Oktyabr ayında 115 əcnəbinin ölkə hüdudlarından kənara çıxarılması barədə qərar qəbul edilib

Oktyabr ayında 115 əcnəbinin ölkə hüdudlarından kənara çıxarılması barədə qərar qəbul edilib

Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təşkili, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən davamlı olaraq tədbirlər həyata keçirilmiş və oktyabr ayı ərzində müəyyən nəticələr əldə olunub.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, cari ilin oktyabr ayı ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 8.052 müraciət daxil olub.

Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilib.

Həmçinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib. Keçirilmiş tədbirlər nəticəsində 939 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmiş, onlardan 139 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 619 əcnəbi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 115 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib. 66 nəfər əcnəbinin 16 yaşı tamam olmadığından həmin şəxslər inzibati məsuliyyətə cəlb olunmayıb.

Miqrasiya sahəsinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə