Prezident İlham Əliyev Bakı-Ələt avtomobil yolunun yenidən tikilmiş hissələrinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Bakı-Ələt avtomobil yolunun yenidən tikilmiş 4-8-ci kilometrlik və yenidən qurulmuş 8-14-cü kilometrlik hissələrinin açılışında iştirak edib.
SİA-nın məlumatına görə, nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 8 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı"nın icrası ilə əlaqədar "Bakı–Ələt avtomobil yolunun 4-8-ci kilometrliyində Bibiheybət məscidi ilə Bayıl bazarı arasında yolun yeni trasa köçürülməklə yenidən qurulması" və "Bakı-Ələt avtomobil yolunun Bibiheybət–Lökbatan dairəsi sahəsinin yenidən qurulması" layihələri həyata keçirilib.
Layihələrin icrasına 2009-cu ilin mayında başlanıb.
Yolun tikilən birinci dərəcəli 5 zolaqlı hissəsinin uzunluğu 3,5 kilometrdir. Yolun yenidən qurulan 5,7 kilometrlik hissəsi isə 8 zolaqlıdır.
Bu yolun istifadəyə verilməsi respublikanın cənub, cənub-qərb, qərb, mərkəzi aran və şimal-qərb bölgələrindən, həmçinin Astara, Biləsuvar, Qazax və Balakən rayonlarında yerləşən sərhəd məntəqələrindən Bakıya gələn nəqliyyat vasitələrinin paytaxta giriş hissəsində maneəsiz birtərəfli hərəkətlə şəhərə daxil olmasına imkan verəcəkdir.
Prezident İlham Əliyev inşaatçıları təbrik etdi, rəmzi açılışı bildirən lenti kəsdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB