclərin maarifləndirmə işinin inkişaf perspektivləri” mövzusunda gənclər üçün tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə gənc alim, Bakı İslam Universitetinin kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski açaraq Azərbaycanda gənclərin maarifləndirmə işinin aparılmasının dövlət siyasətinin mühüm sahələrindən biri olduğunu qeyd edib. O, respublikamızda Ulu Öndər Heydər Əliyevin banisi olduğu gənclər siyasətinin davam etdirilməsi istiqamətində müasir cəmiyyətimizin maarifləndirilmə yolu ilə inkişafına, dövlətçiliyimizə və xalqımıza layiqincə xidmət etməyi qarşısına məqsəd qoymuş Azərbaycan gənclərinin ictimai fəallığının yüksək olduğunu bildirib.
Tədbirdə dövlət və ictimai xadimlər, tələbə gənclər təşkilatlarından bir çox dövlət və özəl ali təhsil müəssisələrinin gənc fəalları və mətbuat nümayəndələri iştirak edib. Tədbirin keçirilməsində əsas məqsəd gənclərin təhsil, elm və din sahəsində maarifləndirmə işinin inkişaf perspektivlərinin müəyyən edilməsi, bu sahədə dövlət dəstəyinin təmin edilməsi, Azərbaycan gənclərini birləşdirən gənclər təşkilatlarının rolunun müzakirə edilməsidir.
“SƏS” Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev çıxışında bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünüb, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib: “Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu Öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, onun ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib”.
B.Quliyev əlavə edib ki, müasir Azərbaycan dövlətinin banisi, İslam dəyərlərinə müstəsna qiymət verən Ulu Öndər Heydər Əliyevin xilaskar azərbaycançılıq məfkurəsinin təməlində də milli birlik, dünyəvilik, müasirliklə yanaşı, dini dəyərlərə sadiqlik, mənəvi vəhdət, islami həmrəylik dururdu. Ulu Öndər hər zaman Azərbaycan xalqının inkişafında və düşüncəsində cəmiyyəti müsbət mənada istiqamətləndirən ideya ilə çıxış edib.
Tədbirdə həmçinin gənclər qarşısında YAP Gənclər Birliyi baş ofisinin kordinatoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Şəfəq Əhmədova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov, İlahiyyatçı alim Şahin Həsənli, Azərbaycan televiziya və radio verlişləri QSC-nin baş prodüseri, respublikanın əməkdar mədəniyyət işçisi Hikmət Yaqubov və Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi İctimai Birliyinin prezidenti Tofiq Əlizadə çıxış ediblər.
Natiqlər tədbirin çox mühüm bir mövzuya toxunmasından, eyni zamanda Ulu Öndər Heydər Əliyevin də gənclərə xüsusi olaraq önəm verməsindən, daim gənclərə qayğı ilə yanaşmasından bəhs ediblər. Bundan əlavə olaraq natiqlər Azərbaycanda gənclər siyasətinin qarşısında duran əsas məqsədlər kimi gənclərin maarifləndirilməsi, intellektual səviyyəsinin artırılması, gənclərimizin və yeniyetmələrimizin elmə, təhsilə yiyələnmələrinə nail olunması, sosial fəaliyyətlərinin yüksək olması, onların arasında azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin mənimsənilməsi, dövlət və hökumət strukturlarında geniş təmsil olunması və s. məsələləri vurğulayıblar.
Sonra söz gənclərə verilib. Tədbirdə bir neçə dövlət və ali təhsil müəssisəsindən gənclər çıxış edərək mövzuya öz münasibətlərini bildiriblər.
Sonda “Azərbaycanda gənclərin maarifləndirmə işinin inkişaf perspektivləri” adlı gənclər tədbirinin iştirakçılarının xatirə fotoşəkli çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB