Azərbaycan Prezidentinin Türkiyə səfəri nə vəd edir? ŞƏRH

Azərbaycan Prezidentinin Türkiyə səfəri nə vəd edir? ŞƏRH

“Azərbaycan Prezidentinin seçkilərdən sonra ilk səfərinin Türkiyəyə olması təbii qəbul olunmalıdır. Çünki bu, iki qardaş dövlət arasında münasibətlərin nə qədər möhkəm olduğunu sübuta yetirir”. Bunu SİA-ya açıqlamasında siyasi-şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, Azərbaycan Prezidentinin bu səfəri eyni zamanda Azərbaycan-Türkiyə münasibətlərinin bünövrəsində siyasi motivlərdən daha möhkəm dəyərlərin olduğunu sübut edir: “Bura ortaq tarix, din, mədəniyyət eyni soy kökə malik olmaq prinsipləri daxildir”.

Azərbaycan Prezidentinin Türkiyəyə səfər etməsinin çox önəmli olduğunu deyən siyasi-şərhçi söyləyib ki, bu, indiyədək iki ölkə münasibətlərində nəzərə çarpan, vahid mövqeyin bundan sonra da davam etdiriləcəyinin bariz sübutudur.

Azərbaycanla Türkiyənin regionda həyata keçirdiyi mühüm layihələrə toxunan E.Mirzəbəyli qeyd edib ki, bu layihələr nəticəsində hər iki ölkə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan faktora çevrilib: “Azərbaycan-Türkiyə əlaqələri təkcə enerji sektoru ilə yekunlaşmır. O cümlədən nəqliyyat dəhlizlərinin və bütövlükdə iqtisadiyyatın diversifikasiyası istiqamətində ciddi addımlar atılır. Düşünürəm ki, Dövlət başçısı İlham Əliyevin budəfəki səfərində də bu günə qədər həyata keçirilən layihələrin, hər iki ölkənin xarici siyasətində olan ortaq maraqların mövqelərin davam etdirilməsi öndə olacaq, Azərbaycan və Türkiyə bu günə qədər nümayiş etdirdikləri strateji müttəfiqlik pozisiyasını bundan sonra da qoruyub saxlamağa çalışacaq”.

Səfərin Azərbaycan və Türkiyə hərbi müttəfiqliyi istiqamətində ciddi addımların atılmasına öz təsirini göstərəcəyini ümid etdiyini dilə gətirən E. Mirzəbəyli deyib: “Regionda çox önəmli proseslər baş verir. Bu önəmli proseslərin müstəvisində Azərbaycanla Türkiyənin çox intensiv və çevik siyasət yürütməsi regionda baş verən proseslərdən daha da uğurla çıxması lazımdır. Qənaətimə görə hər iki liderin aparacağı müzakirələrdə bu məsələlər gündəmdə olacaq. Ümumilikdə isə bu səfəri bugünkü qlobal siyasi proseslər müstəvisindən tarixi səfər kimi qiymətləndirmək olar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə