QDİƏT: “Əgər kimlərsə seçkilərə qatılmırsa demokratiyaya zərbə vurmuş olur”

QDİƏT: “Əgər kimlərsə seçkilərə qatılmırsa demokratiyaya zərbə vurmuş olur”

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının müşahidəçiləri prezident seçkilərinin keçirilməsi və nəticələri ilə bağlı mətbuat konfransı keçirib. Tədbirdə çıxış edən qurumun baş katibi Asəf Hacıyev qeyd edib ki, seçkilər demokratik şəraitdə keçirilib və bunu QDİƏT-in müşahidə qrupu da izləyib.

QDİƏT-in müşahidə qrupunun bolqarıstanlı üzvü, Petar Kanev deyib ki, Exit Pollun keçirilməsi və seçkilərdə seçicilərin fəallığı da bu cür qənaətə gəlməyə zəmin yaradır ki, seçkilər demokratik standartlara cavab verib.

Təşkilatın Yunanıstandan olan müşahidə missiyasının təmsilçisi Semyone Kedikoğlu vurğulayıb ki, onlar bu seçkilərdə bir çox nailiyyətlərin şahidi olublar. O, seçki prosesi zamanı müxalifət partiyalarının müşahidəçiləri ilə görüşdüyünü və onların da seçki prosesi ilə bağlı heç bir mənfi fikirdə olmadığını bildirib. Həmçinin qeyd edib ki, seçkidə gənclərin kütləvi iştirakı da onu çox sevindirib. “Əgər kimlərsə seçkilərə qatılmırsa, bu prosesdə iştirak etmirsə, demokratiyaya zərbə vurmuş olur”-deyə yunanlı müşahidəçi qeyd edib.

QDİƏT-in sədr müavini, türkiyəli deputat Ramazan Can da bildirib ki, Azərbaycan Türkiyə üçün qardaş ölkədir və bu ölkədə şəffaf seçkilərin keçirilməsi Türkiyə xalqı üçün də sevindiricidir. O, seçkilərin uğurla başa çatdırılması ilə bağlı Azərbaycan xalqını təbrik edib.

Təşkilatın gürcüstanlı vitse-prezidenti, müşahidə qrupunun üzvü Otar Daneliyə da bildirib ki, onların bir çox məntəqələrdə insanların növbələr gözləməsi və mütəşəkkilliklə səs verməsi demokratik seçki mühitinin məntiqi nəticəsidir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə