9 jurnalist öldürüldü TERROR

Bu gün səhər saatlarında Əfqanıstanın paytaxtı Kabil şəhərində baş vermiş partlayış nəticəsində həlak olan 29 nəfər şəxsdən 9-u jurnalist olub. SİA xəbər verir ki, bu barədə TOLOnews telekanalı məlumat yayıb. Daha öncə isə bəlli olmuşdu ki, fotomüxbir Şa Marai hadisə nəticəsində öldürülüb. O, Agence France-Presse-nin Əfqanıstandakı fotobürosuna rəhbərlik edib.

Hazırda isə, verilən məlumatlara görə, ölən jurnalistlər arasında TOLOnews-in operatoru, 1TV-nin operatoru və müxbiri, Mashal TV-nin iki əməkdaşı, eləcə də Azadlıq Radiosunun Əfqanıstan bürosunun (Azadi Radio) üç jurnalisti həyatlarını itiriblər.

Qeyd edək ki, hücum xarici ölkələrin nümayəndələrinin və Əfqanıstanın kəşfiyyat idarəsinin yerləşdiyi ərazidə baş verib. Hücumu motosiklda olan intiharçı-terrorçu həyata keçirib.

Eyni rayonda baş verən ikinci partlayış isə hadisədən 20 dəqiqə sonra baş verib. Həmin vaxt oraya fövqəladə xidməti və jurnalistlər axın ediblər. Hadisə nəticəsində 29 nəfər həlak olanlarla yanaşı, 49 nəfər insan da yaralanıb. Yaralananlar arasında da media təmsilçilərinin olduğu bildirilir. Onların kimlikləri müəyyənləşdirilməkdədir.

Terror aksiyasını “İslam Dövləti” terror qruplaşması öz üzərinə götürüb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə